İki məhbusun ölümü araşdırılır

Novella Cəfəroğlu deyib ki, dolğun açıqlama veriləcək


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında ölüm hadisəsi baş verib. Müəssisədə saxlanılan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Xudaverdiyev Namiq Vəli oğlu qəfil vəfat edib. Onun səhhətində hər hansı problemin olmadığı, qəfil keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Həbsxanada vəfat edən N.Xudaverdiyev keçən ilin martında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən saxlanılıb. O, Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinib.

Qeyd edək ki, Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında da ölüm hadisəsi baş verib. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqda şübhəli bilərək saxladığı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev müəssisədə vəfat edib.

Gecə saat 02 radələrində yerləşdirildiyi kamerada 55 yaşlı Ş.Musayevin meyiti tapılıb. Onun öz əcəli ilə öldüyü məlum olub.

Baş verənlərlə bağlı "Şərq”ə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu hazırda hər iki ölüm hadisəsi ilə bağlı araşdırma aparıldığını deyib: 

"Ola bilsin ki, məhbusların səhhətində problem yaşanıb və məhbuslara diqqət yetirməyiblər. Əgər onlar xəstə olublarsa, niyə zamanında müayinələrdən keçirilməyiblər? Ona görə də məsələ ilə bağlı daha dəqiq məlumatı araşdırmalardan sonra deyə bilərik. Elə hüquq müdafiəçiləri var ki, hüquqdan başları çıxmır. Lakin biz baş verənləri araşıdırıb müəyyən nəticəyə gəldikdən sonra daha dolğun açıqlama verəcəyik”.

Yeganə Bayramova