Ailədə balaca "qatillər" yetişdirilir

"Gözünü açıb evdə dava, mənəvi və fiziki şiddət görən oğlan uşaqları üçün qadına qarşı şiddət bir növ həyat tərzidir"


Taksi sürücüsü 3 yaşlı oğlunu öyrədir ki, "Anan səni döysə, mənə xəbər elə onun başını kəsim”. Bu o deməkdir ki, ata artıq gələcəyin qatilini hazırlayır

Daxili İşlər Nazirliyi (DİN) 6 il əvvəl baş vermiş qətl hadisəsinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb. 

DİN-dən bildirilib ki, polis və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış ağır cinayətin üstü açılıb.

Məlumata görə, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. 

N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Psixoloqlar bu dəhşətli qətllərin əsasən affekt vəziyyətində törədilə biləcəyini qeyd edirlər. Yəni ağlı başında olan insan öldürdüyü qadınını su hövzəsinə atıb illərlə qətli gizlədəcək dərəcədə qəddarlaşa bilməz. Əgər qəddarlaşıbsa, onu buna məcbur edən olduqca vacib səbəb var. Yaxud sadəcə affekt vəziyyətində olduğundan etdiyi hərəkətin fərqinə varmayıb.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, kişilərin bu cür amansız olması və qəddarlaşması ailədən irəli gələn bir haldır: "Gözünü açıb evdə dava, mənəvi və fiziki şiddət görən oğlan uşaqları üçün qadına qarşı şiddət bir növ həyat tərzidir. Onlar böyüdükcə analarına, bacılarına, həyat yoldaşlarına qarşı aqressiv olurlar. Belə insanlar uşaqlıqda aldığı travmalara görə qadına insan kimi yanaşmırlar. 

Ataları, yaxınları o qədər hər şeyə görə qadını günahlandırıb ki, uşaqlar da böyüdükcə öz səhvlərinin belə günahını qadında görür, şüuraltı qadınlara nifrət edirlər. Qadına olan münasibət dəyişməli, qadının haqları qorunmalıdır. 

Əks halda bu cür "canavarlar" dayanmayacaq. Uşaqları düzgün tərbiyə etmək, onlara yaxşı örnək aşılamaq lazımdır. Taksi sürücüsü 3 yaşlı oğlunu öyrədir ki, "Anan səni döysə, mənə xəbər elə onun başını kəsim”. Bu o deməkdir ki, ata artıq gələcəyin qatilini hazırlayır. 

Düzdür, ata bu sözü oğlunu əzizləmək məqsədi ilə deyir. Lakin istənilən halda uşaqları bu ruhda tərbiyə etmək təhlükəlidir. Artıq o uşağın şüuraltında formalaşır ki, qadının başını kəsmək məqbuldur. O qədər üstü açılmayan cinayətlər, mənəvi-psixoloji, fiziki şiddətə məruz qalan qadınlar, bir də o ailələrdə böyüyən uşaqlar var. O uşaqlar böyüdükcə qadına qarşı şiddət də zəncirvari davam edəcək”.

Şəymən