81 yaşlı həkimin cərrahiyə əməliyyatı aparması təhlükəlidir

Çünki elə əməliyyatlar var ki, uzun müddət davam edir
Belə adamların qan təzyiqi ola bilər, gözləri zəif görə bilər


Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, Komissiya tərəfindən ölüm faktının səbəbləri araşdırılacaq, hadisənin həkim səhvi nəticəsində baş verməsi təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək. Artıq 1981-ci il təvəllüdlü Lumu Veyisovanın əməliyyatını edən 81 yaşlı həkim Cəfər Quliyev müalicə və əməliyyat işlərindən uzaqlaşdırılıb.

Nazirlik 81 yaşlı həkimin hansı səbəblərdən bu gün də fəaliyyətini davam etdirməsinə aydınlıq gətirib. S.Əhmədova bildirib ki, qanunvericiliyə əsasən, həkimin elmi adı, uğurları, nailiyyətləri varsa, fəaliyyətini davam etdirməsinə icazə verilir. Buna əsasən də "Şöhrət” ordeni alan, tanınmış mütəxəssis, Tibb Universitetinin uzun illər müəllimi kimi çalışan, hazırda əmək fəaliyyətini davam etdirməyə qadir olan Cəfər Quliyev bu yaşa qədər həkim kimi çalışıb.

1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızının iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olduğunu vurğulayan S.Əhmədova deyib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib: "Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, dünyasını dəyişib”.

Qeyd edək ki, xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova Türkiyə və Avropa ölkələri dövlət xəstəxanalarında 60-65 yaşından sonra elmi adı, titulları olan həkimlərin belə təqaüdə çıxdıqlarını deyib. Təbii ki, intellektual səviyyəsi və fiziki imkanları olan həkimlər konsultant kimi öz fəaliyyətlərini davam etdirə bilirlər. Amerikada isə həkimlər üçün heç bir yaş məhdudiyyəti yoxdur. Yaşından asılı olmayaraq fiziki bacarığı imkan verən həkimlər dövlət xəstəxanalarında qalıb işləyə bilirlər.

Ş.Namazovanın sözlərinə görə, müəyyən mənada yaşlı həkimlərin təcrübəsindən yararlanmaq olar, amma bu zaman da konkret sahələr üzrə seçim aparılmalıdır: "Düzdür, kifayət qədər yaşlı və peşəkar cərrahlarımız var. Amma mənə elə gəlir ki, 81 yaşlı həkimlər daxili xəstəliklər uzmanı kimi öz fəaliyyətini davam etdirsələr, daha yaxşı olar. Düzdür, damar kəsilməsi hər bir həkimin başına gələ bilər. Cavan həkimlər də bəzən bu cür səhvlərə yol verirlər. Digər tərəfdən əllərin əsməsi yaşla deyil, beyinlə bağlı olur. Amma ortada risk faktoru var. İstənilən halda yaşlı həkimlərin əməliyyat aparması təhlükəlidir. Hətta elə əməliyyatlar var ki, uzun müddət davam edir. Bu mənada qan təzyiqi olan həkimlərin də cərrahi əməliyyatlarda birbaşa iştirakı qəbulolunmazdır. Ani müddətdə onun beyin qan dövranında müəyyən pozğunluqlar yarana, başgicəllənmələri ola bilər. Eyni zamanda, yaşla əlaqədar görmə qabiliyyətində müəyyən problemlər olan həkimlər də cərrahi əməliyyatlardan uzaq tutulmalıdır. 81 yaşda bir həkimin nə qədər peşəkar olmasından asılı olmayaraq əməliyyata girməsinə nə qanun, nə insanlıq, nə də həkim humanistliyi icazə verir. Hətta dünyaca məşhur həkimlər müəyyən yaşdan sonra özləri əməliyyatlardan imtina edib, tələbələrinə məsləhətlər verir, təcrübələrini, keçirdiyi uğurlu əməliyyatları özündə əks etdirən kitablar yazırlar”.

81 yaşlı həkimin əməliyyatda iştirakının xəstəxanadakı cərrah çatışmazlığı ilə əlaqələndirilməsinə gəldikdə isə ekspert bu iddiaların inandırıcı olmadığını deyib: "Sumqayıt ucqar bir rayon deyil axı! Sumqayıt kimi böyük bir şəhərdə cərrah çatışmazlığı mənə bir o qədər də inandırıcı gəlmir”.

Şəymən