Metronun qarşısındakı çadır söküldü

“Şərq”in qaldırdığı problemə dərhal reaksiya verilib




Metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında qurulmuş bazar yığışdırılıb. Xatırladaq ki, iki gün öncə "Şərq” qəzetində "Metronun qarşısı kartof-soğan bazarına dönüb” başlıqlı məqalə dərc olunmuşdu.

Və qeyd edilirdi ki, şəhərin mərkəzində, gediş-gəlişin sıx olduğu ərazidə çadır qurub bazar açmaq nə paytaxtımızın ümumi görünüşünə, nə də qarşıdan gələn Avropa Oyunlarının daşıdığı missiyaya uyğun gəlir. Üstəlik, Bakı Şəhər İcra Hakimiyyətinin hər növ küçə ticarətini qadağan

edən qərarı varkən. Amma məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti isə çadır-bazarların yerli icra hakimiyyəti orqanının razılığı ilə fəaliyyət göstərdiyini bildirmişdi. Belədə məsuliyyət düşürdü Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə. Amma dünən fərqli mənzərənin şahidi olduq. Metronun qarşısındakı "bəy” çadırları sökülmüşdü. Yaxınlıqdakı lotereya satıcısından "çadırlar necə oldu” soruşdum. "İcra hakimiyyətindən gəldilər, sökdülər” cavabını verdi. Mətbuatın qaldırdığı problemə operativ reaksiya verdiklərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə də, Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkür edirik.

Məlahət Rzayeva