İnformasiya təhlükəsizliyinin texniki və yaradıcılıq tərəfləri...

Hikmət Babaoğlu: “Hazırkı mərhələdə milli maraqlarımızın qorunması üçün olduqca vacibdir”
Əfsələddin Ağalarov: “Jurnalist peşəkarlığı hansı informasiyanın dövlət sirri olub-olmamasını ayırd etməyə yetərli olmalıdır”



Cəmiyyət informasiyalaşdıqca, insanlar informasiyadan daha artıq dərəcədə asılı vəziyyətə düşürlər. İnformasiya təhlükəsizliyinin təmin olunmaması isə cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Ölkədəki siyasi, hərbi, fövqəladə və s. vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər. Cəmiyyətin təhlükəsizliyinin əsas komponentlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri informasiyanın konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontenetlərlə mübarizədir.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılmalıdır. Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər kimi beynəlxalq hüquqi mexanizmlərin ciddi araşdırılması, milli normativ-hüquqi bazanın formalaşdırılması, təhlükəsizlik siyasətinin işlənilməsi və reallaşdırılması, xüsusi texnologiyaların tətbiqi, ölkə və korporativ səviyyədə informasiya təhlükəsizliyinin monitorinqi və menecmentinin aparılması, kadr hazırlığı, əhalinin maarifləndirilməsi və vətəndaşlarda informasiya mədəniyyətinin tərkib hissəsi kimi informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması məsələləri aktuallıq kəsb edir. Ümumiyyətlə, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin, milli normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır və bu məsələ ayrı-ayrı ölkələr kontekstində deyil, beynəlxalq qlobal informasiya təhlükəsizliyi kontekstində nəzərdən keçirilməlidir. Beynəlxalq təcrübədə qlobal informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra proqramlar, layihələr, mexanizmlər işlənilib. Onların sırasında 2002-ci ildə BMT tərəfindən qəbul etmiş Qlobal İnformasiya Təhlükəsizliyi Mədəniyyəti haqqında Qətnaməni, 2008-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qəbul olunmuş Qlobal İnformasiya Təhlükəsizliyi proqramını göstərmək olar.

Azərbaycan Respublikasında da informasiya təhlükəsizliyi məsələləri milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir və bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən hesab olunur. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul edilib. Bunlara misal olaraq 2007-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nı, eləcə də, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Dövlət sirri haqqında”, "Elektron sənəd və elektron imza haqqında”, "Elektron ticarət haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Telekommunikasiya haqqında” qanunları və s. göstərmək olar. İnformasiya texnologiyalarının inkişafı və istifadəçilərinin sayının sürətlə çoxalması kompüter sistemlərinə olan təhdidlərin daha geniş xarakter almasına və onların reallaşdırılmasının daha böyük fəsadlar törətməsi ehtimallarının artmasına səbəb olur. Buna görə də, informasiya təhlükəsizliyi sistemlərində baş verən anomal hadisələrə və qeyri-qanuni hərəkətlərə çevik reaksiya verilməsi, kompüter cinayətlərinin müxtəlif növlərinə əks-təsir vasitələrindən biri də dünya təcrübəsində geniş istifadə olunan Kompüter İnsidentləri üzrə Yardım Komandalarının yaradılmasıdır. Dünyada ilk CERT də məhz 1988-ci ilin noyabr ayında baş vermiş virus epidemiyasından bilavasitə sonra yaradılıb. Hazırda müxtəlif ölkələrdə çoxlu sayda CERT qurumları fəaliyyət göstərir.

İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən əsas səbəblərdən biri şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsidir. Həmçinin informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal internet şəbəkəsinin inkişafı və minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması da informasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini şərtləndirən amillərdəndir. İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəliliyi nəzərdə tutulur. İnformasiya təhlükəsizliyi problemlərinə düzgün yanaşma, informasiya sistemlərinin istifadəçisi və informasiya münasibətində olan subyektlərin, onların maraqlarının aydınlaşdırılmasından başlanır. İnformasiya təhlükəsizliyinə olan təhlükə - informasiya texnologiyalarından istifadənin əks tərəfidir. "İnformasiyanın mühafizəsi, informasiya təhlükəsizliyi” - informasiyanın toplanması, saxlanması, informasiyanın dağıdılması və ya modifikasiyası təhlükəsindən qorunmasının təminində informasiyanın təkmilləşdirilməsi və müxtəlif növ üsulların və müdafiə vasitələrinin tətbiqi problemləri ilə məşğul olan ixtisasdır. Xalq təsərrüfatı üçün elmi və texniki problemlərin həllində bu ixtisasın yeni informasiyaların işlənib hazırlanmasında, informasiyanın mövcud mühafizə üsulları və vasitələrinin təkmilləşdirilməsində, informasiya təhlükəsizliyinin təminində əhəmiyyəti böyükdür.

Əslində, mühafizə üçün beynəlxalq təcrübənin öyrənilməsi, müdaxilə hallarının qarşısının alınmasını təmin edən proqramların təminatları mütləq tətbiq edilməlidir. Belə olan halda kənar hücumlardan qorunmanın yollarını da asanlıqla tapmaq mümkündür.

İnformasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu informasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsiplərinin əsas götürüldüyünü bildirib. Onun sözlərinə görə, informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm bir məsələdir. Virtual informasiya mühiti mövcud olduğu müddət ərzində informasiya müharibəsinin daim mövcud olacağını diqqətə çatdıran İsmayıloğlu hesab edir ki, müntəzəm olaraq Ermənistan, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. "Hazırda İran bu siyahıya liderlik etməyə başlayıb. İranın son zamanlar Azərbaycana qarşı hərtərəfli fəaliyyəti kiberterror sahəsindən də yan keçmir”.

Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnternetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi məsələnin kökündə dayanır. Ekspert yeganə yolun mühafizəni gücləndirmək, hər gün baş verən yenilikləri öyrənmək və gündəmdə saxlamaqdan ibarət olduğu fikrindədir: "Əsasən milli dəyərli internet resurslarının təhlükəsizliyi diqqət mərkəzində olmalıdır. Çünki daha çox bu növ informasiya resurslarına daim haker hücumları həyata keçirilir. Azərbaycan, ümumiyyətlə, dünya informasiya məkanına bu cür müdaxilələrdən sığortalanmayıb. Bu hücumlar əsasən Azərbaycanla müharibə vəziyyətində olan işğalçı Ermənistanın informasiya strukturları, xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir. Hücumlar mütəmadi şəkildə həyata keçirilir, daha çox Azərbaycan üçün əlamətdar olan Xocalı soyqırımının ildönümü, 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və bu kimi günlərdə daha çox müşahidə edilir”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq hər zaman aktual məsələdir. Nəzərə alsaq ki, milli təhlükəsizliyin obyekti cəmiyyət və onların milli-mənəvi dəyərləridir, deməli, informasiya təhlükəsizliyi indiki mərhələdə daha önəmli məsələdir. Bu gün Azərbaycan mətbuatının üzərinə çox ciddi vəzifələr düşür. Çünki ölkəmiz hələ də müharibə şəraitində yaşayır. Hesab edirəm ki, avqust ayında keçirilən müşavirədə qaldırılan məsələlər mətbuatın diqqət edəcəyi əsas nüanslar idi. Bu da o deməkdir ki, Azərbaycan mətbuatı yenidən öz məsuliyyətini dərk etməli və bütün məsələlərə hüquqi kontekstdən yanaşmalıdır. Bu, hazırkı mərhələdə milli maraqlarımızın qorunması üçün olduqca vacibdir”.

Azxəbər.com portalının baş direktoru Əfsələddin Ağalarov da vurğulayıb ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün bu gün görülən işlər göz önündədir: "Ancaq yayda baş verən atəşkəs pozuntusu nəticəsində hadisələr onu göstərdi ki, Azərbaycan jurnalistikasında informasiya təhlükəsizliyi məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır. Burada daha çox məsuliyyət təbii ki, birbaşa informasiya istehsalçısı rolunda çıxış edən jurnalistlərin üzərinə düşür. Jurnalist peşəkarlığı hansı informasiyanın dövlət sirri olub-olmamasını ayırd etməyə yetərli olmalıdır. Əks təqdirdə, dövlət sirrinin informasiya adı altında faş edilməsi məsələsi ortaya çıxır ki, bunun da fəsadları ağır şəkildə dövlət tərəfindən ödənilir. Düşünürəm ki, bununla bağlı jurnalist təşkilatları ciddi işlər görməlidirlər. Həmin təşkilatlar şəxsi ambisiyaları üçün çalışmaqdansa, jurnalistlərə informasiyayla dövlət sirrini ayırmaları üçün təlimlər keçirsələr, bu problemin həllinə misilsiz xidmət göstərmiş olarlar. Eyni zamanda jurnalistika təhsili verən universitetlərdə də gənc jurnalistlərə, gələcəyin reportyorlarına dövlət sirri ilə bağlı məlumatlar verilməli və qanunvericiliyin bu məsələ ilə bağlı tələbləri aşılanmalıdır”.

Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb