700 bal toplamış şəhidlərimizin ailəsinin sosial durumu ağırdır

O ailələr millət vəkilləri qədər məvacib almalıdır



Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplayan, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün olan Müşfiq Orucovun ailəsinin sosial durumu çox çətindir. Torpaq uğrunda can verən bu ailənin çətinlik içərisində yaşaması ailəni ziyarət edən insanları narahat edib. Artıq neçə gündür həmin ailəyə maddi yardım edilməsi ilə bağlı çoxsaylı çağırışlar edilir.

Hətta BAKU.WS saytı şəhid ailəsinə dəstək məqsədi ilə xeyriyyə kampaniyasına start verib. H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında kiçik bir otaqda yaşayan şəhid ailəsinə dəstək məqsədi ilə maliyyə yardımı etmək planlaşdırır. Müşfiq Orucovun valideynləri müəllimdirlər. Onlar 7 saylı Zəngilan şəhər məktəbində çalışırlar.

Ancaq bu kampaniya cəmiyyətdə birmənalı qarşılanmayıb, əslində əks-effekt də doğurub deyə bilərik. Belə ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu yardım kampaniyası bir çox istifadəçiləri hiddətləndirib və "Şəhid ailəsi dilənçi deyil ki, insanlar 5-10 manatdan pul yığıb versinlər” kimi statuslar paylaşılıb.

Bir çoxları isə dövlətin bu istiqamətdə yeritdiyi siyasəti xatırladaraq, hökumətin öz şəhidinə ən yüksək səviyyədə dəyər verdiyini vurğulayıblar.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə "Şərq”ə açıqlamasında şəhid ailələrinə və Qarabağ qazilərinə diqqət, maddi yardım məsələsinin çox həssas mövzu olduğunu deyib: "Belə insanların sıxıntıları, problemləri barəsində bizim təşkilata da dəfələrlə müraciətlər olunub. Biz də imkanlarımız daxilində bu məsələni ictimailəşdirmişik ki, imkanı olan şəxslər, xeyriyyəçilər onlardan öz yardımlarını əsirgəməsinlər. Amma şəhid ailəsinə ictimai yardım kampaniyasının keçirilməsinin, kiminsə 5 manat, 10 manat yardım etməsinin mən də lehinə deyiləm. Maddi durumları həddindən artıq aşağı olan şəhid ailələri var, bunu heç kəs inkar edə bilməz. Amma bu cür kütləvi kampaniyaların keçirilməsinin şəhidlərimin ruhuna təhqir olduğunu zənn edirəm. Dövlətimiz üçün də başucalığı gətirən hal deyil. Hesab edirəm ki, ilk növbədə bu prosesi təşkil edənlərin fəaliyyəti araşdırılmalı və nə dərəcədə səmimi olduqları öyrənilməlidir. İnsanların əsgərə, şəhidə qarşı həssas münasibətindən yararlanmağa çalışan o qədər qüvvələr var ki, sonda toplanan vəsaitin hara getdiyini bilən də olmur”.

A.Nağının sözlərinə görə, insanları qıcıqlandıran, şəhidlik statusuna zərbə vuran bu kimi kampaniyaların qarşısının alınmasında dövlət orqanları da öz fəaliyyətini artırmalıdır: "Şəhid ailələrinə hər ay ödənilən 220 manatdan əlavə onların sosial durumlarının yaxşılaşdırılması üçün dövlət səviyyəsində yardım fondu yaradılmalı və onlar yüksək müavinətlə təmin edilməlidirlər. Şəhid ailələrinə hər ay millət vəkili səviyyəsində aylıq ödəniş edilməlidir. Çünki şəhidlik statusu hər vəzifədən üstündür”.

R.Məmmədlinin sözlərinə görə, mövcud situasiyada isə cəmiyyətin böyük bir qismi şəhid ailələrinə maddi cəhətdən dayaq olmağın yollarını axtarır. Lakin bu yardımın edilməsi mexanizmini tapa bilmir.

Ekspertin fikrincə, artıq Azərbaycanda şəhidlər, yaxud da şəhid ailələrinə yardım fondu adlı qurumun yaradılmasına ehtiyac duyulur.

Şəymən