Hüquq müdafiəçilərinin siyahısında olanlar da əfv olunacaq

"Nə qədər çox insan öz azadlığına qovuşsa, bir o qədər də biz sevinəcəyik"



"Konstitusiya” Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Novruz bayramı ərəfəsində əfv veriləcəyinə dair gözləntiləri olduğunu deyib.
Komissiya üzvünün sözlərinə görə, əfv prezidentin konstitusion səlahiyyətlərinə daxil olduğundan konkret olaraq nə vaxt verilməsi də onun tərəfindən müəyyənləşdirilir: "Biz əfv barədə qərarın olacağını istisna etmirik. Hazırda Əfv Məsələləri Komissiyasının müntəzəm olaraq iclasları keçirilir, müraciətlərə baxılır. Əvvəlcədən nə qədər insanın əfv olunacağını söyləmək doğru olmaz” .

Ə.Nuriyev hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib: "Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq əfv sərəncamı imzalayır. Söhbət kiminsə "siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır”.

Qeyd edək ki, Əfv Komissiyasının ötən gün keçirilən iclasında 400-dək müraciətə baxılıb və onların əksəriyyəti haqqında müsbət rəy verilib.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı da İşçi Qrupu olaraq mütəmadi yığışdıqlarını və aidiyyəti dövlət strukturları ilə də əlaqələrini saxladıqlarını deyib: 

"Uzun illər belə bir ənənə formalaşmışdı ki, həm Yeni ildə, həm də Novruz bayramında əfv verilirdi. Bizlər və azadlığa çıxan məhbusların ailələri sevinirdi. Nəticədə siyahımızdakı adlar da azalırdı”. 

Hüquq müdafiəçisi bu dəfə əfv sərəncamı imzalanacağı halda siyasi məhbus adlandırılanların azadlığa çıxmasının arzuolunan olduğunu deyib: 

"Azərbaycan üçün vacib məsələlərdən biri də siyasi motivlərlə həbs olunan insanların azadlığa çıxma məsələsidir. Çox istərdik ki, prezident fərmanı imzalayarkən köhnədən qalan siyasi məhbus adlandırılan şəxslərin də adlarını ora əlavə etsin. Nə qədər çox insan öz azadlığına qovuşsa, bir o qədər də biz sevinəcəyik. Şəxsən mən heç zaman ümidimi itirmirəm. Arzu edərdim ki, siyahımızda olan məhbusların hamısı azadlığa buraxılsın. Məsələ ilə bağlı İşçi Qrupunun geniş tərkibdə iclasının keçirilməsi nəzərdə tutulub”.

Şəymən