I Avropa Oyunlarının məşəli bu gün Sabirabada gətirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Sabirabad şəhərinin giriş qapısında yerləşən bayraq meydanında qarşılanıb. Kür çayı sahilində yerləşən Sabirabadda məşəl estafeti saat 19:40-da start götürüb.
Məşəli qəbul edən Azərbaycan Pankration federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov 12 həmkarı ilə birgə yürüşü davam etdirib. 3400 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Burada pəhləvan Amid Babayevin məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı alovlandırması ilə festival başlayıb.
Mərasimdə aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra Sabirabad şəhər sakini 11-ci sinif şagirdi Nərgiz Əsgərova Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb. Daha sonra Bakı 2015-in Sabirabad Alov Festivalı alov şousu start götürüb. Möhtəşəm alov şousu peşəkar rəqs qrupunun müşayəti ilə Sabirabad sakinlərinin alqış sədaları altında davam edib. Alov festivalı atəşfəşanlıqla sona çatıb.
Qeyd edək ki, I Avropa Oyunları, ümumilikdə, 20 idman növüüzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir.