Həcc ziyarəti

Rauf CƏBRAYILOV, İlahiyyatçı



(Əvvəli ötən sayımızda)

"Təşriq” sözünün ərəb dilindən tərcüməsi "günün istisində ət qurutmaq” mənasını verir. Keçmişdə hacılar qurban kəsdikləri heyvanın ətini sonrakı günlərdə daşların üstünə sərir və qurudurdular. Dini termin olaraq zilhiccə ayının 11-ci, 12-ci və 13-cü günlərinə deyilir. Təşriq günlərində hacılar Minada qalmalıdırlar.

"Ümrə” sözünün lüğəti mənası "ziyarət etmək”dir. Dini termin kimi "ümrə” Kəbənin xüsusi şəkildə ziyarət edilmə qaydasına deyilir. Ərəfə, qurban və təşriq günləri istisna olmaqla ilin hər vaxtında yerinə yetirilir və insana çoxlu savab qazandırır. Hədislərin birində deyilir: "Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Ümrə ziyarəti, növbəti ümrəyədək arada olan (kiçik günahlar üçün) kəffarədir. Qəbul olunmuş Həccin mükafatı isə ancaq Cənnətdir.” (Səhih əl-Buxari, hədis 1773).

Həcc ziyarətinin üç növü vardır. Bunlar Həcci-ifrad (ifrad həcci), Həcci-Təməttu (Təməttü həcci) və Həcci Qırandır (Qıran həcci). İfrad həcci ümrəsiz edilən həcc deməkdir, yəni Həccə gedən şəxs ehrama girərkən yalnız Həccə niyyət edir və Həcc vəzifələrini yerinə yetirir (Qurban kəsmək vacib deyil).

Həcci-Təməttü ümrə və Həcci ayrı-ayrı ehrama girərək yerinə yetirməkdir. Yəni, Həccə gedən ümrə üçün ehrama girib, ümrə vəzifələrini edir və ehramdan çıxır. Günü gələndə yenidən ehrama girərək həcc vəzifələrini yerinə yetirir (Qurban kəsmək vacibdir). Hədislərin birində deyilir: "Rəvayət edilir ki, İmran demişdir: "Biz Peyğəmbərin (s.ə.s) dövründə ikən "təməttu” həcci etdik. Sonra (buna dair) ayə (əl-Bəqərə surəsi, ayə 196) nazil oldu. (sonralar) bəziləri ictihad edib öz rəylərini söylədilər”. (Səhih əl-Buxari, hədis 1571). (Hədisin izahında deyilir ki, burada "bəziləri” deyildikdə Ömər və Osman nəzərdə tutulur. Belə ki, onlar "təməttu” Həccini Sünnədən hesab etmirdilər deyə, camaata "qıran” Həccini yerinə yetirməyi məsləhət bilirdilər”. (Səhih əl-Buxari, tərcüməçi Əlixan Musayev).

Həcci-Qıran ümrə və Həcci bir ehramda etməkdir. Yəni, Həccə gedən ehrama girərkən həm ümrə, həm də Həccə niyyət edir. Birinci ümrəni yerinə yetirir, amma ehramdan çıxmayıb sonra da Həcc ibadətini yerinə yetirir (Qurban kəsmək vacibdir). "Rəvayət edilir ki, Mərvan ibn Həkəm demişdir: "Mən Osmanı və Əlini gördüm, Osmanın "təməttu-həcci”ni və ümrə ilə həcci birləşdirməyi qadağan etdiyinin şahidi oldum. Bunu görən Əli "Ləbbeykə bi ümrətin və həccətin” (tərcüməsi: Ümrə və Həcc ziyarətlərini yerinə yetirmək üçün hüzurundayam) - deyib Ümrə ilə Həcci niyyət edib ihrama girdi və buyurdu: "Mən heç kəsin sözünə görə Peyğəmbərin (s.ə.s) sünnəsini tərk edən deyiləm”. (Səhih əl-Buxari, hədis 1563).

Yuxarıda dediyimiz kimi, Kəbə evinin qiblə edilməsindən əvvəl Qüdsdəki Məscidül-Əqsa yəhudilərin qibləsi idi və müsəlmanlar da bu qibləyə üz tutub namaz qılırdılar. Lakin hicrətdən iki il sonra (624-cü il) Allahdan əmr alan Həzrət Peyğəmbər (s.ə.s) üzünü Kəbə evinə tərəf döndərmişdi. Qiblənin dəyişdirilməsinin bir çox səbəbləri var idi. Səbəblərdən biri "Qurani-Kərim”in də anlatdığı kimi möminlərlə müşriklərin ayırd edilməsi idi: "... (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik...” (Əl-Bəqərə,143).

Bundan başqa, yəhudilər müsəlmanlara tez-tez lağ edir və onları öz qiblələrinin olmamasına görə məzəmmət edirdilər. İttihamları da əsasən bu olurdu ki, əgər sizin dininiz düzgün olsaydı, bizim qibləmizə döğru yönəlməzdiniz. Onların dedikləri "Qurani-Kərim”də də öz əksini tapmışdır: "(Yəhudilər və xaçpərəstlər müsəlmanlara) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!”-deyirlər. (Ya Rəsulum!) Sən de: "Biz batildən haqqa tapınan İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi”. (Əl-Bəqərə,135).

Yəhudilər və xristianlar nəinki müsəlmanlarla, hətta öz aralarında belə Həzrət İbrahimin (ə) yəhudi və ya xristian olması barədə mübahisə edirdilər. Bu mübahisələrin istər o dövr, istərsə də indiki zamanda heç bir elmi dəyəri yoxdur. Çünki "Qurani-Kərim”in də anlatdığı kimi hər iki din Həzrət İbrahimdən (ə) sonra göndərilmişdir: "Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?” (Ali-İmran,65).

Kəbəni inşa edən Həzrət İbrahimin (ə) yəhudi olması barədə yəhudilərin iddiası absurddur. Çünki yəhudi xalqının adını daşıdığı Yəhuda bir şəxs kimi Həzrət İbrahimin (ə) nəticəsi (yəhudilərə görə isə nəvəsi) olmuşdur. Yaqub Peyğəmbərdən sonra onun oğullarının hər birinin öz tayfası əmələ gəlmişdi. Bu tayfalar onların əcdadı olan Yaqub övladlarının adı ilə adlandırılırdı. Zaman keçdikcə, bu tayfalar arasında tez-tez birincilik və hakimiyyət uğrunda müharibələr olurdu. Bu müharibələrin nəticəsində Yəhudanın tayfası başqa tayfalar (məsələn, əsasən Yusif və Bin-Yamin tayfaları) üzərində üstünlük və hökmranlıq edəndən sonra İsrail (yəni, Yaqub Peyğəmbər) övladlarının tədricən bütün tayfalarını əhatə edən xalq bütövlükdə "yəhudi” adlandırılmışdı. "Qurani-Kərim”də bu barədə deyilir: "İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi”. (Ali-İmran,67).

Həcc ziyarətinin Allah tərəfindən vacib buyrulmasının bir səbəbi Allahın əsas, baş evinin ziyarət olunmasıdırsa, digər səbəblərin demək olar ki, hamısı Həzrət İbrahim (ə) və onun ailə üzvlərinin tövhid dini uğrunda göstərdikləri fədakarlıqların müsəlmanlar tərəfindən təkrar olunaraq xatırlanması ilə əlaqədardır. Bildiyimiz kimi yəhudi, ərəb və digər millətlərin çoxu Həzrət İbrahimin (ə) övladlarından əmələ gəlmişdir. Bu səbəbdən ona millətlərin və Allah dininin başçısı deyilir. Əzəli elmə sahib olan uca Allah bilirdi ki, İbrahimdən (ə) törəyən millətlər onlara göndərilmiş şəriətləri dəyişdirəcək, digər peyğəmbərləri qəbul etməyəcək və gələcəkdə hər millət İbrahimi (ə) öz millətinə və dininə aid etmək istəyəcəkdi. Məhz bu səbəbdən də Allah bu ailənin qəlbində tək Allaha iman və inamı o qədər gücləndirdi ki, onlar bütün ilahi sınaqlardan üzüağ çıxdılar. Məhz bu sınaqlar İbrahimin (ə) gələcək nəsillərinə bir nümunə, həm də onların imanlarının imtahana çəkilməsi üçün əlverişli vasitə olacaqdı: "(İbrahim və İsmail dedilər): "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (Əl-Bəqərə,128).

İlahi hökmləri insanlara çatdıran Allah elçiləri gətirdikləri şəriətin yalnız növbəti peyğəmbərə qədər qüvvədə qalacağını söyləmiş və ümmətlərinə də özlərindən sonra gələn peyğəmbərlərə tabe olmağı tövsiyə etmişlər. Amma zaman keçdikcə, insanlar bu əmr və tövsiyələrə məhəl qoymamış, çox vaxt isə yeni şəriətlə gələn peyğəmbərlərə tabe olmayaraq özlərinə təhrif etdikləri uydurma dinlər seçmişlər. Halbuki, yeni şəri qayda-qanunlar gələndən sonra onlara tabe olmamaq kafirlik, əvvəlki şəriətdə qalmaq isə asilikdir. Bu üzdən insanlara nümunə olacaq dinin rəhbərinin təyin olunmasına ehtiyac zərurəti yaranmışdı.

Uca Allah insanlara hidayət yollarını və düzgün yaşam tərzini öyrədən dinini "İbrahim dini” adlandırmasının böyük bir hikməti vardır. Həzrət İbrahimin (ə) inşa etdiyi Allah evini ziyarət etmək üçün dünyanın hər yerindən cinsindən, dilindən, irqindən, cəmiyyətdəki statusundan asılı olmayaraq bütün zümrələrdən olan insanlar bura toplaşır və ibadət edirlər. Bununla da qısa bir müddət olsa da, insanlar arasında məqam, şan-şöhrət, mal-dövlət və müxtəlif dünyəvi fərqlər aradan qalxır və qardaşlıq əlaqələri gücləndirilir. İbadətlər içərisində Həcc ziyarəti yeganə ibadətdir ki, insanlar bəzi hissləri əyani şəkildə görür və hiss edirlər. Kəbə, Ərəfat və onların ətrafında mənsəb və məqamlar silinir, adi vaxtlarda özlərini başqalarından üstün bilən və təkəbbürlü olanlar kəfənə oxşar ağ örtükdə sanki axirətdə qəbirlərindən qalxmış kimsələr kimi bir-birinə qarışırlar. Bu yer dünya üzərində axirətin əyani nişanəsidir. Dünyada Kəbə kimi elə bir məkan yoxdur ki, ilin bütün günlərinin 24 saatı insanlar tərəfindən kütləvi şəkildə ziyarət olunsun. Ömründə bir dəfə belə öləcəyini ciddi şəkildə dərk etməyən hər kəs burada ölümü xatırlayır və onun haqq olduğunu anlayır.

Həccə gələnlər öz doğmalarını, ailəsini, qohum-əqrəbasını, uşaqlarını geridə buraxaraq Allahın çağırışını qəbul edir və müəyyən çətinliklərə və Həcc qadağalarına baxmayaraq bəziləri sevinclə, bəziləri isə ağlayaraq müqəddəs məkanları ziyarət edirlər. Həcc əməlləri yalnız bu məkanların və Allah evinin ziyarət olunması ilə məhdudlaşmır. Hacılar Səfa və Mərvə təpələri arasında səy edərkən Hacər xanımın öz körpəsinə su tapmaqdan ötrü çəkdiyi məşəqqəti və həyəcanı az da olsa duyur və xatırlayırlar. Müqəddəs Ərəfat çölü tövbələrin qəbul olunma yeri kimi tanınır. Həzrət Adəmlə Həvva nənə etdikləri günahlardan dolayı cənnətdən qovulmuş və dünyanın iki ayrı qütblərinə atılmışdılar. Onlar uzun illər tövbə etmiş və günahlarının bağışlanması üçün Allahdan əfv diləmişdilər. Yüz illərllə ağlayıb bir-birinə qovuşa bilməyən əcdadlarımız məhz burda qovuşmuş və bağışlanmışdılar. Həzrət Adəmə (ə) cənab Cəbrail tövbə etməyi və uca Allahdan bağışlanma diləməyi burada öyrətmiş və Adəmin (ə) günahları Ərəfatda bağışlanmışdı.

Hədislərə görə müsəlman olub Allaha təslim olaraq burda tövbə edən hər bir kəsin günahları bağışlanır. Sözsüz ki, həmin kəs etdiyi günahlardan həqiqətən peşman olmalı, günaha tərəf bir daha qayıtmamalı, səmimi-qəlbdən Allahdan bağışlanmasını diləməlidir. Həcc ziyarətinin mühüm əhəmiyyətlərindən biri də məhz budur: tövbələrin qəbulu. Ərəfat çölündə hacılar Adəm Peyğəmbərin (ə) etdiyi günahdan məhz burda bağışlandığını xatırlayır və böyük günahlara bir daha qayıtmayacaqları barədə Allahla əhd bağlayırlar. Bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, günahların bağışlanması gələcəkdə həmin insanın əhdinə sadiq qalıb-qalmamasından asılıdır. Əgər belə olmasaydı, hər kəs riyakarlıqla ömrünün axırında olsa belə Ərəfatda günahlarının bağışlanmasına nail olandan sonra yenidən istədiyi kimi yaşayardı.

Hədislərdən də anlaşılır ki, hacılar ziyarətdən qayıtdıqdan sonra böyük günahlar etmədikcə, Həccin nuru onların üzündən çəkilməz. Bu nur yalnız o hacılara qismət olur ki, onlar həqiqətən Allahın bu vacib çağırışına əməl edərək günahlardan tövbə edir və qayıtdıqdan sonra da əhdlərinə sadiq qalırlar. Həcc əməllərini mükəmməl şəkildə yerinə yetirir, vacib və müstəhəb ibadətlərdən qalmır və Allahın halal buyurduqlarını özlərinə halal bilir, haramları isə yaxın buraxmırlar. Hədislərin birində deyilir: "Rəvayət edilir ki, Əbu Hureyra demişdir: "Mən Peyğəmbərin (s.ə.s) belə dediyini eşitmişəm: "Kim Allah xatirinə Həcc ziyarətini yerinə yetirsə, (ziyarət əsnasında) qadını ilə yaxınlıq etməsə və (digər) günah işlərdən çəkinsə, dünyaya gəldiyi gündə olduğu kimi (pak halda evinə) qayıdar”. (Səhih əl-Buxari, hədis.1521).

Həcc ibadəti kişilərlə bərabər qadınlar üçün də vacibdir. Düzdür, islam dininin elə vacib şərtləri var ki, bunlar yalnız kişilərə aiddir. Məsələn, kafirlərlə cihad, cümə namazı, ağ ehram paltarı və s. Amma cihadın əvəzinə Həzrət Peyğəmbər (s.ə.s) qadınlara Həcc ziyarətini tövsiyə etmişdir: "Rəvayət edilir ki, möminlərin anası Aişə xanım demişdir: "Ya Rəsulullah, biz cihadın ən əfzəl əməllərdən olduğunu güman edirik. Elə isə biz cihadda iştirak edə bilərikmi?” Peyğəmbər (s.ə.s) buyurdu: "Xeyr! (Siz qadınlar üçün) ən əfzəl cihad qəbul olunmuş Həccdir! " (Səhih əl-Buxari, hədis 1521).

Hədislərdə islam dininin başqa vacib şərtlərində olduğu kimi Həcc ziyarətini imkanı olduğu halda tərk edənlərin axirətdə aqibətlərinin yaxşı olmayacağı barədə xəbər verilir. Həzrət Peyğəmbər (s.ə.s) demişdir: "Əgər bir şəxs, ölüm gəlib onu haqlayanadək müxtəlif bəhanələrlə Həccdən boyun qaçırarsa, Qiyamət günü Allah-taala onu yəhudi və ya xristian kimi dirildər”. (Biharul-Ənvar, cild VII, hədis 3).

Həcc ibadətinin digər vacib ibadətlərlə bir çox müştərək cəhətləri vardır. Bu ibadət maddi imkanı olanlara vacib edilməsi baxımından zəkata, müəyyən günlər insanın nəfsi ilə mücadiləsi cəhətindən oruca, çətinlik və məhrumiyyətlər baxımından isə cihada oxşayır. Həcc ibadəti bütün insanlara deyil, bu yol üçün müəyyən vəsaitə malik olan insanlar üçün vacibdir. Bundan başqa, Həccə gedən adamın sağlıq durumu yerində olmalı və Həccdən qayıdana kimi ailəsinin dolanışığına bəs edəcək qədər vəsaiti evində qoymalıdır.

Həcc ziyarəti zamanı müsəlmanlar yüksək islam əxlaqı nümayiş etdirməli, qocalara, uşaqlara, xəstələrə, bir sözlə, hamı bir-birinə kömək etməlidir. Müqəddəs məkanlarda mübahisə (elmi mübahisə istisnadır), hər cür münaqişə və dava-dalaş yolverilməzdir. Başqalarını incitmək, təhqir etmək, acılamaq, alçaltmaq, özünü üstün tutmaq, təkəbbür göstərmək, təbiətə ziyan vurmaq, yaşıllıqları korlamaq, heyvan və həşəratları öldürmək, ətrafı zibilləmək günahdır və ümumilikdə həccin qəbulunu sual altına ala bilər. Bu ziyarətdə iştirak edən bütün müsəlmanlar bir-birinə bacı-qardaş münasibəti göstərməli, xüsusən kişilər qadınlara qarşı nəzakətli və əxlaqlı davranmalıdırlar. Həcc ziyarətində iştirak edən qadınlara bacı və ana gözü ilə baxmayan kişilər elə bu başdan Həcc əməllərinin qəbulunu yaddan çıxarsalar yaxşıdır. Çünki adi günlərdə nəinki haram əməl və şəhvətli baxışlar, hətta bir çox halal işlər belə bu müqəddəs ibadət günlərində haram sayılır. "Qurani-Kərim”də deyilir: "Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) Həcc ziyarəti vacib olan (Həcci özünə vacib bilən) şəxsə Həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işı bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” (Əl-Bəqərə,197). Ayədə uca Allah açıq-aşkar Həcc zamanı pis əməllər edənləri hədələyir və belə insanları Allahdan qorxmağa və hərəmin hörmətini saxlamağa çağırır. ("Hərəm” sözünün mənalarından biri də "arvad, zövcə” deməkdir. Qadın ona görə "hərəm” adlandırılırdı ki, o, naməhrəm (yad) kişilərin hətta, baxışları üçün də qadağanı ifadə edirdi. Keçmişdə hökmdar saraylarında "hərəmxana” adlı bir neçə otaqdan ibarət hissə olardı ki, burada hökmdarın xanımları öz qadın xidmətçiləri ilə yaşayırdılar).

(Davamı var)