“S-400-lər düşmənin canına vəlvələ salıb” – “Xain xoflu olur”





Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər. Məlumata görə, Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az”a bildirib ki, Azərbaycan və Türkiyə ilə bağlı istənilən məlumat düşmənin canına vəlvələ salır.

Ekspertin sözlərinə görə, yəqin ki, bu məlumatdan sonra günün ikinci yarısında ermənilər böyük hay-küy qaldıracaqlar:

"Azərbaycan bu olanlardan bir qədər yararlanmalıdır. Onsuz da Ermənistan tərəfi Rusiyanın Türkiyə ilə olan bəzi addımlarından narazılıqlarını dilə gətirirdi. Sözsüz ki, ermənilər bu olanların özlərinə qarşı yönəldiyini deyəcəklər. Necə istəyirlər elə də desinlər. Azərbaycanla Türkiyə qardaş dövlətdir və istənilən qərarı verə bilərlər. 

Raket komplekslərinin müvəqqəti yerləşdirməsinə gəlincə, yəqin, son vaxtlar Tükiyə NATO ilə arasında yaranmış gərginliyi tam səngitmək üçün belə qərar qəbul edib. Qərara hörmətlə yanaşmağın tərəfdarıyam. Düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Çünki Türkiyənin mövqeyi qətiyyətlidir. 

Deyirlər ki, "xain xoflu olur”. Ona görə də ermənilər hər zaman narahat olublar. Onlar narahat olmamaq üçün işğal etdikləri ərazilərimizi tərk etməlidirlər. Azərbaycan da dağıdılmış və viran olunmuş əraziləri bərpa etməlidir. Düşmənin ərazisi ilə bağlı hansısa iddiamız olmayıb. Düşünürəm ki, Qarabağ məsələsi həll olunandan sonra vətəndaşlarımız tam şəkildə öz ərazilərimizə qayıdacaqlar”.

Yeganə Bayramova