Qudurğanlıq...
Ölkəmizdə elə məmurlar var ki, övladları özlərindən çox tanınır. Az qala hər gün mətbuatda yüksək vəzifəli şəxslərin balaları haqqında geniş, tənqidi məqalələr dərc olunur. Amma yazılar onların hansısa müsbət işləri ilə deyil, daha çox törətdiyi özbaşınalıqlarla əlaqədar olur. Ona görə ki, ölkəmizdə məmur övladlarının qudurğanlığı heç bir sərhəd və əndazə tanımır. Doğrudur, onların dəbdəbəli, təm-təraqlı həyat tərzləri cəmiyyətdə çox ciddi şəkildə müzakirə olunur. Buna rəğmən məmur balalarının harınlığı, mal-mülkünü, bahalı avtomobilini insanlara nümayiş etdirmələri, dincəldikləri xarici turistik məkanlardakı şəkillərini sosial şəbəkələrdə yaymaları və qanunsuzluqlara yol vermələri halları davam edir.
Çünki xırda istisnaları çıxmaq şərtilə indiyədək heç bir yüksək çinli şəxsin övladı qudurğan hərəkətinə görə cəzalandırılmayıb. Bu səbəbdən onların özbaşınalıqlarının qarşısını almaq müşkülə çevrilib. Düşüncələrimizin isbatı olaraq qeyd edək ki, bu günlərdə məmur övladlarının qudurğanlığına dair hallara biri də əlavə olunub. Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Məlumata görə, o, polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina edib. Sözügedən İcra Hakimiyyətindən bildirilib ki, Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Cəmiyyətdə hiddət və ikrah doğuran məsələ barədə "Şərq”ə danışan millət vəkili, akademik Nizami Cəfərov qeyd edib ki, Azərbaycan yenicə müstəqillik əldə etmiş dövlətdir və bizdə məmur sinfinin formalaşması prosesi gedir: "Bu mərhələ də müəyyən dövr çəkməlidir. Diqqət edin, Azərbaycan prezidentinin məlum məsələni dəfələrlə müzakirəyə çıxarması və çox ciddi qərarlar verməsi bu sahədə inkişaf imkanları yaradır. Yəni ictimai şüura yeriyir ki, yüksək vəzifə sahibi olan valideynlər daha ciddi olmalıdır. Fikir verin, valideynləri tanınmayanların özbaşınalığı cəmiyyətdə qıcığa səbəb olmur, lakin hansısa bir məmur balasının qanunsuzluq etməsi ciddi reaksiya doğurur. Bütün dünyada belədir ki, həmişə cəmiyyət məmur övladlarına qarşı həssas olur. Çünki düşünürlər ki, onlar öz gücləri deyil, valideynlərinin yaratdığı imkanlar çərçivəsində davranırlar. İstər-istəməz günah valideynin üzərinə düşür”.
Akademikin qənaətincə, belə arzuolunmaz halların ortadan qaldırılması məqsədilə dövlət siyasəti formalaşmalıdır: "Qanun hər kəs üçün ali və pozulmaz olmalıdır. Heç kim qanuna saymazlıq, yekəxanalıq edə bilməz. Məxsusi olaraq yüksək vəzifə daşıyan şəxslərin övladları bunu heç vaxt etməməlidir. Əksinə, onlar yaxşı örnək olmalıdırlar. Cəmiyyətimiz də artıq buna hazırdır. Belə hallara həmişə etirazını, gileyini və kəskin mövqeyini bildirir. Arzu edək ki, belə şeylər olmasın”.
Millət vəkili diqqətə çatdırıb ki, övladlarının qanuna zidd davranışları və özbaşınalıqlarına görə məmurlar da cəzalandırılmalıdır: "Çünki onlar neqativ hadisələri valideynlərinə arxalanaraq törədirlər. Valideynin xəbəri olsa da, olmasa da, fərqi yoxdur. Özündən razılıq, ictimaiyyətin qayda-qanunlarını pozmaq valideynin vəzifəsinə güvənilərək edilir. Buna görə də valideyn cavab verməlidir. Məmur bilməlidir ki, övladına lazım olduğundan artıq "diqqət” ayıracaqsa, bu, balasının tüfeyli həyat sürməsi ilə nəticələnəcək. Təbii ki, cinayət törədən övladla yanaşı valideyn də cəzalandırılmalıdır. Çünki bu davranışlar valideyndən gəlir, qaynaqlanır”.
"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu məsələlərdə valideynləri günahkar sayır: "Məmur təbəqəsi qeyri-qanuni yolla varlanır. Bu hadisələri törədənlərin ataları qanunları pozur və bu davranışlar da övladlarına keçir. Onlar hər gün qanunları pozur, bu pozuntuların hamısı bağışlanır və uşaqlar da bu mühitdə böyüyür. Hesab edirlər ki, onlar üçün də hər şey keçiləcək. Özlərini başqalarından üstün tuturlar. Bu, tərbiyədir, mənəviyyatdır”.
M.Əliyevin fikrincə, vəziyyəti dəyişmək üçün birinci növbədə atalardan başlamaq lazımdır: "Onda övladlar da dəyişə bilər. Əsas qanundur. Qanun ya işləyir, ya da işləmir. Qanunlar işləyəndə onda məmur da, onun övladı da qanun qarşısında bərabər olur. Bununla da problem aradan qaldırılır. Elə bir sistem yaradılmalıdır ki, hamı qanun qarşısında eyni məsuliyyət daşısın”.
Vəkil Aslan İsmayılov bildirib ki, bu məsələ heç vaxt köklü həll oluna bilməz: "Bu məsələnin həllini seçkili qaydada etmək istəyirlər. Yəni bəzi məmur övladlarına olar, digərlərinə isə olmaz. Bu yaxınlarda məmur övladlarının yaşam tərzi ilə bağlı bir kampaniya başlanıldı. Bu kampaniya qısamüddətli bir xarakter daşıdı. Bəzi məmurlar və övladları maşınlarından və özlərinə aid olan bir çox bahalı aksessuarlardan müvəqqəti imtina etdilər. Az sonra isə həmin həyatdan daha artıq bir həyat tərzinə geri döndülər. Qadağalar seçkili və kampaniya şəklində olmamalıdır. Qanunlar danışmalıdır”.
Yazıçı Seyran Səxavət deyir ki, qudurğanlıq itlərə məxsus xüsusiyyətdir, itlərin ixtisasıdır: "Həyatda it yox, adam olmaq lazımdır. Mən həmişə qudurğanlara nifrət etmişəm. Sadəcə, qudurğanlıq milli şüurumuzda var. İnsan bir az da pul, şan-şöhrət görəndə lap harınlamağa başlayır. Ataların bir sözü var - qudurmaq 40 gün çəkir. İndi 40 il çəkir, qurtarmaq da bilmir. Bu da qandan, genetikadan gəlir. Vallah, elə adam tanıyıram ki, nə atası nazirdir, nə çörək almağa pulu var. Gəl ki, onun qudurğanlığını görəndə məmur balasına şükür edirsən. İnsan gərək "ayağını yorğanına görə uzatsın”. Amma belələri yetənə yetir, yetməyənə bir daş atır.
S.Səxavət Xalq artisti Ağasəlim Abdullayevin başına gələn faciəni buna bir nümunə göstərdi: "Niyə Ağasəlim kimi sənətkar "Jiquli”də getməlidir, məmur balası "Cip”də? Əslində Ağasəlim "Cip” sürməliydi, qudurğan məmur uşağı isə "Jiquli””. Ədibin fikrincə, qudurğanlıqda pul çoxluğu şərtdir: "Amma iki qaçqın tanıyıram, elə çox pulları da yoxdur. Onlar 8 il əvvəl maşınla ötüşdükləri yerdə məktəbli qızı vurub öldürdülər. Problem tək pulla bağlı deyil, təhsilsizlikdən irəli gəlir. Deyir, "ağac bar verəndə başını aşağı salar”. Bu, həyətdə də, həyatda da belədir. Bu qudurğanların işi də belədir. Görürsən ki, toyuq yumurtlayır, 3 saat qaqqıldayır. Adam istəyir təpəsinə vursun ki, nə olub, bir dənə yumurta vermisən də. Ona görə də it qudurar, düzdür, deyirlər, bəzən inəklər də qudurur. Ancaq it olmaq yox, adam olmaq lazımdır”.
Yazıçı prezidentin də bu məsələyə toxunduğunu vurğulayıb: " Hər şey göz qabağındadır. Cəmiyyətdən heç nəyi gizlətmək olmur. Gərək qanun hamı üçün bərabər olsun. Ədəbiyyatın bu məsələdə yükü var. Bu mövzuda yazılan romanla tanış olanda milli şüurun sıfırdan aşağı deyilsə, nəticə çıxara bilərsən. Sənətin rolu danılmazdır. Ancaq bizim millət oxuduğundan çox, gördüyünə inanır”.
Psixoloq Dəyanət Rzayev hesab edir ki, təkcə məmur balaları deyil, sıravi insanlar da qudurğanlıq edirlər: "Ancaq onlar öz səviyyəsində özbaşınalığa yol verirlər. Kimisi kafedə dalaşır, başqasını bıçaqlayır, kimisi oğurluq edir, kimisi dava salır. Məmur övladlarının buna ehtiyacı yoxdur, hardansa oğurluq etmirlər. Çünki imkanları böyükdür. Sadəcə, cəzasızlıq hissi keçirirlər. Elə məmur övladları tanıyıram ki, davranışında psixopatiya var. Kimisə döyürlər, kimisə alçaldırlar, maşınla adam vururlar”.
Psixoloqun sözlərinə görə, təhsilli, mədəni və abırlı məmur balaları da var: "Ancaq harınlıq kateqoriyasına aid olanlar heç nədən zövq almırlar, psixopatlıq etməyə başlayırlar. Məmur və onun övladı adi vətəndaşdan ikiqat məsuliyyət daşımalıdır. Ancaq məmur balası qəza törətməkdən qorxmur. Bilir ki, cəza verilməyəcək, cərimə ödəməyəcək. "Gallinvagen” sürən 16 yaşlı uşaqlar görmüşəm, sürücülük vəsiqəsi də yoxdur. Maşını istədiyi yerdə saxlayır. Deyir, yol polisi nömrələrimi tanıyır, mənə heç nə deməz. Bax, bu arxayınçılıq, cəzasız qalacaqlarına əmin olmaqları belə vəziyyət yaradıb. Ancaq unudurlar ki, pulla çox şey almaq olar, amma hər şeyi yox. Avropada, Amerikada məmur balası qanunsuzluq edəndə cəzalanır. Bizdə isə əksinədir. Hər kəsin ailəsi var. Bir gün mənim də ailəmi bir məmur övladı maşınla vursa, belə çıxır ki, cəzasız qalacaq. Ona görə də sərt tədbirlər görülsə başqalarına da görk olar”.
Ayyət Əhməd