Əsas məsələ yaxınlaşan seçkilərdir

Ərdoğan Moskvaya xalqın rəğbətini qazanmaq üçün getmədi
Türkiyə-Rusiya münasibətləri onsuz da yenə əvvəlki vəziyyətində qalacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək hərbi parada qatılmaq barədə dəvətini qəbul etməyib.

Ankara V.Putinin adından 1 ay yarım əvvəl göndərilən dəvətə mənfi cavabını Kremlə bildirib. Qırmızı meydanda təşkil olunacaq hərbi paradda Türkiyəni Moskvadakı səfiri Ümit Yardım təmsil edəcək. Ankaranın Putinin dəvətinə mənfi cavab verməsi Rusiya prezidentinin 1915-ci il hadisələri barədə ermənilərə müraciəti və İrəvandakı anma mərasimində iştirakı ilə izah olunur.

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə hesab edir ki, Ərdoğanın rəsmi şəkildə Putinin dəvətini rədd etmə səbəbinin Rusiya prezidentinin saxta erməni soyqırımını anma mərasimində iştirak üçün İrəvana səfəri olduğunu elan etməsi diplomatik cəhətdən doğru yanaşma olmazdı: "Adətən bu cür hallarda dövlət rəhbərliyi əsl səbəbləri açıqlamır. Sadəcə olaraq onun yerinə başqaları həmin səbəbi cəmiyyətə elan edir”.

Putinin İrəvan səfəri və bunun fonunda Ərdoğanın qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək hərbi parada qatılmaq dəvətini qəbul etməməsinin Rusiya-Türkiyə arasındakı münasibətlərə təsirinə gəldikdə isə F.Mehdiyev deyib ki, belə anlaşılmazlıqlar dövlətlərarası münasibətlərdə ciddi əhəmiyyət kəsb etmir. Xüsusən də ticari əlaqələrə təsir etmir: "Türkiyə ilə Rusiya arasında daha çox ticari əməkdaşlıq mövcuddur. Eyni zamanda, dövlətlərin biri-birinin vətəndaşlarına olan münasibəti. Dövlətlər arasındakı münasibətlərin tənzimlənməsinə rəsmilərin hansı mövqeni tutduğu isə bir o qədər də vacib amil deyil. Dövlət rəhbərləri arasındakı münasibətlərin yeganə əhəmiyyəti beynəlxalq quruluşlarda həmin ölkə ilə bağlı hansısa məsələ müzakirə obyektinə çevriləndə digər dövlətlərin fikirləri öyrənilən zaman. Konkret olaraq Rusiya isə heç bir beynəlxalq quruluşda Türkiyənin taleyi ilə bağlı söz sahibi deyil. Qeyd etdiyim kimi, Rusiya ilə Türkiyə arasındakı münasibətlər qarşılıqlı ticarət və reallaşdırmaq istədikləri enerji

layihələrində özünü büruzə verir. Putinlə Ərdoğan öz aralarında hər nə qədər atışsalar da, dövlətlər arasındakı ticarət və enerji layihələrinə heç bir xələl gəlməyəcək”.

Türkiyə ilə İsrail arasındakı münasibətləri xatırladan politoloq deyib ki, ölkələr arasındakı münasibətlər hər nə qədər soyuq olsa da, ticarət əlaqələrində heç bir geriləmə yoxdur: "Münasibətlərin daha kəskin olduğu dönəmlərdə İsrail rəhbərliyi öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırsa da, bu o qədər də effektli olmadı. İsrail hesab edir ki, Türkiyədə onların vətəndaşlarının həyatı üçün hansısa təhlükə ola bilər. Amma sonradan göründü ki, Türkiyənin belə bir niyyəti yoxdur. Türkiyə turizm ölkəsidir və insanları da pul qazanmaq istəyir. Bunun üçün də hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq ölkəyə gələn turistlərin təhlükəsizliyi onlar üçün prioritet məsələdir. Amma eyni paradoks Rusiya ilə Amerika münasibətlərində özünü göstərmədi. Tərəflər arasında münasibətlər korlanan kimi Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Çünki burada konkret fərdlərin "savaş”ından söhbət getmirdi. Artıq maraqlar toqquşmuşdu”.

F.Mehdiyevin sözlərinə görə, Ərdoğanın Putinin dəvətini rədd etməsinin bir səbəbi də yaxınlaşmaqda olan parlament seçkiləridir. O hesab edir ki, Ərdoğan xalqın rəğbətini qazanmaq üçün belə bir addım atıb.

Şəymən