Region mətbuatı necə yaşayır?

Samir Qurbanov: “Biləsuvarda mətbuatla təmas qurmaq istəyən məmur yoxdur, yeganə gəlir mənbəyimiz abunədir”
Rufiq İsmayılov: “Naxçıvanda da paytaxt qəzetlərində olduğu kimi rəngli çıxan qəzetlər mövcuddur”



Azərbaycanda medianın problemlərinə kompleks yanaşarkən region mətbuatının da hazırkı durumuna nəzər salmaq vacibdir. Çünki bölgələrdə fəaliyyət göstərən mətbu orqanları paytaxt qəzetlərindən fərqləndirmək düzgün deyil. Bu haqda indiyədək çox danışılıb, müxtəlif fikir və mülahizələr səslənib.

Region mətbuatının mövcud vəziyyətinə dair mühüm zərurətlərdən qaynaqlanan tədbirlər də baş tutub. Azərbaycan jurnalistlərinin müxtəlif illərdə keçirilən qurultaylarında bölgələrdəki mətbuat orqanlarının vəziyyəti müzakirəyə çıxarılıb. Qurultay qətnaməsindən irəli gələrək Mətbuat Şurasında (MŞ) bölgə problemləri üzrə ayrıca komissiyası yaradılıb. Komissiyanın təşəbbüsü ilə indiyədək regional medianın çətinliklərinə həsr olunmuş silsilə "dəyirmi masa”lar təşkil edilib. Həmin tədbirlərdə yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarının, həmçinin regionda çalışan media təmsilçilərinin iştirakı təmin olunub. Müxtəlif mövzular ətrafında geniş diskussiyalar aparılıb. (MŞ) elə indi də sıralarının genişlənməsində regional media vasitələrinin üzvlüyə qəbul məsələsinə önəm verir. Bu, MŞ-nin onların problemləri ilə daha yaxından tanış olmaq, çətinliklərinin aradan qaldırılmasına kömək göstərmək istəyindən irəli gəlir. Buna rəğmən etiraf etmək lazımdır ki, region mətbuatının hazırkı durumu, onun inkişafı naminə zaman-zaman irəli sürülən ictimai metodların effektivliyinə inamsız yanaşmaq üçün kifayət qədər əsaslar yaradır. Müxtəlif vaxtlarda beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən məqsədyönlü tədbirlər və layihə təklifləri mövcud bölgə mətbuatının vəziyyətini dəyişə bilməyib. Görünür, məsələnin spesifikliyi və qoyulan problemin xüsusiyyəti mövcud istiqamətdəki təşəbbüslərin real və səmimi olmasını zəruri şərt kimi ortaya çıxarıb, bunun özünü ictimai sifarişə çevirib. Bu səbəbdən hələ sözügedən mətbu qurumların tərəqqisi üçün çox işlər görülməlidir. İlk növbədə, cəmiyyətdəki yerləri və rolları aydın dərk edilməlidir. Çünki indiyədək dünyada regional medianın mövcudluğunda və fəaliyyətində kifayət qədər qlobal məqamlar var. Bu da bir reallıqdır ki, ölkə mediasına nəzər saldıqda, regional KİV-mizin müasir standartlara uyğunlaşdırılmasının labüdlüyü dərk edilir. Bir sözlə, Azərbaycan hökumətinin məsələyə sistemli, kompleks şəkildə yanaşmasına rəğmən region mətbuatında bəzi problemlər hələ də qalmaqdadır. 
Bölgələrdə fəaliyyət göstərən media qurumlarının hazırkı durumunu şərh edən "Region-Press” qəzetinin əməkdaşı Samir Qurbanov açıqlamasında qeyd edib ki, region mətbu orqanlarının vəziyyəti heç də ürəkaçan deyil: "Bu fikri ümumi regionlar adından deməyim yaxşı çıxmaz. Amma rayonumuzda - Biləsuvarda iki qəzet fəaliyyət göstərir. Biri icra hakimiyyətinin orqanı, digəri də özümüzün üzümüzə salıb çıxartdığımız və ətraf 20-30 rayona da göndərdiyimiz "Region-Press” qəzetidir. Mətbuatla təmas qurmaq istəyən məmur yoxdur, desəm, heç də yanılmaram. Təsəvvür et rayon tarixində 16 səhifə qəzet çıxmayıb, bunu daxili imkanlar hesabına edirik (daxili imkan dedikdə-şəxsi münasibət və tanışlıq zəminində bir çox iş adamları və idarə təşkilat rəhbərlərini nəzərdə tuturam ki, bu da özümüzə hörmət əlaməti olaraq olunur). Müraciətlərimiz olsa da, "nəzərə alınacaq, darıxmayın” deməklə işlərini bitmiş sayırlar. Lakin qəzetimizin sanbalı ilə hiss edirik ki, məmurların özləri də qürurlanır, lazımi məqamda KİV-lə bağlı rayonda bu işlərin görüldüyünü adlarına çıxmaqdan belə çəkinmirlər, yuxarı qurumların yanında öyünürlər. Bu bizim hazırkı problemlərimizdəndir”.

Region qəzetlərinin satışındakı problemə diqqət çəkən həmkarımız söyləyib ki, tək-tük köşklər mövcuddur. Onlar da qəzeti tində-bucaqda daldalanmış şəraitdə satırlar: "Doğrudur, qəzet alanlar var. Onlar da məqsədli-tənqidi mövzuda kimisə yıxıb-sürüyüblər, rayondan, kimdənsə, hansı təşkilatdansa yazıblar və s. kimi yazılar olanda alırlar. Yeganə gəlir mənbəyimiz abunədəndi, o da çox az abunəmiz var. Əmək haqları əbunədəndirsə, deməli, bəzi vaxtlar heç özümüz pul ala bilməsək belə, əldə olunan 5-3 manatı qəzetin çapına xərcləyirik. Regionda mətbuat işçisi (bəzi "xalturşik”ləri nəzərdə tutmuram, söhbət qəzet çıxarıb cəmiyyəti maarifləndirənlərdən gedir) öz inkişafı üçün çalışmır, maddi deyil, mənəvi nüfuz sahibi olurlar”.

Region jurnalistlərinin peşəkarlığından söz açan S.Qurbanov iddia edir ki, bölgə jurnalistləri sırasında gözəl yaradıcı insanlar, şair təbiətli qələm adamları çoxdur: "Sadəcə onları ətrafımızda cəlb etmək üçün maddi maraq lazımdı. Hətta bəziləri dolanışıq üçün AYB-nin vəsiqəsini evə atıb, çörəkpulu arxasınca düşür. Redaksiyaya çağıranda gəlmək istəmir - havayı zehni istismardan açıq-aşkar qaçır. Bəzən məni görəndə rastlaşmayaq deyə yolu dəyişənlər də olur ki, yaradıcılıqdan uzaqlaşmağını soruşmayım. Bəzilərini çıxmaq şərtilə ədəbi birliklər demək olar ki, məhv olub”.

Müsahibimiz diqqətə çatdırıb ki, qəzetlərində maarifçiliklə yanaşı, vətənpərvərlik mövzuları, şəhidlər, ictimai-siyasi, mədəni, ədəbi, kənd təsərrüfatı, tanınmış ziyalılar haqda yazılar dərc olunur: "Bunun da yayım vaxtı çox təqdirəlayiq qarşılanmağının şahidi olmuşuq. Dərc olunan yazılarda bütün sahələri əhatə etməyə çalışılır, artıq XXI əsrdi, gənc nəsil bu yeniliklərə şahidlik etməlidir, çünki onlar artıq kompüterlərlə, internet yazılarına maraq göstərməyə maraqlıdır, bu baxımdan yazı səviyyəsi, effektivlik onların bu işin, qəzetçilik ənənəsinin yaşadılması nöqteyi-nəzərdən mühüm amillərdəndir ki, bu da yazarlarımızın diqqətindən qaçmır.

Region qəzetlərinin reklam bazarına toxunan həmsöhbətimiz bəyan edib ki, bu da çox aşağı səviyyədədir: "Hətta yerli qəzetlərə reklam verilmir. Reklam şirkətləri telekanallarla və internet portalları ilə əməkdaşlıq edirlər”.

S.Qurbanın qənaətincə, rayonlarından seçilən millət vəkilləri ümumiyyətlə qəzetlə maraqlanmır: "Dəfələrlə müraciət etmişik. Bildirirlər ki, KİVDF-yə müraciət edin, yeni layihələrə qatılın. Elə bil ki, əlləri ilə nəyi isə qoyublar gedib götürmək qalıb. Bir daha vurğulayım ki, dövlət proqramlarının icrası ilə əlaqədar regionlarda bu kimi tikinti-quruculuq işlərinə dediyiniz o baş məmurların başı elə qarışıqdı ki, heç onlara mətbuat da lazım deyil. Bu biabırçılığı yazıb göstərmək kimə lazımdı axı, hələ bir onu maliyyələşdirsinlər. Sonucda reallıq buna söykənir, deyilmi? Amma yenə deyirəm, peşəsinə hörmət bəsləyən, işinin vurğunu olan hər bir bölgə yazarı, jurnalisti, bu diqqətsizliyin burulğanından özü özbaşına çıxmağa çalışır. Çünki onlar da Həsən bəy Zərdabi həyatı ilə tanışdırlar”.

"Kaspi” qəzetinin əməkdaşı Rufiq İsmayılov isə region qəzetlərində nəzərəçarpan fəsadların olmadığı qənaətindədir: "Əvvəllər Naxçıvanda fəaliyyət göstərən "Şərq qapısı” qəzetində çalışmışam. Bu qurum Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi mətbu orqanıdır. İndiki halda Azərbaycan Milli Məclisinin rəsmi orqanı "Azərbaycan” qəzeti olduğu kimi orda da Ali Məclisinin rəsmi orqanı "Şərq qapısı” qəzetidir. Həmin qəzet əvvəllər həftəlik və yaxud həftədə 3 dəfə çıxırdı. Sabiq baş redaktor Məmməd Məmmədovun dönəmində gündəlik nəşr olunurdu. Qəzetdə Naxçıvanla bağlı yazılar, reportajlar, bəzən kənd yazıları, rəsmi yazılar AM sədrinin rəsmi görüşləri ilə bağlı çoxlu sayda yazılar işıq üzü görürdü. Qəzetdə Naxçıvanla bağlı bütün məlumatlar verilirdi. Xatırlayıram ki, həmin redaksiyada qəzet içərisində qəzetlər fəaliyyət göstərirdi. Məsələn, Naxçıvanın tarixini, ədəbiyyatını, flora və faunasını əks etdirən qəzetlər çıxırdı. Bu qəzetlər isə "Şərq qapısı”na əlavə kimi çıxırdılar. Ümumiyyətlə, Naxçıvanın hər rayonunun öz qəzeti var. Mən orada çalışdığım dönəmdə həmin region qəzetləri həftəlik çıxırdılar. İndi isə xəbərim yoxdur. Amma "Şərq qapısı” gündəlik qəzetdir. Onu da qeyd edim ki, Naxçıvanda mətbuata xüsusi diqqət və qayğı var. Mən bunun şahidi olmuşam. Bəzi paytaxt qəzetlərində olduğu kimi orada da rəngli çıxan qəzetlər mövcuddur. Digər tərəfdən media qurumları kağızla bağlı heç bir problem yaşamırlar. Qəzetlərin nəşri üçün yeni inzibati bina tikildi. "Şərq qapısı” üçün ayrıca redaksiya tikilib”.

Yazar, region qəzetlərinin satışından da danışıb: "Region qəzetlərinin satışını abunələr təşkil edir. Paytaxtdakı bəzi mətbu orqanlarda olduğu kimi, Naxçıvandakı qəzetlər də abunə yolu ilə yayılır. Eyni zamanda Naxçıvanın özündə qəzet köşkləri də fəaliyyət göstərirdi. Vətəndaşlar istənilən qəzeti oradan əldə edə bilirdilər. Amma köşklərin sayı elə də çox deyildi. Keçmiş baş direktor M.Məmmədovun dövründə "Şərq qapısı” qəzeti sadəcə Naxçıvanda deyil, Azərbaycanın bütün regionlarında yayımlanırdı. Özüm bu faktın şahidi olmuşam. Abşeron rayon Mehtiabad qəsəbəsinə gəlmişdim. Orada yaxın qohumlarım mənə yazılarımı oxuduqlarını bildirdilər və qeyd etdilər ki, "Şərq qapısı” Abşerona da gəlir. Hətta poçtlara belə göndərilirdi. İndiki halda qəzetlərin satışının hansı vəziyyətdə olmasından xəbərsizəm. Bir daha deyim ki, Naxçıvanda işıq üzü görən qəzetlərin əksəriyyəti abunə yolu ilə satılırdı”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də region qəzetlərinin arzuolunmaz durumda olduğunu bildirib: "Amma bu fəsadları yalnız maddi imkanlarla bağlamaq olmaz. KİV-ləri regiona bölmək düzgün deyil. Medianın region fərqi yoxdur. Regionlarda da professional jurnalistlər var. Düşünürəm ki, region mediasının inkişafı da genişdir. Ona görə ki, region kütləvi-informasiya vasitələri daha az korlanıb. Regiondan olan deputatlar da buradakı medianın inkişafında maraqlı olmalıdır”.

(davamı var...)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb