84 yaşlı “El həyatı”...
“Yeni Ordubad”ın sələfi olan qəzet uzun və şərəfli bir yol keçib
Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvanda da Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq rayon formalaşdırılıb. Rayon formalaşdıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı” qəzetinin sələfi olan "Ordubad fəhləsi” nəşr olunmağa başlayıb. Qəzet o dövrlərdə A4 formatda 2 səhifədən ibarət çıxırdı. Nəşrin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub.
1935-ci ildən Hüseyn İbrahimov qəzetdə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləyiblər. H.İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunub. 5 il "Ordubad fəhləsi” adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi” adı ilə nəşr olunub. 1941-ci ildən qəzetə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin edilib. Həmin dövrdə nəşrin fəal qələm sahiblərindən Məmməd Axundovu, Əkbər Məftunu, Qərib Rəfiyevi, Mürsəl Rzayevi, Əli Qənbərini, Fərman Qafarovu, Yaqub Məmmədovu və Xanım Mehdiyevanı göstərmək olar. 1931-ci ildən 1963-cü ilədək rayon qəzetinin 1742 nömrəsi işıq üzü görüb. 63-cü ilədək nəşr olunan "Ordubad işçisi” İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrlərdə çox çətin, lakin şərəfli tarixi yol keçib. Qəzet Ordubad rayonu 1963-cü ildə ləğv olunaraq Culfa rayonuna birləşdirilənədək nəşr olunub. 1965-ci ildə Ordubad yenidən müstəqil rayon olub. Bununla da 1966-cı il yanvar ayının 1-dən rayon qəzeti yenidən nəşr olunmağa başlayıb. Həmin dövrdən 1991-ci il yanvar ayının 1-dək rayon qəzeti "Yeni Ordubad” adı ilə çıxıb. 1966-cı ildən 1991-ci ilədək qəzetə Malik Məmmədov redaktorluq edib. Müxtəlif dövrlərdə qəzetdə Cəmşid Tağızadə və Rafiq Babayev məsul katib işləyiblər. Bundan sonra rayon qəzetinin 25 illik (1966-1991) tarixi "Yeni Ordubad”la bağlıdır. 1991-ci il sentyabr ayının ortalarınadək həmin adla nəşr olunan rayon qəzeti əksər vaxtlarda sözün həqiqi mənasında "rayonun güzgüsü olmaq” adını doğrulda bilib. Qəzetdə Məmməd Sadiqov, Cəmşid Tağızadə, Əşrəf Rəcəbov, Məhəmmədəli Babayev və başqaları öz iti qələmləri, sadə dildə yazdıqları oxunaqlı yazıları ilə oxucuların dərin rəğbətini qazanıblar. Qəzetlə əməkdaşlıq edən ştatdankənar müxbirlərdən Qadir Rəfiyev, Yaqub Məmmədov, Sərməst Rzayev, Sabir Məmmədov və digərləri də qələmə aldıqları hər bir yazıda dərin məsuliyyət hissi keçiriblər.
1966-cı il yanvar ayından həftədə bir dəfə çıxan qəzet fevral ayından başlayaraq həftədə iki dəfə işıq üzü görüb. Sonralar 1968-ci ildən qəzet həftədə iki və ya üç dəfə çıxıb. "Yeni Ordubad” qəzeti çərşənbə, cümə və bazar günləri olmaqla həftədə üç dəfə nəşr olunmağa başlayıb. Qəzetin 1-ci sayında "Şərq qapısı” qəzetinin redaktoru Rəşid Qazıbəyovun, Ordubad Rayon Partiya Komitəsinin və rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin təbrikləri, redaksiyanın oxuculara müraciəti, yeni illə bağlı məqalə və reportajlar dərc edilib. Qəzet 25 il ərzində Kommunist Partiyasının təbliğat vasitəsi olsa da, burada vaxtaşırı rayonun tarixi abidələri, milli-mənəvi dəyərlərimizlə bağlı maraqlı yazılar, elmi məqalələr, neqativ hallarla bağlı məktublar dərc olunub. Qəzetin redaktoru Malik Məmmədovun yüksək təşkilatçılığı, əməkdaşların peşəkarlığı sayəsində nəşr hər bir ailənin sevimli qəzetinə çevrilib. Qəzetdə tanınmış jurnalistlər Cəlil Rəfiyevin, Zöhrab Zeynalovun, elm-sənət adamlarından Əliqulu Fərəcovun, İbrahim Mollayevin, Mehri Abutalıbovanın, Rüstəm Behrudinin, Əli Qənbərlinin, Emil Mehdiyevin, Şəmil Mustafayevin və başqalarının maraqlı elmi-publisistik yazıları həmin dövr üçün əsl hadisəyə çevrilib. Qəzetin 1972-ci il 7 may nömrəsi qəzetin 2500-cü yubiley nömrəsinə həsr olunub. Elə ilk səhifədə "Rayonumuzun əmək salnaməsi” adlı yazıda bu sətirlər qeyd olunub: "3 adlı bu qəzetin 2500-cü nömrəsini qeyd etdiyimiz bir zamanda onun qarşısında daha mühüm və məsul vəzifələr durduğunu daha yaxşı başa düşürük. "Yeni Ordubad” özünün qırx illik bayramını qeyd etmək ərəfəsindədir. Qəzetin 2500-cü nömrəsinin çapdan çıxması münasibətilə sizi, qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edirik. Qəzet rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində, şəhər və kəndlərimizin abadlaşdırılıb tərəqqi etməsində partiya və sovet təşkilatlarının ən yaxın köməkçisinə çevrilib. "Yeni Ordubad” qəzetinin 1932-ci ildən bu günə kimi fəaliyyəti, bütün 2500 nömrəsi məhz partiya təşkilatının fəaliyyəti ilə bağlı olub. Bu sətirlər, əslində, "Yeni Ordubad” qəzetinin o dövrdəki 40 illik fəaliyyətini ən yaxşı, bütöv şəkildə əks etdirib. Mətbuatın böyük bir təbliğatçı olduğunu əyani şəkildə sübut edib. "Şərq qapısı” və "Zəfər” qəzetlərinin təbrikləri də qəzetin ilk səhifəsində oxuculara təqdim olunub. Mətbu orqanın 2500-cü nömrəsində vaxtilə qəzetin məsul katibi işləmiş, həmin dövrdə isə "Şərq qapısı” qəzetinin xüsusi müxbiri olan Cəmşid Tağızadənin, mətbəənin keçmiş mürəttibi Əbülfəz Rəhimovun, qəzetin əməkdaşı olmuş, həmin vaxt isə rayon arxivinin müdiri olan Qərib Rəfiyevin "Mənim xatirələrim”, Yusif Məmmədəliyev adına baramaaçan fabrikinin ipəkəyirici ustası, deputat Məhcəbin Kərimovanın "Sevdiyim qəzet” adlı təbrik məktubları da dərc olunub. Qəzetin nömrəsində "Yeni Ordubad” özünün qırx illik bayramını qeyd etmək ərəfəsindədir” sözləri qeyd edilsə də, təəssüf ki, qəzetin heç bir sayında 40 illik yubileylə bağlı ən kiçik bir yazı belə yoxdur.
Qəzetin saylarında nəşrin tarixinə aid maraqlı məqamları özündə əks etdirən yazılar da işıq üzü görüb: "Təqdirəlayiq haldır ki, 1975-ci ildə Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin tələbələrinə verilən diplom işləri siyahısına "Yeni Ordubad” qəzetinin nəşri tarixi və fəaliyyətinin ilk illəri” mövzusu da daxil edilib. Həmin mövzuda diplom işini jurnalistika fakültəsinin qiyabi şöbəsinin tələbəsi, "İşıqlı yol” qəzetinin əməkdaşı Elman Məmmədov müdafiə edib”. Onu da qeyd edək ki, Elman Məmmədov "İşıqlı yol” qəzetinin xələfi olan indiki "Şərurun səsi” qəzetinin redaktorudur. Qəzetin 4 sayında dərc olunmuş "Yeni Ordubad” qəzetinin nəşri tarixi” adlı yazılar Elman Məmmədovun diplom işinin bəzi hissələridir. 1988-ci ildən başlayaraq, keçmiş SSRİ-də hərc-mərclik və anarxiyanın tüğyan etməsi, millətlərarası zəmində baş verən iğtişaşlar Kommunist Partiyasına olan inamı kökündən sarsıtdı. "Şanlı qızıl ordu”nun 1990-cı il yanvar ayının 20-də Bakı şəhərində yüzlərlə dinc sakini qanına qəltan etməsi və Qarabağ münaqişəsində ermənilərin tərəfini saxlaması isə həmin partiyanın Azərbaycanda 70 illik hegemonluğuna son verilməsi ilə nəticələndi. Bir çox yerlərdə olduğu kimi, Ordubad rayonunda da redaksiyada çalışan jurnalistlərin əksəriyyəti daha Kommunist Partiyasının orqanında çalışmaq istəmədilər. Buna görə də 1991-ci ilin yanvar ayının 1-də rayon Xalq Deputatları Məclisi və Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin təsis etdiyi "El həyatı” rayon qəzeti nəşrə başlayanda "Yeni Ordubad” qəzetinin əksər əməkdaşları başda Malik Məmmədov olmaqla həmin qəzetdə işə girdilər. "Yeni Ordubad” qəzeti isə bundan sonra rayon partiya komitəsinin orqanı kimi 9 ay da fəaliyyət göstərdi və az sonra öz fəaliyyətini tamamilə dayandırdı. Rayon qəzeti fəaliyyət göstərdiyi 84 il ərzində rayonun sosial-iqtisadi, mədəni, təhsil, səhiyyə, kənd təsərrüfatı sahəsində baş verən yenilikləri, cəmiyyətdə mövcud olan kəsir və nöqsanları işıqlandırıb. 1991-1994-cü illərdə qəzetə Malik Məmmədov, Cəmşid Tağızadə və Məzahir İsgəndərov redaktorluq ediblər. 1994-cü ilin iyun ayından 2009-cu ilin dekabr ayının 19-dək Vaqif Qənbərov qəzetin redaktoru olub. 2010-cu ildən A3 formatda, həftədə bir dəfə olmaqla rəngli şəkildə, 500 nüsxə tirajla nəşr olunan qəzetə Fərqanə Hüseynli həmin ilin fevral ayının 1-dən redaktorluq edib. Qəzetin məsul katibi isə Abbas Seyid olub.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb