May ayının ortalarında növbəti iqtidar-müxalifət görüşünün keçiriləcəyi gözlənilir. Artıq bir çox siyasi partiyaya görüşdə iştirak etmək üçün dəvət gəlib. Məlumata görə, budəfəki görüşdə əsas müzakirə mövzusu I Avropa Oyunları olacaq. Dünən iqtidar-müxalifət görüşündə iştirak etməklə bağlı müzakirə aparan "Azadlıq 2015” adlı seçki bloku növbəti dialoqa qatılmamaq barədə qərar verib.
Məlumat üçün bildirək ki, sözügedən blokda 8 siyasi partiya təmsil olunur. Alınan qərarla bağlı "Şərq”ə danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, müzakirənin gedişatında müxtəlif mövqelər var idi. Bir çox partiyalar iqtidarla "dəyirmi masa” arxasında növbəti müzakirələrin aparılmasının tərəfdarı olsa da, yekun qərar fərqli alındı: "Biz ötən həftənin beşinci günü görüş məsələsini müzakirə etdik və rəsmi mövqeyimizi yaydıq. İndiki toplantıda isə konkret müzakirə aparıldı və gərgin danışıqlardan sonra blok dialoq prosesinə qatılmamaq barədə qərar qəbul etdi. Belə bir qərarın qəbul olunmasının əsas səbəbi əvvəlki görüşlərdə razılaşdırılmış gündəlik məsələlərlə bağlı anlaşılmazlığın olmasıdır”. Ə.Əliyev bildirib ki, qərarla bağlı VİP-in mövqeyi ilə Azadlıq seçki blokunun mövqeyində fərq var: "Biz partiya olaraq bazar günü dialoq məsələsini müzakirə edəcəyik və müstəqil formada qərarımızı verəcəyik”.
"Azadlıq 2015” seçki blokunun aldığı qərara münasibət bildirən BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, həmin qüvvələr iqtidarla dialoqun davamlı olmasında maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Lakin indiki şəraitdə belə bir addımın atılması nə onların elan etdiyi prinsiplərə, nə də Azərbaycanın milli maraqlarına uyğundur: "Hesab edirəm ki, ortalıqda yaranmış vəziyyətdən yararlanmaq cəhdləri var. Amma bu, heç bir nəticə verməyəcək. Azərbaycanda çoxsaylı siyasi partiyalar fəaliyyət göstərir. Dialoq prosesi isə ölkəmizdəki siyasi sistemin inkişafına xidmət edir. Bu prosesdə maraqlı olmayan partiyalar Azərbaycanda çoxpartiyalı sistemin inkişafında maraqlı olmayan, monipulativ davranışlar sərgiləyən qüvvələrdir”. E.Mirzəbəylinin sözlərinə görə, blokun aldığı qərarla bağlı irəli sürdüyü iddia bəhanədən başqa bir şey deyil: "Ola bilsin, kimlərsə özlərini hansısa dairələrə nümayiş etdirməyə çalışırlar. Bu, çox gülünc görünür. Əslində onlar öz fəaliyyətlərinə diqqət yetirsələr,
kifayət qədər nöqsanlar tapa bilərlər. Amma indiki şəraitdə, ölkə üçün əhəmiyyətli bir tədbir ərəfəsində dialoqla bağlı fərqli fikir söyləmək milli mövqedən çıxış edən siyasi partiyaların mövqeyinə zidd hərəkətdir. Görünür, həmin partiyaların içində səmimi olmayan insanlar var”.
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə isə birmənalı şəkildə görüşə gedəcəyini bəyan edib: "Biz Avropa Oyunlarını dəstəkləyirik. Hesab edirik ki, oyunların keçirilməsi Azərbaycan üçün yaxşı şansdır. Bundan istifadə etmək lazımdır”.
İsmayıl