3 qat dünya və Avropa çempionu ilk Avropa Oyunlarından danışdı

“Ev sahibiyik, əsasən sürücülərimiz diqqətli olmalıdır”
“Bu yarışda mərakeşli Bader Hareni izləmək istəyərəm”


"Bakı 2015” Birinci Avropa Oyunlarına sayılı günlər qalır. Avropa Oyunları Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Oyunlar Avropa Olimpiya Komitələri (AOK) tərəfindən hazırlanıb və idarə edilir. İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verildi. Baş Assambleyada 49 Milli Olimpiya Komitəsi iştirak edirdi. Məhz bu tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verildi.

Bütün çətinliklərə baxmayaraq Azərbaycan qısa zaman çərçivəsində bütün imkanlarını ortaya qoya bildi və Birinci Avropa Oyunlarına ev sahibliyi edir.
Bu sahədə tanınmış idmançıların, ziyalılarımızın da fikirləri önəmlidir.
İlk Avropa Oyunları ilə bağlı fikirlərini "Şərq”ə 9 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu Ramal Aslanov bölüşdü.

- 9 dəfə Azərbaycan çempionu, 3 dəfə dünya çempionu olmusuz. Həqiqətən böyük uğurdu. Hədəfiniz bundan sonra nə ola bilər?

- Peşəkarlar arasında qloriya turniri keçiriləcək. Azərbaycandan mənim çəkimdə o turnirdə hələ heç kim iştirak etməyib. Hədəfim o turnirə qatılıb qələbə qazanmaqdır.

- Biz ev sahibiyik. İlk Avropa Oyunlarında. Peşəkar idmançı olaraq siz hansı idman növünə maraq göstərib, yarışları izləməyi nəzərdə tutmusuz?

- Kikbaksa yaxın boks mənə daha yaxındı. Amma mənim idmançı dostlarım arasında güləş üzrə peşəkarlar da var. Onların yarışlarını izləməyi nəzərdə tutmuşam. Tamerlan Abdullayevi dəstəkləmək məqsədi ilə yarışları izləmək üçün onun yanında olmağı düşünürəm. Əsas güləş və boks yarışlarını yaxından izləyəcəm, inşallah. Ümumiyyətlə biz hər birimiz çalışmalıyıq ki, ilk Avropa oyunlarında fəal olaq. Çünki bu yarışda təkcə qalib olmaq vacib deyil. Ev sahibi olduğumuz üçün biz Azərbaycan xalqı, dövləti haqqında fikir yaratmış oluruq.

- Əcnəbi idmançılardan kimin çıxışlarını izləməyi düşünürsüz?

- Çox peşəkar idmançıların adını çəkmək olar. Əsas mərakeşli Bader Hareni izləmək istəyərəm.

- Siz də xarici ölkələrə gedirsiz. Gələn qonaqlar, əcnəbi idmançılar daha çox nəyə maraq göstərə bilərlər? Hansı təəssüratla burdan ayrıla bilərlər?

- Biz də idmançıyıq. Və müxtəlif beynəlxalq yarışlarda onlarla ünsiyyətdə oluruq. Onlar daha çox tarixi məkanları, abidələri görməyə maraq göstərirlər. Müasir, modern tikililər onlarda da var. Amma bizdə tarixi abidələr çoxdu. Mənə elə gəlir onlar üçün təşkil olunan gəzinti turlarında buna üstünlük vermək lazımdır. Bir də mətbəximiz, musiqimiz də onları maraqlandıra bilər. Çünki bundan əvvəl də Azərbaycanda keçirilən böyük yarışlarda gələn idmançılar var ki, sonralar bizi başqa ölkələrdə görəndə mətbəximizi çox bəyəndiklərini qeyd ediblər. Bizim plov, dolma. Ləvəngi və digər milli yeməklərimiz onların çox xoşuna gəlib. Əminəm ki, bizim mətbəxə olan maraq böyük olacaq. Düzdür, çox kalorili yeməklərimiz var. Amma dadı onların çox xoşuna gələcək. İmkan qədər çalışmaq lazımdır ki, milli mətbəximizdən daha çox təqdim edə bilək. Muğam bizim musiqimizin əsas hissəsidir. Muğam ifaçılarımızın konsertləri təşkil edilsə, bu, maraqlı ola bilər. Əslində bizim hər birimizin üzərinə böyük məsuliyyət düşür. Adi vətəndaş belə başa düşməlidi ki, ev sahibidir. Misal üçün, sürücülərimiz diqqətli olmalıdırlar. Sürücü mədəniyyəti bizdə çox təəssüf bir az zəifdir. Xaricdə zolağa bir-iki metr qalmış artıq sürücü maşını saxlamış olur. Bizdə isə bilirsiz ki, bəzi sürücülər buna diqqət yetirmirlər. İmkan qədər sürücülərimiz sürücülük mədəniyyətini nümayiş etdirməlidirlər. Otellərimizdə, restoranlarımızda müştəriyə qarşı maksimum dərəcədə xoş üz göstərmək lazımdır. Küçədə, şəhərin əsas küçələrində əcnəbiləri görəndə, onların geyimlərinə baxıb təəccüblənməyə dəyməz. Bizdə küçədə şortikli insanları, xüsusilə kişiləri görəndə, bir az qəribə baxırlar. Buna diqqət yetirmək lazımdı. Taksilərimizdə, ictimai nəqliyyatda mədəni səviyyəmizi nümayiş etdirərkən diqqətli olmayılıq. Dil problemimiz var. Buna diqqət yetirmək lazımdı. Bir sözlə, hər birimiz ev sahibi olaraq qonaqlara qarşı diqqətli olmalıyıq.

- Ev sahibi olaraq nə etməliyik?

- Biz əslində qonaqpərvər millətik. Hətta əminəm ki, hakimlərimiz belə qonaqlara üstünlük verəcəklər. Biz çox zaman bunun şahidi olmuşuq. Hakimlərimiz daha çox əcnəbi idmançılara üstünlük verirlər. Bilirsiz, belə oyunlar millət, dövlət haqqında təəssürat yaratmış olur. Gələn qonaq da, bura gələn idmançı da, mətbuat nümayəndəsi də Azərbaycandan gedəndə xoş təəssürat aparsın. Əsas buna çalışmaq lazımdı. Azərbaycan dünyanın bir çox ölkələri ilə rəqabət apara biləcək bir dövlətdi. Heç kimə sirr də deyil ki, son illər böyük inkişaf var. Bakı bu gün dünyanın bir çox ölkələrindən daha gözəldi, maraqlı məkanları ilə diqqət çəkir. Bir sözlə, bura gələn qonaq bir də gəlmək barədə düşünə bilər. Ona görə də sadəcə üzərimizə düşən odur ki, dövlətin ətrafında birləşək, ev sahibi olaraq bizə layiq şəkildə İlk Avropa Oyunlarında qonaqlarımızı qarşılayaq.

Tahirə