Müəllim 700 manat maaş alandan sonra...

İpoteka proqramından istifadə edərək mənzil problemlərini həll edə biləcəklər





Yeni təsdiqlənən təhsil strategiyası həm də müəllimin orta aylıq əməkhaqqının qalxacağı baxımdan da olduqca əhəmiyyətlidir. Belə ki, sözügedən planda bir yenilik də müəllimlərin əmək haqlarının artırılması ilə bağlıdır.

Müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə 2022-ci ilədək müəllimlərin əmək haqlarının mərhələli şəkildə artırılacağı gözlənilir. Yeri gəlmişən, bu yaxınlarda ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanla Bakıda fəaliyyət göstərən və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü 1,5 dəfə, həmçinin maaşları isə təxminən iki dəfə artırılması da bu qəbildən tədbirlərdən biri kimi sayıla bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramovun təhlillərinə görə, yeni təhsil konsepsiyasının məqsədi təhsildə maliyyə mexanizminin dəyişdirilməsi və adam başına maliyyələşdirmə sisteminin yaradılması nəzərdə tutulur: "Belə bir sistemin yaradılması da müəllimlərin orta aylıq əmək haqlarının artırılmasına, eyni zamanda təhsil sektorundakı vəsaitlərin daha səmərəli xərclənməsinə gətirib çıxara bilər”.

V.Bayramovun fikrincə, hazırda müəllimlərin maaşı respublika üzrə olan orta aylıq əməkhaqqından aşağıdır: "Ölkə üzrə orta aylıq əməkhaqqının 542 manat və müəllimlərin maaşının 175 manat olduğunu nəzərə alsaq, müəllimlərin aldıqları məvacib ölkə üzrə aylıq maaşdan təxminən 2,6 dəfə geri qalır. Belə olan halda təbii ki, fərq böyükdür. Bu zaman yeni təhsil konsepsiyası ilkin mərhələdə müəllimlərin maaşlarının ümum orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılmasına imkan verməlidir ki, fərqi aradan qaldırmaq mümkün olsun. Sonrakı mərhələlərdə də əmək haqlarının artırılmasına ehtiyac var”.

İqtisadçı-ekspert hesab edir ki, müəllimlərin orta hesabla maaşları 700 manat olduğu halda onların və ailəsinin orta təminatını həyata keçirmək olar: "Bu məbləğ sözsüz ki, müəllimin sosial vəziyyətinin yaxşılaşmasına imkan verəcək. Həmçinin müəllimlər ipoteka proqramından istifadə edərək mənzil problemlərini həll edə biləcəklər. Nəticədə müəllimlər öz xərclərini qarşılaya biləcəklər. Çünki indiki əməkhaqqı onların sosial ipoteka və digər proqramlardan istifadəsini mümkünsüz edir”.

Həmsöhbətimiz həmçinin prezidentin sərəncamı ilə Bakıdakı mərkəzləşmiş imtahandan keçən ümumtəhsil məktəb müəllimlərinin maaşının artırılmasını da müsbət qiymətləndirir: "Çünki istənilən halda maaş artımı yüksək qarşılanmalıdır. Həm də yaxşı təhsil alan və verən müəllimlərin maaşı yüksək olması məqsədəuyğundur”.

Vüqar Şahinoğlu