Azərbaycanın bir qrup jurnalistinin Türkiyənin Ərzurum, Qars və İqdır şəhərinə səfəri davam edir. Səfər çərçivəsində media əhlinin suallarını Ərzurum valisi Əhməd Altıbarmaq cavablayıb.
- Azərbaycan və Türkiyə arasında dostluq haqqında çox danışılıb, sizcə, bu dostluq özünü nədə ifadə edir, bu qardaşlığın özəyini nələr təşkil edir?
- Azərbaycan-Türkiyə dostluğu artıq möhkəm təməllər üzərində qurulub. Bəli, birinə türk, birinə azəri deyilə bilər, ancaq bunların hər biri türkdür. Dini, dili bərabər olan, tarixdə eyni taleyi paylaşan bir millətik. Başqa sözlə, bu dostluq və qardaşlıq çox danışılacaq və müzakirə ediləcək bir məsələ olmamalıdır. Biz onsuz da qardaşıq, əks halda indi eyni dildə söhbət etməzdik. Yəni genlərimiz və mədəniyyətimizdə var olan bu reallıq Türkiyədə də, Azərbaycanda da hər kəsin bildiyi məsələdir. Bu mənada bizim qardaşlığımız, bir millət olmağımız müzakirə mövzusu olmamalıdır.
- Qərb ölkələri, Avropa erməni soyqırımının olmadığını bilsə də, belə bir hadisənin olduğuna sanki inanmış kimi görsənirlər. Əslində ermənilər məhz bu ölkələrin təhriki ilə türklərə qarşı soyqırım ediblər. Niyə qərb, Avropa buna inanmaq istəmir?
- Bəli, məhz ermənilər bəzi dövlətlərin təhriki ilə ən pis dönəmlərdə Türkiyəni arxadan vurublar. Bu saat dünya mediası onların əlindədir. Bunu bir kənara qoyaq. Baxın, tarixdən gələn güclü millətlər var. Bu millətlər güclü dövlətlər qurublar. Belə millətlər bir növ toplumda yaşayan əsilzadələr kimidir. Əsl güclü və soylu ailələr özlərinə qarşı edilən pisliyi heç zaman gündəmə gətirməzlər. Əksinə, çalışarlar ki, bu mövzunu qapatsınlar, özlərinə edilən pisliyin cəmiyyət içində yayılmasını istəməzlər. Bizim türk millətimiz də, bu cürdür. Odur ki, zamanında "biz türkləri kəsdilər, arxadan vurdular, dövlətimizi dağıtmaq istədilər” deyə, dünyada səs salmaqla bir şey qazandırmayacağını düşünərək bu mövzuda çox danışmayıblar. Həm də, böyük millətlər pislik etməz, insanları məscidlərə toplayaraq yandırmaz. Bizim tariximizdə belə hallar olmayıb. Biz tariximizlə nə qədər qürur duysaq da, azdır. Mən azəriləri, türkmənləri, qazaxları, qırğızları-hər kəsi nəzərdə tutaraq bu fikirləri deyirəm. Balkanlarda milyonlarla türk vardı. İndi bu türklər haradadır? Uzaq olmayan keçmişimizdə Xocalıda, Serbiyada soyqırımlar BMT-nin gözü qarşısında yaşandı, amma buna susdular. Niyə? Çünki bu siyasət, oynanılan oyunlardır. Odur ki, bizlər gələcək nəsilləri bu məsələlərin fərqində olaraq böyütməliyik, biri-birimizə dəstək verməli və güclü olmalıyıq. Türk, azəri, özbək, qırğız demədən önəmli olan bu dəstəyi gələcək nəsillərə də saxlamalı, qardaşlığımızı daha irəli aparmalıyıq.
- Siz Ermənistanla sərhəd bölgədə yaşayan böyük bir şəhərin rəhbərisiniz. Bəzən Türkiyədə "Ermənistanla sərhədlər açılsın” kimi çağırışlar olur. Siz sərhədlərin açılmasını mümkün sayırsınızmı?
- Bizim bu mövzuda söyləyəcək sözümüz yoxdur. Biz xarici siyasətlə məşğul olmuruq. Türkiyənin Xarici İşlər Nazirliyinin xarici siyasəti var. Ancaq azəri qardaşlarımız əmin olmalıdır ki, Türkiyə Azərbaycanın əleyhinə olaraq bu işləri qəbul edərək Ermənistana "hə” deməz.
- Siz rəsmi görüş zamanı dediniz ki, azərilər, özbəklər, qazaxlar, qırğızlar türklər bir olsa, BMT-də daha güclü olarıq. Artıq türk dövlətləri uzun illərdir müstəqillik əldə ediblər, ortada Azərbaycan-Türkiyə qardaşlığı daha çox görünür. Bəs nədən bütün türk dövlətləri bir araya gələ bilmirlər?
- Əsl olan millətlərin dostluğu, bir qandan və kökdən gəldiyini bilməsidir. Mən hesab edirəm ki, bu məsələ olduqca önəmlidir, birinin başı dərdə düşdüyü zaman qardaşlarından dəstək almasıdır. Baxın, bir xristian ölkəsində hansısa hadisə olanda Türkiyədən və bütün türk ölkələrindən bir yardım etmə prosesi başlanılır. Bizim inancımızda ehtiyacı olan hər kəsə yardım etmək əsasdır. Bu mənada təbii ki, hər bir ölkənin özünün siyasəti var. Əsl olanı onların dünya millətləri sırasında yaşadığı sıxıntı zamanı qardaşların ona dəstək olmasıdır. Bunu etmək üçün yeni nəsillər daha problemsiz bu qardaşlığı mənimsəyəcək. Təbii ki, hər bir millətin öz siyasəti, öz maraqları var. Bu dəngələri nəzərə almaq lazımdır.
- Türkiyənin son illər daha çox ərəb coğrafiyasına istiqamət götürdüyü, türk cümhuriyyətləri ilə münasibətlərin bir qədər arxa plana keçməsi haqqında iddialara münasibətiniz necədir?
- Fikrimcə, bu yanaşma doğru deyil. Bunun doğru olmadığını siz də bilirsiniz. Çünki millətlərin sərbəst gediş-gəlişi var. Əgər Suriya və İraqda düzən pozulmasaydı, daha yaxşı münasibət olardı. Çünki sən qonşusan. Qonşunun kim olduğuna, irqinə və dininə baxılmaz. Sən onunla ticarət edəcəksən, gedib-gələcəksən. Ancaq şübhəsiz ki, Türkiyə cümhuriyyətlərinin türk milləti və cümhuriyyətində ayrıca yeri var. Bu münasibətlər dərinləşməkdə davam edir.
- Bir neçə gündən sonra Azərbaycanda I Avropa Yay Olimpiya Oyunları keçiriləcək. 2011-ci ildə Ərzurumda dünya universitetləri arasında Qış Olimpiya Oyunları keçirilmişdi. Sizcə, I Avropa Yay Oyunlarının Bakıda keçirilməsi nə dərəcədə əhəmiyyətlidir?
- Fikrimcə, bu olduqca əhəmiyyətli hadisədir. Bu oyunlar harada keçirilirsə, həmin ölkənin inkişafına, alt yapısına təsir edir, dünya çapında ölkənin tanınması bir qədər artır. Bəzən məşhur olmayan bir ölkədə belə mühüm yarış təşkil olunursa, həmin ölkəni hər yerdə tanıyırlar. Eyni anda da bütün dünya mediasında həmin ölkə yer alır. İstər-istəməz sonrakı plan və layihələri də, ona görə edirsiniz. Qeyd edim ki, 2011-ci ildə bizdə universitetlər arasında beynəlxalq yarış təşkil edilməsəydi, infrastruktur yaradılmasaydı, biz qış idman növlərinə bu qədər iddiaçı ola bilməzdik. Daha sonra isə olimpiadaya iddia edə bilməzdik. Bu mənada şübhəsiz ki, belə mühüm idman tədbirinin Bakıda təşkil olunmasının böyük əhəmiyyəti var.
Anar Bayramoğlu,
Ərzurum