Hamı elə bilir ki, bu ancaq neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ixtisarlar 2013-cü ildən üzü bu yanadır arta-arta gedir. Şirkətdə həm struktur dəyişiklikləri oldu, həm də kütləvi ixtisarlar getdi. Bu proses isə ölkəmiz üçün heç də uğurlu bir proses deyil. Hesab edirəm ki, ixtisarlara ehtiyac duyulan anda bundan qaçmaq olardı.
Əgər 2006-2007-ci illərdə ARDNŞ sərbəst bir quruma çevrilsə idi. Hökumət isə buna vaxtında getmədi və artıq çox gecdi. Dünya bazarında neftin qiyməti aşağı düşdüyü və Azərbaycanda neft hasilatı azaldığı üçün ARDNŞ ixtisarlar və islahatlar aparmağa məcburdur”. Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl neft şirkətlərində aparılan struktur islahatları və ixtisarlarla bağlı deyib. M.Qəhrəmanlının sözlərinə görə, neft hasilatı sənayesində fəaliyyət göstərən digər şirkətlərdə isə ixtisarlar 2014-cü ilin ortalarından başlayıb və hələ də davam etməkdədir. Ən çox ixtisara gedən şirkətlərdən biri "Qlobal enerji” şirkətidir ki, onun tərkibinə 5 əməliyyat şirkəti daxildir. "Bahar” Əməliyyat Şirkətində ixtisarlar müvəqqəti müqavilələrin bitməsi adı ilə aparılır. "BP” və "ASCO” şirkətlərində də kütləvi ixtisarlar getməkdədir. Komitə sədri bildirib ki, dövlət ciddi qəbul etməsə də, Azərbaycanda neft hasilatının aşağı düşməsi neftin dünya bazarındakı qiymətinin düşməsindən daha təhlükəlidir: "İxtisarların davam edəcəyini deyən hüquq müdafiəçisi qeyd edib ki, bu ixtisarlar tək neftin qiymətinin düşməsi ilə əlaqədar deyil: "Bu tendensiyanın davam etmə səbəbi kimi hamı neftin qiymətinin aşağı düşməsini göstərir. Amma burada əsas məsələ neftin hasilatının aşağı düşməsidir. Bu ixtisarlara əsas səbəb bu amildir. Düşünürəm ki, bu ixtisarlar 2016-cı ildə də daimi olacaq. Hər il ötən illərlə müqayisədə Azərbaycanda 2 milyon ton aşağı neft hasil olunur. Bu da neft şirkətlərinin ixtisara getməsinə səbəb olur”. Hüquq müdafiəçisini narahat edən əsas məsələlərdən biri də işçilərin ixtisarı və müxtəlif bəhanələrlə onların vəzifədən azad olunmasının ölkədə kütləvi işsizliyə səbəb olmasıdır: "Təkcə neft şirkətlərində deyil, digər sahələr üzrə də Azərbaycanda islahat və ixtisarlar gedir. Ölkədə nazirlik və komitələrin fəaliyyətinə yenidən baxılması və aralıq idarələrin birləşdirilməsi neçə illərdən bəri gözlənilən hal idi. Sadəcə olaraq, bütün islahat və ixtisarların 2015-ci ilə düşməsi təhlükəli tendensiyalardan xəbər verir. Hesab edirəm ki, işsizliyin qarşısını almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi proqram hazırlamalı və ölkədə sahibkarlığın inkişafına rəvac yaratmalıdır. Bunun üçün də ilk növbədə monopoliya ortadan qaldırılmalıdır. Dövlət qurumlarında gedən ixtisarlardan təsirsiz ötüşmək üçün özəl sektorların inkişafına nail olmaq lazımdır. Ölkədə yeni iş yerləri açılmasa, çox təhlükəli situasiya yarana bilər”.
Şəymən