Salam olsun: Ərzurum, Qars və İqdır...

“Dünya soyqrım görmək və tanımaq istəyirsə Qarabağa gəlsin”


Azərbaycanın bir qrup jurnalisti Türkiyənin Ərzurum, Qars və İqdır şəhərinə səfər edib.
Qeyd edək ki, 4-8 may tarixlərində qardaş ölkənin bu bölgəsinə təşkil olunan səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və "Anadolu” agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilir. Səfərin məqsədi adı çəkilən şəhərlərdə ermənilərin törətdiyi qətliamları, kütləvi məzarlıqları görmək, 1915-ci il hadisələrinin canlı şahidləri ilə görüşməkdir. Jurnalist qrupu artıq dünən Ərzurum şəhərində bir sıra görüşlər keçirib.
Media heyəti ilk öncə Mustafa Kamal Atatürk adına Ərzurum Dövlət Universitetində olub, universitetin rektoru, professor Hikmət Koçanla görüşüb.
H. Koçan bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı 1957-ci ildə qurulub. Hazırda təhsil ocağında 150 min tələbə təhsil alır: "Azərbaycandan da, çoxlu sayda tələbələrimiz var. Biz bir millət iki dövlətik. Azərbaycanla fərqli baxışlara malik deyilik. Universitet olaraq Naxçıvanla əlaqələrimiz mövcuddur. Naxçıvandan tələbələr gələrək bizdə tibb fakultəsində təhsil alırlar. Eyni zamanda, bizim müəllimlərimiz Naxçıvana gedir. Hesab edirəm ki, əlimizdə olan imkanlardan birgə faydalanmalıyıq. Bizim universitet Türkiyədə beşinci universitetdir”. Rektor bildirib ki, qəbul internet üzərindən də həyata keçirilir”.
Söhbət əsnasında rektor universitetlərində erməni tələbələrinin təhsil almadıqlarını söyləyib: "Atatürk Universitetində bir erməni tələbə belə yoxdur. Amma biz çox istərdik ki, gəlsinlər, təhsil alsınlar, reallıqları görsünlər. Bizim universitetdə Türk-Erməni Münasibətləri Araşdırma Mərkəzi qurulub. Hesab edirəm ki, erməni dilini yaxşı bilən, amma erməni ruhu daşımayan mütəxəssislərə ehtiyacımız var”.
Türk-Erməni Münasibətləri Araşdırma Mərkəzinin rəhbəri, tarixçi professor Erol Kürçüoğli isə deyib ki, ötən ay universitetdə Xocalı soyqrımı ilə bağlı simpozum keçirilib. Professor daha sonra deyib ki, 1992-ci ildə Azərbaycana gəlib, hətta müharibə vaxtı Cəbrayıl və digər rayonlarda olub: "Biz erməni yalanlarını ifşa etmək, həqiqətləri ortaya çıxarmaq üçün daha çox işlər görməliyik. Biz soyqrım ifadəsini qəbul etmirik.Çünki belə bir şey olmayıb. Arxivlərin açılmasını, bu məsələnin araşdırılmasını təklif edəndə isə qarşı tərəf buna getmir. Bilir ki, bu zaman uduzacaq”.

"Dünya soyqrım görmək və tanımaq istəyirsə Qarabağa gəlsin”


Ərzurum Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Sekmendə jurnalist qrupu ilə görüşüb. Bələdiyyə başqanı qeyd edib ki, iki dövlətin dostluğu və qardaşlığı ümummilli lider Heydər Əliyev zamanından başlayıb və hazırda bu qardaşlıq irəliyə aparılır. Onun sözlərinə görə, dostluq və qardaşlıq möhkəm olmalıdır: "Mən beş ay əvvəl Bakıda olmuşam. Paytaxtınız çox gözəldir. Sürətli inkişaf var. Abadlıq, quruculuq işləri hörmətli prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Azərbaycanın Qarabağ problemi var, əraziləri işğal edilib və biz bu işğalı qınayırıq. Bu il sözdə soyqrım iddiasının 100 illiyi oldu. Burada, türk torpaqlarında bizə zülm edən ermənilər olub. İndi isə bizə qarşı soyqrım kampaniyası aparırlar. Dünyada müxtəlif ölkələrdə sözdə olan bu soyqrımı tanımaq istəyir. Əgər dünya soyqrım görmək və tanımaq istəyirsə Qarabağa gəlsin. Xocalıda gerçək bir soyqrım həyata keçirilib və bunu edən ermənilər olub. Qarabağda yüz minlərlə insanımızı qətlə yetiribər”.

"Avropa oyunlarının Azərbaycan üçün böyük əhəmiyyəti var”

Başqan söyləyib ki, Ərzurumda Xocalıda qətl edilənlərlə bağlı abidə kompleksi qurmaq niyyətindədirlər. Eyni zamanda bu şəhərdə ulu öndər Heydər Əliyev adına parkın salınacağı fikrində olduqlarını da diqqətə çatdırıb: "Qardaşlıq və dostluq bu cür olmalıdır”.
Bələdiyyə sədri vurğulayıb ki, 2011-ci ildə Ərzurumda dünya universitetləri arasında beynəlxalq qış olimpiya yarışı keçirilib: "Dünyanın 54 ölkəsinin universitetləri bu idman yarışlarına qatılıb. 12 iyunda Bakıda I Avropa Yay Olimpiya Oyunları keçirilcək. Bu cür beynəlxalq yarışlar şəhəri və ölkəni dünyaya tanıdır. Biz 2011-ci ildə qış olimpiya yarışı keçirdik. Əllidən çox ölkə universiteti bu yarışmaya qatıldı. Ərzurumdan canlı yayımlar verildi, çoxlu sayda jurnalistlər şəhərimizə gəldi. Eləcədə bu zaman Ərzuruma 400 milyon dollar yatırım qoyuldu, yollar salındı. Hazırda Ərzurumda olan idman kompleksləri Türkiyənin heç bir şəhərində yoxdur. Bakıda da çox işlər həyata keçirilir, şəhər işıqlanır, idman mərkəzləri tikilib. Təbii ki, Bakıyada çoxlu sayda idmançı, izləyici gələcək, şəhər və ölkə haqqında dünyanın hər tərəfinə canlı yayımlar təşkil olunacaq. Bu Azərbaycanın dünyaya tanıdılması deməkdir. Məşhur bir söz var - insanın ayağını şəhərə öyrət, sonra özü gələcək. Bu mənada hesab edirəm ki, Bakıda keçiriləcək Avropa Yay Oyunlarının əhəmiyyəti Azərbaycan üçün böyükdür”.

Bölgənin "Pusula”sı


Ərzurumda olduğumuz zaman Baş Nazirliyin yanında Basın Yayım İnformasiya Təşkilatının Ərzurum şöbəsinin müdiri Memduh Nehri ilə görüşdük. Söhbət zamanı Memduh Nehri bildirdi ki, Ərzurumda gündəlik 12 qəzet çap olunur. Onun sözlərinə görə, şəhərdə 3 televiziya kanalı fəaliyyət göstərir: "Qərzetlərin maliyyə qaynağı əsasən rəsmi elanları yaymaqdan formalaşır. Ərzurumda iki qəzetçilərin iki cəmiyyəti fəaliyyət göstərir. Jurnalistlər bu cəmiyyətlər vasitəsilə bir araya gəlir, öz problemlərini müzakirə edirlər”.
Qeyd edək ki, Ərzurumda qəzetlərin satış qiyməti 20 qəpik civarındadır. Şəhərdə əsas məşhur qəzet kimi "Pusula” gündəlik nəşri tanınır. Ərzurum səfəri zamanı "Pusula” qəzetinin redaksiyasında olduq, nəşrin baş redaktoru Sevda Günəş İncəsu ilə görüşdük. Baş redaktor zamanında "Show” TV-də çalışıb, hətta İrəvana və Dağlıq Qarabağa səfər edib. Xanım baş redaktor İrəvan və Xankəndində hazırladığı reportajlarda Xocalı qətliamından danışıb, ermənilərə Qarabağı işğal etmələrinin səbəbindən, Xocalıda törətdikləri qətliamlar haqqında kəsərli suallar verib. "Pusala” qəzetinin 12 jurnalisti var, personalın sayı isə qırxa qədərdir. Qəzet hər gün nəşr edilərək qonşu Qars, İqdır, Van və digər şəhərlərdə də yayılır. Səfər zamanı "Pusala”nın şəxsi mətbəəsində də olduq. Mətbəə 1saat ərzində 35 min qəzet nəşr etmək gücündədir. Qəzetin təsisçsi Kənan Günəş bildirdi ki, qəzetləri yayım firmaları tərəfindən qonşu şəhərlərdə yayılır və ümumilikdə 2 min nöqtədə satılır. Onun sözlərinə görə, mətbəədə "Pusala”dan əlavə ona yaxın qəzet nəşr edilir və onlar mətbəəyə buna görə pul ödəyirlər”.

Anar Bayramoğlu,
Bakı-Ərzurum-Qars-İqdır-Bak