Hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi məntiqli və düzgündür -RƏY

Sülh şəraitində yaşamaq dövlətimizin əsas prioritetidir. Bütün bu məqamları nəzərə alsaq, sözügedən qanuna dəyişikliyi düzgün qərar kimi dəyərləndirmək olar

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib. Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilmiş dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq. Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər. Qanuna edilən digər dəyişikliyə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar, 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar, alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Layihəyə əsasən, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar, 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar, alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. Yenilik isə odur ki, həmin vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Hərbi qeydiyyatdan ümumiyyətlə çıxarılanlar isə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar, ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş çağırışçılar, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər olacaq. 

"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri şərh edən araşdırmaçı jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev qeyd etdi ki, bu dəyişiklik, əslində, məntiqli və düzgündür: 
- Hazırda Azərbaycan ordusunun komplektləşməsində heç bir çatışmazlıq yoxdur. Xidmətdən yayınma halları demək olar ki, sıfır səviyyəsindədir. Kimlərinsə obyektiv səbəblərdən müəyyən yaş həddinə qədər xidmət etməməsi xidmətdən yayınma ilə bağlı deyil. Kimlərinsə təhsil və ya  səhhətlərində olan problemlə bağlı xidmətə çağırılmamaları halları ola bilir. Həmin şəxslərin də 30 yaşdan sonra çağırılması artıq yersizdir. Bəllidir ki, Azərbaycan artıq bütün ərazilərində suveren hüquqlarını bərpa edib. Və bütün qonşularla sülh şəraitində yaşamaq dövlətimizin əsas prioritetidir. Bütün bu məqamları nəzərə alsaq, sözügdən qanuna dəyişikliyi düzgün qərar kimi dəyərləndirmək olar. Əlbəttə, qeyd olunan səbəblərlə bağlı müddətli həqiqi hərbi xidmət keçməyənlər könüllü şəkildə müraciət edib hərbi xidmət keçə bilər.