Azərbaycan universitetləri “qayıb” sistemini ləğv edə bilərmi ? - “Boloniya”nın tələbi...

Tələbələrin univeristet həyatında gileyləndiyi yeganə məqam, qayıbların yazılmasıdır, bəlkə də. Boloniya sisteminə görə, tələbələr universitetdə məcburi saxlanılmır. Onlar istənilən vaxt mühazirələrə gələ, semestrin sonunda isə imtahanlarını verə bilərlər. Lakin Azərbaycanda fəaliyyət göstərən universitetlər Boloniya sisteminə keçsələr də, tələbə dərsə gəlməyəcəyi təqdirdə ona qayıb yazılır və dərs saatına uyğun qoyulan limiti keçərsə, ali məktəbdən qovulur.
Maraqlıdır, Avropa ölkələrinin əksəriyyətinin keçdiyi Boloniya təhsil sistemində tələbələrə dəsrdən iştirak etmədiklərinə görə, qayıb yazılmırsa, bəs bu hal bizim ali təhsil müəssisələrimizdə niyə tətbiq olunur ?
Sualımızı cavablandıran tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Sherg.az”a bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən bütün universitetlərdə təhsil və tədris Boloniya sistemi ilə həyata keçirilir.
Ekspertin sözlərinə görə, Boloniya sistemi tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir:
"Amma nədənsə bizim universitetlərimizdə bu sistemin də "Azərbaycan versiyası” yaradılıb. Tələbəyə sərbəstlik verilmir. Hazırda Azərbaycan Universitetlərində qayıb limiti hər fənn üzrə 25% olduqdan sonra dərs saatı - Qayıb limiti (1 qayıb 2 saatdı) 30 saat - 3 q/b 45 saat - 5 q/b 60 saat - 7 q/b 75 saat - 9 q/b 90 saat - 11 q/b 105 saat - 13 q/b 120 saat - 15 q/b.
Digər problem universitetlərimizdə tələbələrə ancaq nəzəriyyənin öyrədilməsidir. Özü də öyrədilən nəzəriyyələr sovetdən qalmadır. O ideyalarla tələbələrə dərs keçilir. Axı nəzəriyyə ilə məsələ həll olunmur. Nəzəriyyə bizi istiqamətləndirə bilər, amma oxuduğumuz vaxt topladığımız praktika bizə daha geniş imkanlar açır. Amma bu gün tələbələrimiz elə məhz bundan əziyyət çəkir. Belə ki, universiteti qurtaran tələbələr iş arxasınca getdiyi zaman onun nəzəri biliyi yox, təcrübəsi əsas götürülür. 
Misal üçün gənclər jurnalistika fakültəsində oxuduğu zaman topladıqları nəzəri təcrübə qapısını döydükləri iş yerlərində heç bir işə yaramır. Əsas təcrübə zamanı topladıqları biliklər önə çəkilir.
 Tələbə həvəsə düşüb sujet çəkmək istədikdə isə deyilir: "kameranı universitet daxilindən çıxartmaq olmaz. Burada gördüyünüz bir şeylər barədə nə çəkirsinizsə çəkin”. Tələbənin yaradıcılıq imkanları daralır. Hesab edirəm ki, bütün bu problemlər sovetdanqalma idealogiyanın hələ də universitetlərimizdə qalmasıdır”.
Yeganə Bayramova