Yazıçı “Oxu günü” kampaniyasına dəstək verməyə hazırdır

"Onsuz da biz mütaliə, oxu mədəniyyətinə görə Avropa ölkələrindən 400-500 il geri qalmışıq"



Təhsil naziri Ceyhun Bayramov "Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi "Oxu günü” tədbiri keçiriləcək.

Əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar "Oxu günü” çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək "Oxu günü” ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir.

"Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılacaq, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil ediləcək. Şagirdlərin iştirakı ilə məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatlarının keçirilməsi, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, məktəblərdə "Oxu günü”nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxılması, şagirdlərin rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulur.

Əmrdə, həmçinin aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev) məktəblərdə anım günlərinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında şagirdlərə məlumatlar verilməsi öz əksini tapıb.

Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə əlaqədar məktəblərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət "Poeziya günü” təşkil ediləcək, habelə tanınmış yazıçılar və ədəbiyyatşünas-alimlərlə görüşlər keçiriləcək.

Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli orta məktəblərdə "Oxu günü” tədbirinin keçirilməsi haqqında imzalanan əmrin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, nazirin bu tapşırığı dəyərli və əhəmiyyətli bir qərardır. Belə də olmalıdır: 

"Onsuz da biz mütaliə, oxu mədəniyyətinə görə Avropa ölkələrindən 400-500 il geri qalmışıq. Tez-tez orta məktəb şagirdləri ilə görüşlərim olur. Eyni zamanda əsərlərim 5-7-ci sinif şagirdlərinə tədris olunur. Bu yaxınlarda Cocuq Mərcanlı kənd məktəbində şagirdlərlə görüşüm oldu. Heydər Əliyev liseyinin şagirdləri ilə vatsap vasitəsilə canlı bağlantım oldu».

Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən yazıçı bu prosesə dəstək verməyə, dəvət olunacağı təqdirdə "Oxu günü” kampaniyasına qoşulmağa hazır olduğunu deyib: 

"Mütaliə uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Bu cür tədbirlər şagirdlərdə oxu zövqünü formalaşdırmaqla bərabər özlərinin inkişafına marağı da artırır. Həmçinin müxtəlif sahələrdə biliklərini dərinləşdirir, tədqiqat fəaliyyətini yüksəldir və inkişaf etdirir”.

Şəymən