Elçin Mirzəbəyli: “Uşaq mətbuatındakı durğunluq həm də təhsil sistemimizdə olan problemlərlə bağlıdır”
Uşaq mətbuatında kifayət qədər qüsurlar var
Sevil Yusifova: “Uşaq mətbuat orqanlarını qeyri-peşəkarların əllərindən almaq və qeyri-peşəkar yazıların dərcini dayandırmaq lazımdır”
Elçin Mirzəbəyli: “Uşaq mətbuatındakı durğunluq həm də təhsil sistemimizdə olan problemlərlə bağlıdır”
Elçin Mirzəbəyli: “Uşaq mətbuatındakı durğunluq həm də təhsil sistemimizdə olan problemlərlə bağlıdır”
(əvvəli ötən sayımızda)
Gələcəyimiz olan uşaqların bu gün bir çox problemləri var və bu problemlərdən biri də uşaq mətbuatı sahəsində mövcud olan çatışmazlıqlardır. Azərbaycan mətbuatının ən böyük qollarından biri olan uşaq mətbuatı KİV-in çox ciddi və önəmli hissəsini təşkil edir.
Bu, spesifikliyi ilə səciyyələnir və əsasən pedaqoji yönümlüdür. Uşağın intellektinin artırılmasına, informasiya almaq vərdişlərinin yaranmasına xidmət etməlidir. Bu sahədə çalışan mətbuat nümayəndələrinin qarşısında yalnız oxucuya informasiya vermək vəzifəsi dayanmır, onu cəmiyyətdəki pis meyillərdən, mənfi ünsürlərdən qorumaq, tərbiyələndirici funksiyası da dayanır. Unutmayaq ki, uşaqlar təbiəti, dünyanı, insanlara münasibəti, milli dəyərləri, vətən sevgisini, əxlaqı bizlərin vasitəsilə daha yaxşı mənimsəyə bilərlər. Keçmiş SSRİ dövründə Azərbaycanda uşaq mətbuatı kifayət qədər inkişaf etsə də, son illərdə uşaq mediasının durumu çox acınacaqlı duruma düşüb. Xüsusilə də uşaq mətbuat orqanlarında kommersiya maraqlarının güdülməsi, uşaqların yaradıcılıq nümunələrinin yalnız pulla dərci və sair problemlər uşaqların psixologiyasına mənfi təsir göstərməkdədir.
Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri Sevil Yusifova uşaq mətbuatı ilə bağlı yaşanan problemlər, onların həlli istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər və digər önəmli məsələlərə toxunub: "Keçmiş SSRİ dövründə digər sovet respublikalarında olduğu kimi, Azərbaycanda da uşaqlarla bağlı müəyyən tədbirlər həyata keçirilib. Həmin tədbirlərdən biri də uşaq mətbuatının inkişaf etdirilməsi ilə əlaqədar olub. Bu sahəyə xüsusi diqqət ayrıldığından uşaq mətbuatı özünün zənginliyi ilə seçilib. Həmin dövrlərdə ölkəmizdə Azərbaycan dilində nəşr olunan "Göyərçin”, "Pioner” və digər mətbuat orqanları olub ki, onlar uşaqların inkişafında mühüm rol oynayıb. Həmin mətbu orqanlarda milli yazarların müxtəlif əsərləri dərc olunur, o cümlədən, uşaqların yaradıcılığına geniş yer ayrılırdı. Digər tərəfdən, könüllülük prinsipi əsasında sözügedən mətbu orqanlara abunə yazdırılması da uşaq mətbuatının inkişafına öz töhfələrini verib. Bütün bunlar uşaqların maarifləndirilməsində və onların dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynayıb. Uşaq mətbuatının inkişafı həmçinin yeni yazarların və yeni uşaq ədəbiyyatlarının meydana çıxması ilə nəticələnib. Uşaq mətbuatını izləyən azyaşlılarda və yeniyetmələrdə bu mediaya güclü inam yaranıb. Çünki həmin dövrlərdə uşaqların mətbuat orqanlarına ünvanladıqları məktublara cavab gəlirdi, əksər uşaqların yaradıcılığının nümunələri
uşaq mətbuatında dərc olunardı. Uşaq mətbuatına daxil olan şikayət məktublarının araşdırılması üçün mütləq komissiya təşkil olunurdu və problemin həllinə çalışılırdı”.
Uşaq mətbuatının hazırkı vəziyyətini qənaətbəxş saymayan Birlik sədrinin sözlərinə görə, Azərbaycanda nəşr olunan uşaq mətbu orqanlarında kifayət qədər qüsurlar var: "Söhbət uşaqların psixologiyasına müsbət təsir edən yazıların azlığından gedir. Başqa sözlə, uşaqlar üçün yazılan yazıların psixoloqların məsləhəti əsasında yazılması məqsədəuyğundur. Yəni hər bir yaş qrupu üzrə uşaqların dünyagörüşünü formalaşdıracaq, onların psixologiyasına müsbət təsir edəcək amilləri psixoloqlar daha yaxşı bilirlər. Təəssüf ki, bu gün həmin sahədə boşluqlar özünü daha çox büruzə verir. Üstəlik, uşaqlar üçün nəzərdə tutulan mətbu orqanların sayı ölkə üzrə mətbu orqanların 10 faizinə qədərini təşkil edir. Bu say azlığı da uşaqların maarifləndirilməsində ciddi problemlər yaradır. Yəni uşaqlar ölkəmizin keçmişə, qədim tarixə, zəngin mədəniyyətə və sairə sahib olduğunu bilmir. Ona görə də Azərbaycan dövləti barədə məlumatların mənimsənilməsi və dövlətçilik ənənələrinin uşaqlara aşılanması baxımından bu cür nəşrlərin sayının artırılmasına böyük ehtiyac yaranıb. Üstəlik, uşaq mətbuat orqanlarını qeyri-peşəkarların əllərindən almaq və qeyri-peşəkar yazıların dərcini dayandırmaq lazımdır”.
S.Yusifovanın sözlərinə görə, indiki mətbuat orqanları həm də özünün maraqları olan bir kommersiya layihəsi hesab olunduğundan uşaqların öz yaradıcılıqlarını qəzet və jurnallar vasitəsilə təbliği ciddi problemə çevrilib: "Uşaqlar haqqında yazı yazılmamışdan, yaxud onların şəkilləri ilə birlikdə hər hansı bir əsər çap olunmazdan əvvəl valideynlərdən pul yığılır. Bu da uşaqların psixologiyasına ciddi mənfi təsir göstərir. Yəni uşaq düşünür ki, pulla hər şeyə nail olmaq mümkündür. Ona görə də oxumağa və təhsil almağa deyil, pul qazanmağın yolları barədə düşünməyə meyilli olur. Bunlar da uşaqların mənfi xarakterli insanlar, saxtakarlar, pul düşkünləri kimi yetişməsi ilə nəticələnir ki, bu da sonucda həmin uşaqların cəmiyyət və ictimaiyyət üçün faydalı işlərlə məşğul ola bilməyəcəyini göstərir. Üstəlik, bir uşağın pul hesabına özünü mətbuat orqanında reklam etdirməsi belə bir təbliğata maddi imkanı olmayan uşaqların psixologiyasına mənfi təsir göstərir. Ona görə də ictimai qurumlar və KİV-lər bu cür neqativ halları ciddi tənqid etməliyik ki, uşaq mətbuatında kommersiya maraqlarının uşaqların gələcəyini uçuruma atmaq hesabına təmin edilməsinin qarşısı alınsın”.
AQJB sədri onu da vurğulayıb ki, bir çox xarici ölkələrdə uşaqlarla bağlı keçirilən tədbirlərə, müsabiqə və festivallara azərbaycanlı uşaqların aparılmasında ciddi problemlər yaşanır: "Çünki ölkəmizdə fitri istedadlı və qabiliyyətli uşaqların sayı çox olsa da, onlar barədə internet səhifələrində, mətbu orqanlarda məlumatlar çox azdır. Ona görə də bizim uşaqlar xarici ölkələrdə keçirilən bir çox layihələrdə iştirak etməkdən məhrum olurlar. Sovet dövründə həm bağçalarda, həm də orta məktəblərdə uşaq mahnılarının təbliğatına və uşaqların yalnız onları ifa etməsinə ciddi fikir verilirdi və bu sahədə dövlət nəzarəti mövcud idi. Amma dəfələrlə şahidi olmuşuq ki, uşaqlar tanınmış müğənnilərin mahnılarını ifa edirlər. Çünki onlar uşaqlar üçün mahnılardan xəbərsizdirlər, yaxud bu istiqamətdə lazımi təbliğat aparılmayıb. Uşaqlar üçün sırf məlumat xarakterli portalların olmaması da ciddi problemdir. Bu səbəbdən də peşəkarlar tərəfindən uşaqlar üçün telekanalın və radionun açılması, saytların yaradılması məsələsi həmişə aktual olaraq qalır. İnanıram ki, yaxın gələcəkdə aidiyyəti dövlət qurumları uşaqların inkişafı üçün telekanalın və radionun açılması, saytların yaradılması məsələsinə ciddi fikir verəcəklər”.
Uşaq mətbuatının həlli üçün dövlət proqramının hazırlanmasına ehtiyac olduğunu düşünən S.Yusifovanın sözlərinə görə, sadalanan problemlərin həlli üçün xeyli maliyyə vəsaiti tələb olunur, yeni əsərlər yazılmalıdır. Bütün bunlar dövlət proqramı olmadan, maliyyə resursları və qrantlar ayrılmadan reallaşdırıla bilməz.
Uşaqlarla onların öz dillərində danışmaq lazımdır
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sözügedən mövzunun diqqətdən kənarda qaldığını deyib:
"Azərbaycan mətbuatının problemləri elə uşaq mətbuatındakı problemlərdən başlayır. Çünki uşaq ağlı kəsəndən oxumağa başlamalıdır. Bu günün uşaq mətbuatının oxucusu isə artıq gələcəkdə yetkin bir oxucu olacaq. Yəni bu bir növ tərbiyədir. Bilirsiniz ki, oxumaq mədəniyyətdir və kiçik yaşlarından qəzet, jurnal oxumaq vərdişinə sahiblənməyən uşaq böyüyəndə də mətbuatdan qaçacaq. Azərbaycanda uşaq mətbuatının inkişafına çox böyük ehtiyac olduğunu vurğulayan Mirzəbəyli təəssüflə qeyd edib ki, bu inkişaf prosesi heç də nəzərə çarpacaq dərəcədə getmir. Sadəcə, Azərbaycanda uşaqlar üçün, daha doğrusu, uşaq mətbuatına nümunə kimi bir-iki bərli-bəzəkli jurnallar buraxılır. Sırf mətbuat anlamına gəldikdə bütün keyfiyyətilə ortaya qoyacaq gələcək gəncliyimiz olan uşaqların formalaşmasında, tərbiyə edilməsində, əsl Azərbaycan vətəndaşı və ən nəhayətində, mütaliəli bir oxucu kimi yetişməsinə töhfə verəcək olan bir mətbuat orqanı faktiki olaraq yox dərəcəsindədir”. E.Mirzəbəylinin sözlərinə görə, uşaqlar üçün buraxılan az saylı mətbuat nümunələrini də oxuyan yoxdur: "Görünür, uşaq mətbuatının təsisçiləri balaca oxucuların diqqətini çəkə bilmək üçün yetəri qədər professional deyillər. Baş redaktor bildirib ki, bu gün uşaq mətbuatının işini gündəlik nəşrlər yerinə yetirir. Uşaqlar üçün problemli olan bütün məsələlər gündəlik nəşrlərdə işıqlandırılır. Amma bu, uşaq mətbuatı deyil. Bu sadəcə uşaqlarla bağlı problemlərin mətbuatda işıqlandırılması və peşəkar bir dillə ifadə olunmasıdır. Ancaq uşaqların öz dili var. Həm də onların dili bizim dilimizdən tamamilə fərqlənir. Odur ki, uşaqlarla onların öz dillərində danışmaq, onlara informasiyanı məhz öz dillərində vermək lazımdır”. Uşaq mətbuatının xüsusi bir yanaşma tələb edən sahə olduğunu deyən baş redaktorun qənaətincə, uşaq mətbuatında adi jurnalistlər deyil, uşaq psixologiyasına yaxından bələd olan, onlarla ünsiyyət qurmağı bacaran jurnalistlər və yaxud psixoloqlar çalışmalıdır. Ən əsası isə bayaq dediyim kimi, həmin qəzetlər uşaqlarla öz dillərində danışmağı bacarmalıdırlar: "Bizim fəaliyyətimiz konkret bir yaş təbəqəsinə ünvanlanmadığı üçün uşaq mətbuatı sahəsindəki boşluğu doldurmaq üçün bizim fəaliyyətimiz yetərli olmaya bilər”. E.Mirzəbəyli onu da bildirib ki, Azərbaycanda uşaq mətbuatı sahəsində yaranmış olan mövcud problemin mənbəyi ölkədə bu sahəyə olan marağın azlığından qaynaqlanır. İlk növbədə bu sahəni dövlətin stimullaşdırmalı olduğunu vurğulayan baş redaktor deyib ki, bununla yanaşı, bu sahədə inqilabi dəyişiklik edə biləcək insanların da ortaya çıxması vacib şərtdir: "Uşaq mətbuatındakı durğunluq həm də təhsil sistemimizdə olan problemlərlə bağlıdır. Zənnimcə, orta məktəblərin özü də uşaq mətbuatının inkişafı sahəsində maraqlı olmalıdırlar. Yeni nazirimiz islahatlar aparmaq niyyətindədir. Bu sahədə də islahatlar apararaq bu sahənin inkişaf etdirilməsinə, formalaşmasında öz töhfəsini verər. Onun tərəfdarı deyiləm ki, nazirliklər qəzet açıb, uşaq mətbuatını öz əllərinə alsınlar. Sadəcə, bu prosesdə təhsil naziri bir stimullaşdırıcı rol oynaya bilər. Bu mənada deyim ki, bütün problemləri medianın özündə axtarmaq lazım deyil. Çünki media sifarişə uyğun hərəkət edir. Onsuzdakı çap mediasının əhatə dairəsi kifayət qədər məhduddur”. Hətta o deyib ki, yalnız uşaqların daxil olacağı bir internet portallarının da yaradılması günün əsas tələblərindəndir. Bu yolla onlar yaşlarına uyğun olmayan zərərli informasiyalardan xilas ola bilsinlər. Bu sahədə vəziyyət ürəyimcə olmasa da, ümid edirəm ki, zaman keçdikcə, bu sahəyə diqqət yetirən insanlar da ortaya çıxacaq və hətta onların sayı artacaq. Ancaq bu boşluğu aradan qaldırmaq üçün ilk növbədə sifarişçi rolunda dövlət çıxış etməlidir. Eyni zamanda uşaq hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları da bu sahəyə diqqəti artırmalıdır.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb