Bunu Koçaryan da bilir, Sarkisyan da, Paşinyan da
Ermənistanın ikinci prezidenti Robert Koçaryan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanatı şərh edib. Koçaryan bildirib ki, Amerika səfirinin bəyanatı onun şəxsi fikri və mövqeyi deyil, birbaşa Vaşinqtonun yanaşmasıdır. Eks-prezidentin sözlərinə görə, Amerikanın Ermənistandakı növbəti səfiri də bu cür bəyanat verəcək: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ATƏT-in Minsk Qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədirlər”.
Eyni zamanda Koçaryan vurğulayıb ki, bütün hallarda qərarı siyasi hakimiyyət verməlidir və bu qərar populyar olmayacaq. Yəni Koçaryan faktiki olaraq etiraf edir ki, münaqişəni Ermənistan nə qədər uzatmağa cəhd göstərsə də, nəticə etibarı ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qərar verilməlidir. Əks təqdirdə, proseslər İkinci Qarabağ müharibəsinin başlaması istiqamətində inkişaf edə bilər. Bu da Ermənistan üçün uğurlu heç nə vəd etmir. Prinsip etibarilə Koçaryanın söylədiklərinin alt qatında duran məqam budur. Eyni zamanda Koçaryanın açıqlamasından da məlum olur ki, bu günə qədər erməni siyasi rəhbərliyinin cəmiyyətə hansı bəyanatlar verməsindən asılı olmayaraq, həm Koçaryan, həm Sarkisyan, həm Paşinyan dövründə Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi hər zaman danışıqların predmeti olub. Bu baxımdan Koçaryan faktiki olaraq, öz prezidentliyi dövrü də daxil olmaqla, rəsmi şəxslərin erməni cəmiyyətinə yalan danışdığını açıq şəkildə etiraf edir.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyevin sözlərinə görə, Koçaryanın həbsi bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Onun fikrincə, həbsin motivinin anti-konstitusion hərəkət kimi təqdim olunması, Koçaryanın yenidən siyasətə qayıdışını əngəlləmək məqsədi güdür:
"Koçaryan öz növbəsində Paşinyanı təslimçilikdə və Dağlıq Qarabağı Azərbaycana güzəştə gedəcəyi arqumenti ilə sıxışdırmağa cəhd edir. 10 il öncə hakimiyyətin təhvil-təslim prosedurasında Koçaryanın məsuliyyət daşıdığı 1 mart hadisələri baş verdi. Güc strukturlarına nəzarət edən Serj Sarkisyan hakimiyyətin "Qarabağ klanı”nın əlindən getməməsi üçün küçələrə çıxaraq saxta seçkilərə etiraz edən xalqın gülləbaran edilməsində birbaşa iştirak etdi. Koçaryanın Qarabağ problemi ilə əlaqəli olması onun bu dalğada hakimiyyətə gəlməsi ilə əlaqədardır. O vaxt "Miatsum” hərəkatının rəhbərliyindən Ter Petrosyanın diqqətini çəkən Koçaryan İrəvana baş nazir postuna gətirildi və bununla da hakimiyyət zirvəsinə yolu açıldı. Hazırda Koçaryan köklü ermənistanlı sayılan Paşinyanı Qarabağı Azərbaycana güzəştə gedəcəyi ilə ittiham edir. Əslində həm Petrosyan, həm də Paşinyan çox gözəl başa düşürlər ki, ən azından işğal olunmuş 7 rayonun geri qaytarılması zamanın tələbidir. Onu da dərk edirlər ki, özləri könüllü olaraq rayonlarımızı azad etməsələr, sonradan daha çox güzəştə getməyə məcbur ediləcəklər. Petrosyanın hakimiyyəti dövründə problemin mərhələli həlli və 7 rayonun işğaldan azad olunması gündəmdə olduğu halda Koçaryanın planı əsasında parlamentdə terror hadisəsi törədildi və sülh danışıqlarında fasilə yarandı. Bundan sonra hakimiyyətə gələn Koçaryanın özü də vəziyyəti qiymətləndirərək torpaqların mübadiləsi təklifi ilə çıxış etdi. Lakin proseslər nəticə vermədi”.
Analitik bildirib ki, hazırda ən optimal variant "Madrid prinsipləri”dir: "Danışıqlar zamanı iki tərəf də bu plana yox deməyiblər. Koçaryanın Paşinyana hücumunun əsasında "Madrid prinsipləri”nin həyata keçməsinin mümkünlüyü dayanır.
Koçaryanın bəyanatındakı notlar əslində həqiqəti əks etdirir. İndiyə qədər danışıqların mahiyyətinin ictimaiyyətə tam açıqlanmamasının kökündə Ermənistanın ilkin şərt olaraq "5+2” rayonu geri qaytarmasına məhkum olmasıdır. Çünki bütün böyük dövlətlər və beynəlxalq qurumlar sülhün yaranmasında əsas amil kimi bu rayonların geri qaytarılmasında görürlər. İndiki durumda Koçaryan öz mövqelərini gücləndirməyə çalışır. Onun arxasında dayanan məlum qüvvələr də siyasi riyakarlığını davam etdirirlər”.
İsmayıl