Həqiqətən elektron KİV-lərdə mənfi hallar normadan artıq işıqlandırılır
"Əlbəttə, bütün bunların auditoriyaya, xüsusən də gənclərin psixologiyasına mənfi təsiri var"
Parlamentin dünənki iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova illik məruzəsini təqdim edib.
Ombudsman illik məruzəsində jurnalistləri də tənqid edib: "Müxtəlif məqsədlər naminə vətəndaşları təhdid edən, öz sənətinə qeyri-peşəkarlıqla yanaşan və məsuliyyət hissi olmayan bəzi qeyri-peşəkar jurnalistlər tərəfindən mətbuatda nəinki həqiqətə uyğun olmayan, hətta şantaj, rüsvayedici və böhtan xarakterli yazıların dərc edilməsi peşə etikasına zidd olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinin pozulmasıdır. Mətbuatda, xüsusilə də elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə zorakılığı nümayiş etdirən, xüsusilə uşaqlar və qadınlar barədə "görüntülü”, bir çox hallarda saxta məlumatlardan istifadə edilməsi yolverilməzdir.
Bu məlumatlar ictimai qınaqlara səbəb olsa da, zorakılığın təbliğinə də yol açır. Belə məlumatların oxucu cəlb etmək məqsədilə elektron informasiya resursları tərəfindən yayımlanması, habelə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi, insanların şərəf və ləyaqətinin alçaldılmasına, şəxsi və ailə həyatına müdaxiləyə, ailələrin dağılmasına, cinayətlə nəticələnən məişət zorakılığına, insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olur”.
Müvəkkil vurğulayıb ki, fikir və söz azadlığı digər şəxslərin hüquqlarına hörmət ruhunda həyata keçirilməlidir:
"Hər bir şəxs, o cümlədən jurnalistlər kütləvi informasiya vasitələrində öz fikir və düşüncələrini ifadə edərkən və ya hansı məlumatı yayarkən mətbuat azadlığı ilə yanaşı, insanların şərəf və ləyaqət hüququna, işgüzar nüfuzuna hörmətlə yanaşmalı, baş verən istənilən hadisəni obyektiv təhlil etməli, əldə etdiyi informasiyanı qərəzsiz və düzgün təqdim etməlidirlər.
Mətbuat-vətəndaş münasibətlərində ortaya çıxan problemlər bir daha göstərir ki, peşəkarlığın və məsuliyyət hissinin artırılması, jurnalist etikasına riayət edilməsi yönümündə aparılması zəruri olan tədbirlər mövcud çatışmazlıqların aradan qaldırılmasında mühüm vasitədir. Bu baxımdan, əlaqədar dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının jurnalistlərin peşəkarlığının artırılmasına istiqamətlənən treninq və seminarlara cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
Tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli "Şərq”ə açıqlamasında ombudsmanın fikirləri ilə razılaşdığını bildirib. Ekspertin sözlərinə görə, elektron KİV-lərdə zorakılığın təbliğ olunması barədə hər zaman mətbuatda müzakirələr aparılır:
"Hətta ictimaiyyətin müxtəlif nümayəndələri, mütəxəssislər də elektron KİV-lərdə neqativ məlumatların yayıldığını bildiriblər. Həqiqətən də ölkəmizdəki elektron KİV-lərdə mənfi hallar normadan daha çox işıqlandırılır. Əlbəttə, bütün bunların auditoriyaya, xüsusən də gənclərin psixologiyasına mənfi təsiri var. Düşünürəm ki, bununla bağlı müəyyən işlər görülməlidir. Elektron KİV-lərin baş verənlərdən nəticə çıxaracağına əmin deyiləm. Amma hər halda məsələyə parlament səviyyəsində rəy verilməsinin ciddi əsasları var”.
Yeganə Bayramova