“70 ildir müttəfiq ölkələrdir”

Fərrux Məmmədov: “Ərdoğanın tənqidinə baxmayaraq, ABŞ hər zaman Türkiyənin yanındadır”
“Çünki Ağ Ev gözəl anlayır ki, Türkiyə çökərsə və ya parçalanarsa, bu proses Amerika və Avropa üçün çöküşün başlanğıcı olar”



Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi, rəsmi Ankara ilə Moskva arasında gərginləşən münasibətlər və son olaraq Rusiya-ABŞ arasında əldə olunan Suriya razılaşması dünya gündəmində müzakirə olunan əsas məsələlərdir. Xatırladaq ki, ABŞ atəşkəs razılaşmasını rəsmən təsdiqləyib. Suriya müxalifətinin nümayəndələri də atəşkəs razılaşmasını qəbul ediblər, amma bəzi şərtlərlə.

Suriya müxalifətinin danışıqlar üzrə ali komitəsi bəyan edib ki, atəşkəs mühasirələrin götürülməsi, məhkumların azad edilməsi, mülki şəxslərin və humanitar yardım karvanlarının atəşə tutulmasının dayandırılması ilə müşayiət olunmalıdır. Atəşkəs rejiminə dair sazişi Türkiyə də dəstəkləyib. Bununla belə, rəsmi Ankara vurğulayıb ki, Türkiyə öz sərhədlərini təhdidlərdən qorumaq hüququnu özündə saxlayır. Suriya Prezidenti Bəşər Əsəd isə Rusiya Prezidenti Vladimir Putinin tövsiyələrindən, sadəcə birini yerinə yetirib. O, aprelin 13-nə parlament seçkiləri təyin edib. Atəşkəs sövdələşməsi İŞİD və "ən-Nüsra cəbhəsi” kimi terror təşkilatlarına aid edilməyib. Baş verən proseslərlə bağlı "Şərq”in suallarını NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov cavablandırıb.

- Fərrux bəy, Ankaradakı məlum partlayışdan sonra müxtəlif versiyalar gündəmə gəldi. Partlayışla bağlı sizin görüşləriniz nədir?

- Türkiyədə baş verən bütün terror aktlarının səbəbi eynidir. Məqsəd, Türkiyənin regionda güc və söz sahibi olmasının qarşısını almaqdır. Bütün provokativ addımlar buna hesablanıb. Daxildə qarışıqlıq yaradaraq, fikirləri Türkiyənin daxilinə çəkmək və Suriya məsələsində öz siyasətlərini yürütmək istəyirlər. "Bu tip terror aktlarının arxasında kim dura bilər” sualına cavab çox sadə və açıqdır. Kim və hansı dövlətlər partlayışdan faydalana bilərsə, məhz onlar durur. Suriyada öz istəklərini yerinə yetirmək və varlıqlarını sürdürə bilmək üçün Rusiya və digər dövlətlər birbaşa və dolayı yolla mübarizə aparırlar. Bir neçə dövlətin xüsusi xidmət orqanları bu terror aktını həyata keçirə bilərlər. Əgər Əsəd devrilərsə, o zaman Rusiya Suriyanı və bütünülüklə Yaxın Şərqi tərk etməli olacaq. Heç kimə sirr deyil ki, Rusiya "Hizbullah” və "Hamas”a dəstək verir. Bu dəstək həm maliyyə, həm də lojistikdir. Suriyanın çökməsi "Hizbullah” və "Hamas”a gedən yardımın böyük hissəsinin kəsilməsi deməkdir. Bu səbəbdən, Rusiya və onun müttəfiqləri birbaşa iştirakçı olmasalar da, PYD və digər adlarla fəaliyyət göstərən terror qruplaşmalarına sifariş verərək terror törədə bilərlər. Bütün bunları analiz edərkən görürük ki, Rusiya və onun müttəfiqi bu məsələdə ən çox şübhəli bilinən dövlətlərdir.

- Bir iddiaya görə, terror hadisəsində məqsəd Türkiyəni Suriyaya çəkmək, digər versiyaya görə isə əksinə, bölgədən uzaqlaşdırmaq və qorxutmaqdır. Sizcə, terroru həyata keçirən güclər öz istəklərinə nail olacaqmı?

- Türkiyəsiz regionda hər hansı sülhün mümkünlüyünü iddia etmək düzgün siyasi fikir deyil. Türkiyə Aralıq dənizində, Qara Dənizdə, Qafqazda, ərəb coğrafiyasında, hətta Yaxın Şərqdə söz sahibidir. Bu ölkəni yox saymaqla, bu coğrafiyada hansısa siyasi uğur qazanmaq mümkünsüzdür. Türkiyə haqlı olaraq Suriyadakı rejimin getməsində maraqlıdır. Çünki bu proseslərdən ən çox əziyyət çəkən, məhz Türkiyədir. İki milyon yarım qaçqını öz ərazisində saxlayan da Türkiyədir. Bu baxımdan, Ankara hökuməti münaqişənin hansısa formada çözümünü istəyir. Terroru törədən tərəf düşünür ki, onlar Türkiyəyə mesaj verdilər və Türkiyə geri addım atdı. Əslində belə deyil. Bu kimi hadisələr cəmiyyətlə dövləti daha da biri-birinə sıx bağlayır və dövlətin nüfuzunu gücləndirir. Digər tərəfdən, terror hadisəsi provakasiya da ola bilər. Türkiyə dövləti çox ehtiyatlı davranmalıdır. Suriya bir uçurum və bataqlıqdır. Bu bölgəyə yardım olmadan tək girmək, məhv olmaq deməkdir. Rəhbərlik son dərəcə ehtiyatlı olmalıdır.

- Türkiyə bölgədə apardığı mübarizədə Qərb dövlətlərinin, NATO-nun dəstəyini kifayət qədər ala bilirmi? Bir müddət əvvəl Prezident Ərdoğan ABŞ rəhbərliyinə üzünü tutaraq mövqelərində seçim etmələrini tələb etdi.

- Türkiyə 70 ildən artıqdır ki, Amerika ilə müttəfiqdir. ABŞ-Türkiyə münasibətləri çox sıx və güclüdür. Kimsə bunun əksini iddia edirsə, deməli siyasi savadsızdır. Yaxın Şərq, İran, terrorizmlə mübarizə, İsrailin təhlüksizliyi və başqa bir çox məsələlərdə iki ölkə daim biri-biri ilə sıx əməkdaşlıq edib. 1953-cü ildə Türkiyənin NATO-ya alınmasının da səbəbkarı ABŞ olub.
Amerika yaxşı bilir ki, regionda Türkiyə olmadan heç bir proses həyata keçməyəcək. Səbəb isə Türkiyənin islamın lokomotivi olmasıdır. Bu baxımdan, Ərdoğanın hansısa təkidinə və tənqidinə baxmayaraq, Amerika hər zaman Türkiyənin yanındadır və yanında da olacaq. Çünki Ağ Ev gözəl anlayır ki, Türkiyə çökərsə və ya parçalanarsa, bu proses Amerika və Avropa üçün çöküşün başlanğıcı olar.

- Suriyaya müdaxilə deyəndə yəqin ki, quru qoşunlarının ölkəyə girməsi nəzərdə tutulur. Ümumiyyətlə, Suriyaya qurudan hərəkat reallaşa bilərmi? Əgər bu baş verərsə, bölgədə genişmiqyaslı müharibə başlayarmı?

- Suriyaya quru qoşunlarının daxil olması hazırkı mərhələdə müzakirə olunan ciddi məsələdir. Əslində, mütləq şəkildə müdafiə olunan bu məsələyə sadəcə BMT-nin izni lazımdır. Suriyada mübarizə aparan çoxlu qüvvələr var. Onların başında İŞİD, müxalifət kimi tanınan "Müstəqil Suriya Ordusu”, "Əl-Nusra”, "Əl-Qaidə”, Bəşər Əsədin ordusu, Rusiya, İran və 30-dan artıq dövlətin xüsusi xidmət orqanları durur. Bu ərazi hər kəs üçün poliqon rolunu oynayır. İndiki Suriya silah satan dövlətlər üçün böyük bazardır. Bu müharibənin uzanması onların marağındadır. Görünən odur ki, münaqişənin həlli bir az zaman alacaq. Bu baxımdan, quru qoşunlarının birbaşa müdaxiləsi də yubanacaq. Lakin proseslerin sonunda müdaxilə mümkündür. Çünki vəziyyət getdikcə gərginləşir.

- Suriya məsələsi ilə bağlı ABŞ və Rusiya arasında razılaşma oldu. Nəzərə alsaq ki, Moskva bir neçə dəfə anlaşmaların şərtinə əməl etməyib, bunu real razılaşma saymaq olarmı?

- Bu razılaşma Rusiya tərəfinin istəyi nəticəsində oldu. Çünki Moskva müharibə xərclərinə tab gətirə bilmir. Bir tərəfdən neftin qiymətinin düşməsi, digər tərəfdən sanksiyaların çox olması Rusiyanın durumunu ağırlaşdırıb. Ancaq razılaşma formal bir prosesdir. Eyni zamanda, bütün qrupların prosesə qoşulacağını demək yanlış olardı. Suriyada terror mütləq şəkildə öz sözünü deyəcək və İŞİD-çilər "Əl-Nusra” ilə bərabər hücumları davam etdirəcək. Bu terror təşkilatları olduqca güclüdürlər və onlarla mübarizə böyük xərc tələb edir. Çünki terrorçuları maliyyələşdirən tərəf heç bir yardımdan qaçmır. Ağır yükün altında tək dura bilməyəcəyini anlayan Rusiya "time out” götürmək istəyir. Kremlin prosesləri götür-qoy etməyə ehtiyacı var. Fikrimcə, atəşkəs əldə olunsa belə, tezliklə bitəcək.

- Suriyada Əsəd rejimi, sadəcə kiçik bir əraziyə nəzarət edir. Digər ərazilər ayrı-ayrı güclərin, terrorçuların əlindədir. Belə bir şəraitdə qısa müddətli də olsa atəşkəsə nail olmaq mümkün olacaqmı?

- Əsəd, nəinki az əraziyə nəzarət edir, hətta öz ətrafına belə söz keçirə bilmir. Hazırda Suriyada Rusiya və İranın sözü daha çox keçir. Əgər Moskva sabah Amerika ilə strateji məsələdə anlaşsa, Əsədi düşünmədən qurban verəcək. Çünki Kreml üçün Əsəd deyil, öz maraqları önəmlidir. Əsəd bunu başa düşür, amma artıq çox gecdir. Heç bir situasiyanı özü idarə etmir. Onu idarə edən yanındakı qruplardır. Kiçik bir əraziyə güclə söz keçirən bir şəxsin ölkənin gələcək taleyi ilə bağlı müzakirələrdə iştirak edəcəyini düşünmək doğru deyil. Görünən odur ki, Əsədsiz prosesə hazırlıq gedir. Amerika və Rusiya bununla bağlı müəyyən anlaşma əldə edə bilər.

İsmayıl