Qabil Abbasoğlu: “Din faktoru artıq təhlükə mənbəyinə çevrilməkdədir”
Karikatura olayı Azərbaycan mediasına daşına bilməz
Əziz Rzazadə: “Gəlin biz də həzrəti İsanı və Məryəmi təhqir edək” isə eyni medalın əks tərəfidir”
Qabil Abbasoğlu: “Din faktoru artıq təhlükə mənbəyinə çevrilməkdədir”
Qabil Abbasoğlu: “Din faktoru artıq təhlükə mənbəyinə çevrilməkdədir”
Azər Həsrət: "Azərbaycanda da bəzi şəxslər təhlükəli çağırışlar edir”
Elbrus Ərud: "Bəxtimiz onda gətirib ki, biz başqalarının yazdıqlarını dərc edirik”
Fransanın "Charli Hebdo” jurnalı redaksiyasında qeydə alınan dəhşətli qətliam dünya mətbuatını silkələyib. Baş verən qanlı hadisəyə Məhəmməd peyğəmbərin karikaturasının səbəb olması bir çox ölkə mətbuatında karikatura qorxusu yaradıb. Artıq bir sıra tanınmış beynəlxalq media quruluşları bu janrdan istifadəyə və dini mövzulara ara veriblər. Hətta bu günlərdə qardaş Türkiyə mətbuatında da karikatura xofu yaşanıb.
Belə ki, Türkiyədə Diyarbəkir II Sülh Cəza Məhkəməsi "Charlie Hebdo” jurnalının yeni sayının üz qapağındakı karikaturaya görə bəzi internet saytlarına girişi məhdudlaşdırmaq haqqında qərar verib. Maraqlıdır, görəsən, bu məsələlər Azərbaycan mətbuatında necə tənzimlənir və redaksiyalar həmin mövzulara həssaslığı qoruyurlarmı?
Heç vaxt zamanın axarına düşən adamlardan olmadığını söyləyən "Modern.az” saytının redaktoru yazar-tərcüməçi Əziz Rzazadə "Şərq”ə açıqlamasında qeyd edib ki, dəyər və dəyərlər məcmusu deyilən anlayışa hörmətlə yanaşır:
"Hətta 12-ci əsrdə yaşasaydım belə, eyni müstəvidən hadisələrə və insanlara münasibətimi bildirərdim. Odur ki, 21-ci yüzillikdə də olmağımın mənim üçün heç bir önəmi yoxdur”.
Terroru pislədiyini deyən yazar bildirib ki, onun və onun kimi özünü müsəlman sayan böyük bir toplumun heysiyyəti ilə oynanılmasını qəbul etmir: "Etməyəcəm də! Yəni "Charlie Hebdo”ya qarşı törədilən fiziki terrordusa, jurnalın məlum fəaliyyəti mənəvi terrordur! Və heç birinə bəraət yoxdur. Təəssüf ki, "Qərbin hazırkı standartları saf məramlardan uzaqdır” ifadəsini işlətməkdən başqa çarə qalmır. Demokratiya və insan haqları, o cümlədən söz azadlığı müəyyən çevrələrin söz oyunbazlığıdır. Adıçəkilən mətbuat orqanına baxış da təkgözlüdür. Qərb o biri gözünü açaraq insan azadlığının ən mühüm anlayışlarından olan vicdan azadlığının tapdandığını görmür. Daha doğrusu, görmək istəmir. Satirik bir jurnalın əməlini təkrarlamaq istəyənlərin də məramı aydındır - şöhrət hərisliyi. Bu hərisliyin bir ucu da maddi mənfəətə bağlıdır. "Gəlin biz də həzrəti İsanı və Məryəmi təhqir edək” isə eyni medalın əks tərəfidir. Bunu "CHarlie Hebdo” gerçəkləşdirib. İkincisi, bunu deyən xalis təxribatçıdır.
Tərcüməçinin sözlərinə görə, media həmişə şəxsiyyətə və onun şəxsi ləyaqətinə ehtiramla yanaşmalıdır:
"Din ümumiyyətlə insanın ruhi halıdır, iç dünyasıdır. Siz mənim libasıma gülə bilərsiz, - buna izn verməsəm də, dözərəm, amma içimi damğalamaq haqqını mən heç kimə izn vermərəm”.
Azərbaycan mətbuatında rəsmi dövlət senzurasının olmadığını xatırladan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, jurnalist Azər Həsrət vurğulayıb ki, dövlətin belə məsələlərə müdaxilə edib, əvvəlcədən önləyici tədbir görməsi mümkünsüzdür:
"Çünki ölkəmizdə ənənəvi və yeni media tam azaddır. Dövlət ona heç bir formada müdaxilə etmir. Bu baxımdan "Charlı Hebdo” da olduğu kimi bizdə də təxribat xarakterli karikatura və yazıların dərc olunması mümkündür. Hətta ortalığı qarışdırmaq üçün azərbaycanlı adlarla ermənilər də belə işlər görə bilərlər. Azərbaycan ictimaiyyəti ayıq-sayıq olmalıdır. Çalışmalıyıq ki, ölkəmiz bu cür avnatüralara getməsin. Elə bir həssas coğrafiyada yerləşirik ki, ayağımız bir balaca sürüşsə, bizi yığıb, yığışdırmaq çətin olacaq. Düşünürəm ki, təkcə dövlətin deyil, ölkəmizin ayaqda durmasına çalışan hər bir vətəndaşın üzərinə böyük vəzifə düşür”.
Jurnalistin qənaətincə, adıçəkilən media quruluşunun peyğəmbərin karikaturalarını mütəmadi olaraq dərc etməsi və terror faktından sonra da təkrara yer verməsi təqdir oluna bilməz: "Qərb ölkələri mətbuat azadlığı deyə haray çəkirlər. Digər tərəfdən 1, 6 milyard insanın müqəddəs saydığı peyğəmbərin karikaturasını çızıb, inancını təhqir edirlər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanda da bəzi şəxslər təhlükəli çağırışlar edir: "Bildirirlər ki, gəlin, bizdə İsa peyğəmbərin karikaturasını çəkək, lakin xalqımızın yazıb-pozmağı bacaran hər bir fərdi çalışmalıdır ki, bu cür məsələlərdən uzaq olsun. Biz onların səviyyəsinə enməli deyilik. Özümüzün yüksək səviyyəmizi qorumalıyıq. Azərbaycan tolerant ölkədir. Bütün yaşananlara dözümlü yanaşmalıyıq. Azərbaycanı bu cür avantüralardan qorumaq jurnalistlər, QHT rəhbərləri, ictimai fəallar və siyasətin önündə gedənlərin borcudur”.
Mətbuatda senzuranın əleyhinə olduğunu bildirən "Lent”.az saytının baş redaktoru Qabil Abbasoğlu deyib ki, din bir az spesifik məsələdir:
"Jurnalistlər din amilini nəzərə almalıdırlar. Bu da dinin mənəvi ehtiyat tərəfi ilə deyil, təhlükəsizlik faktorları ilə əlaqədardır. Dini və irqi parametrlərə görə ayrıseçkilik etməmək mətbuatın ən ali prinsiplərindən biridir. Dinlərə qarşı savaş açmaq ümumbəşəri prinsiplərin pozulmasıdır”.
Müsahibimizin fikrincə, din faktoru artıq təhlükə mənbəyinə çevrilməkdədir: "Ayrı-ayrı din xadimləri və dini mərkəzlər belə təqdim edə bilərlər ki, bu, dinin həqiqi üzü deyil. Kimlərsə bundan sui-istifadə edib, terror hadisəsi törədir. Ancaq bunun bizə dəxli yoxdur. Əsas məsələ odur ki, motiv din motividir. Əldə bayraq olunan prinsiplər din kriteriyalarıdır. Bu səbəbdən dini təhlükəsizlik amili baxımından media dini məsələlərdə diqqətli davranmalıdır. "Charli Hebdo”da yaşananların ölkəmizdə də baş verəcəyini düşünmürəm. Son illər dövlət orqanları bu məsələlərə ciddi nəzarət edir. Bütün hallarda dini sahə elədir ki, hansısa mərhələdə nəyin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Son olaraq qeyd edim ki, mətbuat nümayəndələri insanların inancına hörmət edərək, ayrı-ayrı dinlərə və onların prinsiplərinə dözümlü yanaşmalıdır. Dinin təhülkə mənbəyinə çevrildiyini unutmamalıdırlar”.
"Qafqazinfo”.az saytının baş readktoru Elbrus Ərud düşünür ki, Azərbaycan mətbuatı qıcıq doğuracaq karikatura verməkdə maraqlı deyil:
"Mediamızda işıqlandırılan dini materialların əksəriyyəti öz istehsalımız deyil. Bəxtimiz onda gətirib ki, biz başqalarının yazdıqlarını dərc edirik. Dünyadan fərqli olaraq Azərbaycanda bu məsələlərə dözümlü yanaşılır. Tolerant davranırıq. Bu baxımdan ölkə mətbuatı üçün elə də problem görmürəm”.
Ayyət Əhməd