Rusiyanın məkrli planları var

Erməni miqrantlara vətəndaşlığın verilməsi düşünülmüş addımdır
“Görünür, Rusiyanın bu siyasəti gələcəyə hesablanıb. Yəqin ki, Kremlin planında Dağlıq Qarabağ ermənilərinə də rus vətəndaşlığı vermək var”

Getdikcə acınacaqlı duruma düşən Ermənistan hökuməti xaricdə işləyən ölkə vətəndaşlarından, xüsusilə də tikinti sektorunda işləyənlərdən xüsusi vergi tutmağı qərara alıb.

Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyanın məlumatına görə, məsələ ilə bağlı artıq Rusiyanın razılığı alınıb. Erməni ekspertlər iddia ediblər ki, Ermənistan həmişə olduğu kimi Rusiyadan pul istəyib. Putin isə Sarkisyana Rusiyada işləyən əmək miqrantlarından vergi tutmağı məsləhət görüb.

Təbii ki, əmək miqrantları bu cür ikiqat vergiyə dözə bilməyəcəklər. Hazırda 2,9 milyon adamın qeydiyyatda olduğu Ermənistanın 840 min vətəndaşı Rusiyada əmək miqrantıdır. Böyük ehtimalla yeni qanunun tətbiqindən sonra erməni miqrantlarının böyük əksəriyyəti Rusiya vətəndaşlığına keçmək istəyəcək.

Prosesi şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya hər vəchlə erməniləri öz vətəndaşı etməyə çalışır. Ona görə də bir sıra formal prosedurları, bürokratik əngəlləri aradan qaldıraraq erməniləri şirnikləndirir. Amma Rusiyanın niyyəti qətiyyən xoş deyil: "Ermənilər çoxsaylı hüquqi yoxlamalardan, yersiz əziyyətlərdən xilas olmaq üçün tərəddüd etmədən Rusiya vətəndaşlığını qəbul edirlər. Çünki rus vətəndaşı olmaq ermənilər üçün xüsusi imtiyazlar verir, onlar müəyyən sosial yardımlar alırlar. Görünür, Rusiyanın bu siyasəti gələcəyə hesablanıb. Yəqin ki, Kremlin planında Dağlıq Qarabağ ermənilərinə də rus vətəndaşlığı vermək var. Rəsmi Moskva bu addımı atarkən özünə haqq qazandırır ki, guya, ermənilər özləri könüllü şəkildə Rusiya vətəndaşı olmaq istəyirlər. Bu üsul Cənubi Osetiyada və Abxaziyada tətbiq edilib. Yəni Rusiya özünün imperiya ambisiyalarını həyata keçirmək və Cənubi Qafqazda möhkəmlənmək üçün erməni amilindən dəfələrlə istifadə edib. Rusiyanın indiki "məsləhəti” də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir”.

İsmayıl