Radikal dini saytlar niyə artır?

Mənsur Rəğbətoğlu: “Çünki insanların hər hansısa dini, yaxud siyasi cərəyan üzərində radikallaşması və aqressivləşməsinin kökündə medianın çılpaq xəbərləri dayanır”
(Əvvəli ötən sayımızda)
Ölkəmizdə porno və radikal dini saytların sayı durmadan artmaqdadır. Şübhəsiz ki, bu cür "media quruluşlarının” meydana gəlməsi və ayaq tutub yeriməsi cəmiyyətdə birbaşa milli-mənəvi və dini dəyərlərin zədələnməsinə səbəb ola bilər. Ona görə də məlum vəziyyət ictimaiyyətdə ciddi etirazla qarşılanır. Çünki insanlar bunun böyük təhlükə mənbəyi olduğunu və gələcəkdə ən ağır fəsadlar saçacağını anlayırlar.
Artıq bəzi parlamentarilər də problemin ciddiliyini nəzərə alıb, məsələni Milli Məclisin gündəminə daşıyıb. Məsələn, parlamentin ötən həftə baş tutan iclasında millət vəkili Elmira Axundova sözügedən hala diqqət çəkərək, onun aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Xanım deputat bildirib ki, Azərbaycanda pullu seks xidməti təklif edən və eyni zamanda vətəndaşlarımızın xarici ölkələrdə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytlar fəaliyyət göstərir. E.Axundova təklif edib ki, müxtəlif ölkələrə məxsus olan pornonu təbliğ edən, muzdlu döyüşçüləri qaynar bölgələrə səsləyən, aqressivlik aşılayan və yeniyetmələrin mənəviyyatını korlayan və digər bu xarakterli saytların fəaliyyəti tamamilə qadağan edilsin: "İnternetdə sərbəst fəaliyyət göstərən müxtəlif dövlətlərə məxsus əxlaqsız saytların xidməti bizim yeniyetmələrə çatmasın. Bu, ən azından 95 faiz əhalisi müsəlman olan ölkəyə yaraşmır. Bir çox dövlətlər, məsələn, Türkiyə, Rusiya belə məhdudiyyətləri tətbiq etməyə başlayıblar”.
Bunun ciddi təhlükə mənbəyi olduğunu söyləyən "Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Mənsur Rəğbətoğlu "Şərq”ə müsahibəsində qeyd edib ki, belə saytlar cəmiyyətdə mənəvi deqradasiyanı sürətləndirir, pornoqrafiyaya bağlılığı artırır, insan həyatı üçün böyük fəsadlara yol açır: "Bu tip saytların çoxu Avropa və ABŞ-da yerləşən xüsusi orqan mafiyaları tərəfindən idarə olunurlar. Başlıca məqsəd müştəri qazanmaq kimi görünsə də, əsas məsələ tələyə saldığı insanların orqanlarını ələ keçirməkdir. İlkin olaraq nəyin baş verdiyini bilməyən insan asanıqla belə şəbəkələrin tələsinə düşə bilir. Bu, insan ticarətinin başqa bir formasıdır. Çünki insan psixologiyası qadağaları pozmağa meyillidir. Xüsusilə pornoqrafiya və seksə olan həssaslıq bu pozmaların içində dominantdır. Porno saytlar insanı cinsəl manyaka, mozaxistə çevirir.
- İddialar var ki, zorlama hallarının genişlənməsinin təməl qaynaqlarından biri də porno saytlardır. Bu, doğru yanaşmadırmı?
- Əlbəttə, həmçinin belə mənbələr seks asılılığı yaradır. QİÇS və dəri-zöhrəvi xəstəliklərinə yoluxma riskini yüksəldir. Zamanla izləyici görüntülərdən təsirlənərək, öz mozaxist fantaziyalarını sınamaq istəyinə düşür, nəticəsi isə arzuolunan deyil. Cinsəl manyaklığın müalicəsi də asan deyil. Asılılıq vəziyyətində xəstə öz problemini inkar edir və etdikləri ilə üzləşməkdən qaçır. Bu hallar ailələrdə boşanmalara yol açır. Azərbaycan cəmiyyətində azad seksə münasibət birmənalı deyil. Çox az kəsim seks inqilabının tərəfindədir. Tipik Azərbaycan ailələrində isə qəbuledilməzdir. Ailədəki cütlüklərdən hansısa biri asılılıq vəziyyətinə düşürsə, bu, əks tərəfdən qəbul olunmur. Nəticəsi boşanmalarla bitir.
- Porno saytların azyaşlılara göstərdiyi təsir nədən ibarətdir?
- Porno filmləri ən çox 12-17 arasında oğlan uşaqları izləyirlər. Çox insanın cinsəl təhsil mənbəyi porno saytlardır. Pornoqrafiyaya olan asılılıq uşaq beyninin təbii inkişafının qarşısını alır. Şüurun seçim etmək qabiliyyətini məhv edən bioloji dəyişiklik əmələ gətirir. Bu, xüsusilə azyaşlılar üçün zərərlidir. Çünki pornoqrafiya uşaqların gerçəkliyi qavramaq və dolayı yolla fiziksəl, ruhsal baxımdan sağlam və xoşbəxt yaşamaq gücünü təhlükəyə alır. Araşdırmaya görə, porno asılılığı olan insanlar həqiqətlərdən uzaq olurlar və nəticədə ətrafları ilə əlaqələrində problemlər yaşayırlar. Bu problem eyni zamanda ailədə yalan danışma hallarını çoxaldır. Gizli baxılan videolar çox vaxt xəyanətlərə də yol açır. Porno filmlərdə daha gözəl qadınları görən kişi öz həyat yoldaşını bəyənməyə və zamanla ondan uzaqlaşa bilər. Eynən qadının oradakı kişini bəyənməsindən sonra əri haqda neqativ fikrə düşməsi kimi. Digər tərəfdən seks həyatına yeni rənglər qatmaq istəyən adamın tez-tez belə videolara müraciət etməsi asılılıq yaradır. Nəticədə ailədə kişi və qadın arasında üstün mövqe savaşı yaranır. Kolos inancına görə, seks asılılığı olan insan öz fantaziyalarını Tanrıdan daha üstün hesab edir. Beləcə, öz istəklərini bütə çevirirlər.
- Belə saytlara girişi məhdudlaşdırmaq mümkün olacaqmı?
- Hər nə qədər üzdə ifrat demokratiyaya sahib olduğu görünsə də, Qərb ölkələrində də, pornoqrafiyaya münasibət birmənalı deyil. Son illərdə Avropa, Yaponiya, Rusiya və Amerika mediasında porno filmlərə baxdıqları üçün ailələri tərəfindən cəzalandırılan azyaşlıların intihar halları genişlənib. Bir neçə həftə əvvəl belə hadisələrdən bir neçəsi İngiltərə, Rusiya və Kanadada baş verdi. Bunun nəticəsidir ki, adıçəkilən və digər ölkələrdə pornoqrafiyada tanınmış məşhur simalar insanların təqiblərinə məruz qalırlar. Kiara Mia, Aleksis Texas, Saşa Qrey, Kim Kardaşyan dəfələrlə mediaya açıqlamalarında ölüm təhdidləri aldıqlarını deyiblər. Məsələn, İngiltərə parlamenti 2014-cü ildə ölkədə porno saytlara 300 min girişin olduğunu açıqladı. "Huffington Post” qəzeti hətta məsələ ilə əlaqədar geniş material da dərc etmişdi. Təsəvvür edin, İngiltərə kimi açıq-saçıqlığın hökmran olduğu bir ölkənin qəzeti hökuməti saytlarla mübarizəyə çağırırdı. Hətta baş nazir Devid Kameron azyaşlıların porno saytlara girişini əngəlləmək üçün evlərə xüsusi filterlərin quraşdırılması təklifini irəli sürmüşdü. Lakin onun təklifi müşaviri Cimmi Uels və Parlamentin əksəriyyəti tərəfindən "axmaqlıq” kimi qiymətləndirildi. Nəticədə Kameronun cəhdləri baş tutmadı. Yəni ki, dünyanın böyük gücləri pornoqrafiya ilə mübarizə aparırlarsa, bu, Azərbaycana da şamil edilməlidir. Əgər təklif qəbul olunsa və aparılan mübarizədə mütəşəkillik, sadə insanlardan dəstək olacaqsa, uğur qazanacaq.
- İnsanların müharibə baş verən xarici ölkələrə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytların vəd etdiyi təhlükə barədə nə deyə bilərsiz?
- İŞİD-in Yaxın Şərqdə baş verən proseslərə qoşulmasıyla radikallıq pik həddinə çıxdı. İŞİD-ə olan simpatiya dünyanın bir çox ölkələrindən insanları axın-axın Yaxın Şərqə aparır. Bu simpatiya eyni zamanda ölkələrdə cinayət hallarının sayını da artırıb. Terror aksiyaları cinayətləri insanların gündəlik həyat tərzinə çevirir. Əslində dünya cinayət bataqlığına 2001-ci ildə Nyu-Yorkda "Əkiz qüllələr”in partladılmasından sonra batdı. Baş verənlər cəmiyyətlərə müxtəlif təsir göstərir. Terror aksiyaları ayrı-ayrı ölkələrdə islamafobiya və ksenofobiyanı gücləndirdi. Radikal sağ və ya sol meyillərin güclənməsi Yer kürəsində təhlükəsizliyi pozdu. Terror qruplaşmalarından ilhamlanan gənclər artıq Hollivud filmlərindəki qanqsterlərin hərəkətlərini real həyatda praktikaya çevirirlər. Mediada "Film kimi hadisə” kimi xəbər başlıqları bizi addım-addım izləyir. İnsanlarda evdən çıxıb geri qayıtmamaq qoxusu var. Çünki terrorçuların, qanqsterlərin harada olduqları, nə edəcəkləri məlum deyil. Psixologiyası pozulmuş insanları artıq cəmiyyətə yenidən qazandırmaq çətin məsələyə çevrilib. Radikal sektalar üçün terrorçu yetişdirən mərkəzlərin çoxalması da narahatlığı artırır. Xüsusilə ayrı-ayrı ölkələrdə Suriyada döyüşüb geri qayıdan insanların yenidən heç nə olmamış kimi cəmiyyətin içərisinə qarışması təhlükəni gizlədir və qorxu xofu yaradır. Qlobal terrorizmin medianın gündəminə oturmuş sui-qəsd nəzəriyyəsi evimizin içinə qədər soxulub.
- Niyə bəzən sosial şəbəkələr və digər internet saytları cəmiyyətlər üçün təhdid mənbəyi sayılır?
- Çünki insanların hər hansısa dini, yaxud siyasi cərəyan üzərində radikallaşması və aqressivləşməsinin kökündə medianın çılpaq xəbərləri dayanır. Xüsusilə son illərdə İŞİD və Əsəd qətliamları sosial şəbəkələrin gündəmini təşkil edir. Çünki bu təbliğata maneə olacaq hansısa sistem yoxdur. İnsanlar belə materiallara kökləndikcə, özlərindən olmayanlara qarşı baxışlarını sərtləşdirirlər. Baş verənlər hansısa bir arealla məhdudlaşmır, bu, qlobal faktdır. Məsələnin kökündə digər tezislər də var. Məsələn, Dünya İqtisadi Forumunun hesabatına görə, dünyanın bir sıra ölkələrində yoxsul və zənginlər arasında uçurumun getdikcə artması radikalizmin artmasına təkan verir. İmmiqrant axınlarının yerdəyişmə sürətinin artması da ksenofobiyanı gücləndirir.
- Bütövlükdə təklifi necə dəyərləndirirsiniz?
- Təklifi əlbəttə ki, müsbət dəyərləndirirəm. Çünki sadalanan problemlərdən yaxa qurtarmağa ehtiyac var. İstənilən güclü ölkə özünün sağlam cəmiyyətinin çiyinləri üzərində yüksəlir. Belə bir məsəl var, o əsgər əsgər deyil ki, general olmaq istəməsin. Biz də cəmiyyətimizin sağlam olmasının tərəfindəyik. Heç bir halda insan öz düşüncə qəlibini zərərli impulslarla doldurmamalıdır. Bu yaxşı deyil. Təklifin nə vaxtsa dəyərləndirilib tətbiq olunacağına inanıram. Bu işdə insanlar da icraçıların yanında yer almalıdırlar. Dövlət birlikdə daha güclüdür.
- Təklif reallaşarsa, hansı müsbət nəticələrə müvəffəq ola bilərik?
- İnternet saytlarının gündəmindən düşməyən müxtəlif tipli cinayət hallarıyla bağlı informasiyaların insanlara neqativ təsirləri var. Belə məlumatların çoxluğu insanlarda aqressiv fantaziyalar yaradır. Nəticədə öz fantaziyasını reallaşdırmaq üçün real imkan tapmayan insan o qədər də xoş olmayan fəaliyyət həyata keçirir. Maraqlıdır ki, hamı pornoqrafiyanın və radikal terrorizmin yayğınlaşmasının fərqindədir, lakin bunların təsirləri barədə yetəri qədər düşüncəyə sahib deyil. Zərərli məlumatlar mədəniyyətə, dəyərlərə, standartlara, dilə və cinsi əlaqələrə nüfuz edib.
(davamı var...)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb