Sakinlər uşaqlarını həyətə buraxmırlar

Təmir məqsədi ilə quraşdırılan dəmir konstruksiyalar oğrulara əsl nərdivan rolunu oynaya bilər
Yaşayış binalarının fasadının yenidən qurulması ənənəyə çevrilib. Təbii ki, bu, müsbət haldır. 30-40 il əvvəl tikilmiş, Bakı küləyinin, yağışın-qarın sifətini qaraltdığı binalar təmizlənir. Yeni üzlük daşlar sayəsində binaların da üzü gülür. Nəticə yaxşıdır, amma, diqqət yetiriləsi nüanslar da var.
Məsələn, təmir və yenidənqurma işləri zamanı ətrafın toz-dumana bürünməsi, sakinlərin rahatlığının pozulması, mənzillərin üzlük daşların tozuna qərq olması, bu ağ tozun da ciyərlərə "axması”, həmçinin də təhlükəsizlik qaydalarına riayət edilməməsi sakinlər arasında bəzən haqlı
narazılıqlar yaradır. Paytaxtda az təmir-tikinti meydançası tapılar ki, orada təhlükəsizlik qaydalarına riayət edilmiş olsun. Fasad hissə yenilənərkən adətən, binalar germetik örtüklə qapadılmır. Bu da zərərli toz hissəciklərinin ətrafa yayılmasına və bina sakinləri ilə yanaşı, keçib-gedənlərin də nəfəs yollarına nüfuz etməsinə səbəb olur. Binaların qarşısı xüsusi vasitələrlə qapadılmadığından insanlar başlarına yuxarıdan hər cür tikinti materialının düşə biləcəyindən ehtiyatlanırlar. Sakinlər təmir işləri aparılır deyə, uşaqların həyətə düşüb oynamasına da icazə vermirlər. Uşaqların təhlükəsizliyinə görə narahat olurlar.
Sakinlərin narazılığına daha biri də əlavə olunub. Yenilənmə işləri aparılan binaların sakinləri fəhlələr üçün ayaqaltı məqsədilə quraşdırılan dəmir konstruksiyaların oğrular və soyğunçulara əsl nərdivan rolunu oynadığı fikrindədirlər.
Dərinə varılsa, sakinlərin narahatlığının əsassız olmadığı görünər. Bütün bina boyu quraşdırılmış dəmir konstruksiyaların üzəri ilə istənilən mənzilə daxil olmaq mümkündür. Xüsusən də o halda ki, mənzillərin eyvanları, pəncərələrin, eyvanların dəmir barmaqlıqları da sökülmüş vəziyyətdədirsə. Paytaxtda belə binalar kifayət qədərdir.
Dünən, təsadüfən, şəhər sakininin bu haqda narahatlığını dilə gətirməsinin şahidi olduq. Orta yaşlı bir kişi "Belə də iş olar, bu dəmirləri quraşdırırlar, şənbə, bazar günləri də çıxıb gedirlər. Evimizi qoyub getməyə qorxuruq ki, oğru elə bu dəmirlərin üstü ilə mənzillərə girər. Asan yoldur, açıq qapıdır da...”
Görəsən, dəmir konstruksiyalar quraşdırılarkən bu vacib detal nəzərə alınırmı? Həm də təkcə oğru sarıdan, qorxu baxımından yox, lap elə uşaqların dəmir konsturksiyalardan yelləncək, dartınma vasitəsi kimi istifadə olunacağı da. Bu da real təhlükədir.
Mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Vüqar Tofiqli qeyd etdi ki, ilk baxışda bəlkə də əhəmiyyətsiz nəzərə çarpan məsələlər əslində ciddi diqqət və nəzarət tələb edir:
- Binaların fasad hissəsində aparılan təmir-yenidənqurma işləri ilə bağlı konkret normativ sənədlər yoxdur. Bu işlər aparılarkən də tikintidə ümumi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Təbii ki, burada fəhlələrin təhlükəsizliyi ilə yanaşı, sakinlərin təhlükəsizliyi, onların əmlakının qorunması da vacib məsələdir. Binaların fasadının təmiri və üzlənməsini konkret podratçı şirkətlər icra edir. Bakı Şəhər İcra hakimiyyəti bu şirkətlərlə müqavilə bağlayır. Müqavilə şərtlərində də bütün bu təhlükəsizlik və məsuliyyət məsələləri də əksini tapmalıdır və yəqin ki, tapır da. Təmir və yenidənqurma işləri aparılan binada baş verəcək hər hansı hadisəyə görə, podratçı şirkət cavabdehdir. Podratçı şirkət təkcə fəhlələrin deyil, sakinlərin də təhlükəsizliyini təmin etməlidir. O cümlədən sakinlərin əmlakına ziyan dəyəcəksə, təzminatı da podratçı şirkət ödəməlidir. Adətən icraçılar təhlükəsizlik xidmətindən istifadə edirlər. Şahidi oluruq ki, həyətdə keşikçi, mühafizəçi var. Bəlkə də bu, daha çox tikinti materiallarının mühafizəsi üçündür, amma hər halda mühafizəçilər olur. Bu mühafizəçilərin sakinlərin mənzillərini nə dərəcədə qoruduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, eyvanlar və ya eyvanların qapıları sökülübsə, pəncərələrin dəmir barmaqlıqları çıxarılıbsa, onların dəyişdirilməsi işi gedirsə, mənzillərin təhlükəsizliyi də təmin edilməlidir. Dəmir konstruksiyalar bu halda oğru və soyğunçular üçün əsl nərdivan rolunu oynaya bilər, amma gəlin, dəlinin yadına daş salmayaq da!.. İstənilən halda binalar mühafizə olunmalıdır, bu, iş icraçılarının üzərinə düşən vəzifədir, onlar buna görə məsuliyyət daşıyırlar.
V.Tofiqli qeyd etdi ki, binaların fasadı yenidən qurularkən sakinlərə az ziyan dəymir. Təmir işləri aylarla davam edir, ətraf toz-torpağın içində olur. Binada yaşayanlar arasında yaşlı, cavan, uşaq, xəstə olanları var. Belə vəziyyətdə xüsusən də toza qarşı allergiyası olan insanlar əziyyət çəkir. Amma əhaliyə dəymiş ziyana görə kompensasiyanın ödənməsi ilə bağlı qanunvericilikdə boşluqdur:
- Məncə, burada əhaliyə dəyən ziyana görə kompensasiya ödənməlidir. Amma bunu dəqiqləşdirmək lazımdır ki, hansı yöndən; sakinlərə dəyən mənəvi ziyana, ya səhhətə dəyən zərərə görəmi, yoxsa sahibkarlıq fəaliyyətinə mane olunduğuna görəmi. Çünki binaların əksəriyyətinin alt mərtəbələrində müxtəlif şirkətlərin ofisləri yerləşir. Təmir işlərinə görə, şirkətlər maddi zərər çəkə bilər. Bunlar çox vacib məsələlərdir. Düzdür, hamımıza xoş gəlir ki, binalar təmir olunur, şəhər gözəlləşir, amma məsələnin başqa tərəfləri də var. Məncə, sakinlərə ziyan dəyməsi məsələsi hüquqi həllini tapmalıdır, bu məsələ ictimai müzakirəyə çıxarılmalı və normativ qaydalar müəyyənləşməlidir. İş hansı qurum tərəfindən aparılırsa, kompensasiyasını da o, ödəməlidir. Başqa bir təcrübə də var ki, bu da təmir işləri aparılan binanın sakinlərin başqa, təhlükəsiz bir yerə köçürülməsidir. Məsələn, "Heydər Əliyev” prospektindəki binalarda yenidənqurma işləri aparılarkən sakinlər başqa binaya köçürüldülər, onlara konkret kirayə haqqı da ödəndi. Binaların təmiri başa çatdıqdan sonra isə sakinlər öz mənzillərinə qayıtdılar. Ən yaxşı variant, məncə, budur. Yoxsa, aylarla təmir işi gedir, sakinlər də ziyan çəkir. Hətta ay nədir, illərlə davam edən təmir işləri olur. Təsəvvür edin ki, Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki, Zorge parkı tərəfdə, bir binada yenidənqurma işləri artıq 1 ildən çoxdur davam edir. Əlbəttə, belə vəziyyət sakinlərin narazılığına səbəb olacaq. Yaxşısı budur, sakinləri müvəqqəti başqa bir yerə köçürsünlər, arxayın işlərini görsünlər. Ofis rəhbərlərini də xəbərdar etsinlər. Heç kim də ziyan çəkməsin. Ən əsası isə təhlükəsizlik qaydalarına riayət edilməsidir. Əmək müfəttişliyi də, mühafizə sistemi də bu işlərə nəzarəti gücləndirməlidir.
Məlahət Rzayeva