Rusiyanın "Qazprom” və Türkiyənin "Botaş” şirkətləri arasında danışıqların uzanması ilə əlaqədar "Türk axını” qaz kəmərinin tikintisi təxirə salınıb. Tərəflər güzəştin həcmi barədə razılığa gəlsələr də, yekun sazişin imzalanmasında razılığa gələ bilməyiblər.
İki aydır dalana dirənən danışıqlar Rusiya və Türkiyə şirkətlərinə ciddi zərər vurub. Rusiya tərəfindən qaza görə aldığı güzəşti tətbiq edə bilməyən türk hökuməti qazı orta Avropa qiymətlərindən 100 dollar baha almaq məcburiyyətində qalıb. Ekspertlərə görə, qaz kəmərinin
çəkilişi ilə bağlı yeni sazişin imzalanmasını çətinləşdirən faktorlar geosiyasi vəziyyət, daha dəqiq desək, Putinin Ermənistan paytaxtına səfəri zamanı "soyqırım”la bağlı səsləndirdiyi bəyanatdır. Onların fikrincə, son günlər yaşanan bir sıra olaylar Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir göstərib.
Məsələni şərh edən tanınmış politoloq Arzu Nağıyev deyib ki, geosiyasi məsələlər haqqında irəli sürülən versiyalarda müəyyən həqiqət var. Lakin bunu təkcə Putinin Ermənistana səfəri ilə əlaqələndirmək düzgün deyil: "Türk axını” qaz kəmərinin tikintisi ilə bağlı müzakirələr gedən vaxt Türkiyə tərəfinə məlum idi ki, Ermənistan Rusiyanın vassalı və regiondakı portnyorudur. Eyni zamanda Rusiya Prezidentinin "soyqırım”la bağlı tədbirdə iştirakı da gözlənilən idi. Yəni bu məsələləri biri-birinə bağlamaq düzgün olmazdı. Söhbət iqtisadi məsələlərdən gedir. Bu gün Türkiyədə inflyasiya gözlənilən həddi keçib, lirənin məzənnəsi düşüb. Həmçinin, Rusiyada da vəziyyət ürəkaçan deyil”.
A.Nağıyev bildirib ki, ikili arasındakı proseslərə ABŞ-İran münasibətləri də təsir edir: "Türkiyə ilə Rusiyanın reallaşa biləcək layihələrindən biri də nüvə proqramı ilə bağlıdır. Bir sözlə, münasibətlərdə tənəzzül gözləmək düzgün deyil. Böyük ehtimal hər iki dövlət iqtisadi tərəfdaş olaraq qalacaq və qarşılıqlı münasibətləri daha da inkişaf etdirəcəklər. Sadəcə bu, bir az zaman alacaq”.
İsmayıl