Medianın vətənpərvərlik missiyası...

Yadigar Məmmədli: “Vətənpərvərlik elə bir amildir ki, bu prosesdə peşəsindən asılı olmayaraq, hər kəsin üzərinə məsuliyyət düşür”
Bəhruz Quliyev: “Hər şeydən əvvəl jurnalistlər, daha sonra onlara rəhbərlik edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər”


Səbuhi Abbasov: "Əsas məqsədimiz ermənilərin ölkəmizə qarşı apardığı informasiya müharibəsində onlara layiqli cavab verməkdən ibarətdir”


Müharibə şəraitində olan Azərbaycan Respublikasında milli şüurun inkişafı və vətənpərvərliyin yüksəldilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən olub. Nəzərə almalıyıq ki, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır.

Lakin təəssüflər olsun ki, torpaqlarının 20 faizi işğal altında olan ölkəmizdə gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər qənaətbəxş deyil. Bunu ilk növbədə analoji konsepsiyaların, layihələrin və proqramların tələb olunan keyfiyyətdə olmaması ilə izah etmək olar.

Vətənpərvərlik, dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dinlərə, məzhəblərə qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixoloji təsirin nəticəsidir. Bu cür qruplarla ən yaxşı mübarizə heç də onlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı, yəni dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Xalqımızın ən böyük dərdi Qarabağdır. Bu, hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması vacib şərtdir. Bunun üçün təlim-tərbiyə və təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətənin və xalqın marağını daha uca tutmağa hər an hazır olmalısan. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövrdə örnək və fəxr yerimiz olan Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır.

Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu məsələlərin təbliğində televiziya, radio, yazılı və elektron kütləvi informasiya vasitələri təsiredici rol oynaya bilər. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, vətənpərvərlik tərbiyəsində digər amillərin ciddi təsiri var. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Biz ailədə dili yenicə söz tutan uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün vuruşduğunu, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın nə üçün ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxarmasınlar.

Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə edir. Cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Əlbəttə, etiraf etmək lazımdır ki, bu gün təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılara böyük tələbat duyulur və bu, günümüzün tələbidir. Eyni zamanda jurnalistlərin vətənpərvərliyi də çox böyük əhəmiyyətə malik olan bir məsələdir.

Bəs görəsən, yazılı və elektron kütləvi informasiya vasitələrinin nümayəndələri mediada vətənpərvərlik hisslərinin artırılması kimi mövzulara nə dərəcədə üstünlük verirlər?

Hərbi jurnalist, araşdırmaçı Şəmistan Nəzirli bildirib ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır: "Vətəndaş öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, onun üçün savaşmaq çətin olacaq. SSRİ zamanında bizə elə təlqin edirdilər ki, guya hərb tariximiz yoxdur. O zaman cəmi iki generalımızı - Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskini tanıyırdıq. Halbuki çar Rusiyası və müstəqillik dövründə 69 generalımız olub. Onlar barədə də ziddiyyətli məlumatlara sahib idik. Biz hərb tariximizin bu məqamlarını öyrənməli, tədqiq edib KİV vasitəsi ilə cəmiyyətə çatdırmalıyıq. İndiki gənclərdə hərb sahəsinə maraq var. Mətbuatda da müəyyən dərəcədə bu mövzu işıqlanır. Amma problemlərimiz də çoxdur”.

Məsələylə bağlı fikirlərini bölüşən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, KİV-lərin qarşısında qoyulan müəyyən vəzifələr var. Bu vəzifələr konkret tələblər kimi xarakterizə olunmasa da, məsuliyyət tələb edən zəruri amillərdir: "Medianın necə işləməli olduğunu 1875-ci ildə Həsən bəy Zərdabi bizə göstərib. Zərdabi deyirdi ki, media xəbəri ictimaiyyətə maarifləndirici formada çatdırmalıdır. Düzdür, indi zaman dəyişib, media çox inkişaf edib, ancaq mətbuatın prinsipləri dəyişməyib. Xəbər saytları informasiyanı daha tez çatdırmaqla yanaşı, ictimai rəyə təsir edə biləcək vətənpərvər yazılara da üstünlük verməlidir. Hər birimiz jurnalist olmaqdan öncə Azərbaycan dövlətinin vətəndaşıyıq. Hamımızın vətəndaşlıq borcu, mənəvi öhdəliklərimiz var. Ona görə də media qurumları sadəcə xəbər ötürməklə, əyləndirməklə kifayətlənməli deyil. Qarşımıza qoyduğumuz məqsədi yerinə yetirəndə hər istiqaməti nəzərə almalıyıq. Vətənpərvərlik elə bir amildir ki, bu prosesdə peşəsindən asılı olmayaraq, hər kəsin üzərinə məsuliyyət düşür”.

Ekspert əksər media qurumlarının əyləncəli, şou xarakterli materiallar verməsinə də münasibət bildirib: "Materiallar ciddi və ya qeyri-ciddi ola bilər. Hər şey həmin mövzunun təqdimatından asılıdır. Biz demirik ki, ümumiyyətlə, şou mövzuları bir janr kimi istifadə olunmasın. Qonşu ölkələrdə, məsələn, Türkiyədə və Rusiyada o qədər maraqlı şou proqramlar var ki. Amma onların səviyyəsi yüksək olduğuna görə, ciddi tənqid olunmur. Fikrimcə, media oxucunun arxasınca sürünməməlidir. Mətbuat ictimai rəyə yön verməli, öz mövqeyini ortaya qoymalıdır. Təbii ki, jurnalistlərin səviyyəsindən də çox şey asılıdır. Aparıcılar, jurnalistlər özləri vətənpərvər olmalıdır ki, yazıları ilə kimlərəsə təsir göstərə bilsinlər. Unutmaq lazım deyil ki, biz cəmiyyətə nəyi təqdim ediriksə, insanlar onu oxuyur. Media vətənpərvər yazıları çoxaltmalıdır. Əvvəlcə özümüzə qarşı ciddi və məsuliyyətli olmalıyıq. Üzərimizə düşən öhdəliklərə ciddi yanaşmalıyıq. Qarşı tərəfi, oxucunu günahlandırmaq faydasızdır”.

"Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, medianın ənənəvi missiyaları var. Birinci missiyası informasiyanı oxuculara çatdırmaq, ikincisi isə maarifləndirməkdir, yəni cəmiyyətdə hər hansı fikir formalaşdırmaqdır: "Bu, bilavasitə mətbuatın işidir. Medianın tarixinə baxanda görürük ki, yazılı mətbuat daha çox analitik materiallara üstünlük verib. Müasir dövrdə də çap mediası müəyyən məsələləri araşdırır, cəmiyyətdə fikir oyadır, yönəldici yazılar dərc edir. Bu baxımdan hesab edirəm ki, mətbuat ictimaiyyətə vətənpərvərlik hissini aşılamağa borcludur. Hər bir media vasitəsinin öz oxucu auditoriyası və təsir imkanları var. Ona görə də KİV-lər milli maraqlara, xalqın mənafeyinə xidmət edərək maarifləndirmə işini daima aparmalıdır”.

Baş redaktorun sözlərinə görə, əgər torpaqlarımızın 20 faizi hələ də işğal altındadırsa, deməli, bugünkü medianın əsas işi gənc nəsli vətənpərvər ruhda yetişdirmək, maarifləndirməkdir: "Sözsüz ki, media təkcə vətənpərvərlik və maarifləndirmə işini yerinə yetirmir. Eyni zamanda bu gün onlayn media, internet media resursları həm də informasiya daşıyıcısıdır. Operativ informasiyanı ötürmək, o cümlədən oxucu auditoriyasını çoxaltmaq üçün bəzən sensasiyalara üstünlük verirlər. Bu, dünya praktikasında olan şeydir. Türkiyə mediasında da belədir. Bu cür üsullarla oxucu şəbəkəsini genişləndirən media qurumları öz kampaniyasını aparır. Yəni bunlar bilavasitə mətbuatın siyasətidir. Amma ümumilikdə götürəndə hesab edirəm ki, vətəndaş cəmiyyətinin formalaşmasında mətbuat bir institut olaraq mühüm rol oynayır. Həmçinin, bir institut olaraq vətəndaş cəmiyyətinin formalaşmasına öz töhfəsini verir. Nəzərə almaq lazımdır ki, media böyük bir qüvvədir. Yeri gələndə psixoloji, yeri gələndə mənəvi silahdır. Media istənilən vaxt şüurda müsbət və mənfi rəy formalaşdırmaq imkanına sahibdir. Bu səbəbdən mətbuatı konkret hansısa istiqamətdə xarakterizə etməklə onun miqyasını kiçildirik. Mətbuatın miqyası çox genişdir. Təkcə ölkə daxilində deyil, həm də xaricə çıxış imkanlarımız var. Ancaq hər şeydən əvvəl müxtəlif məqalələr yazan jurnalistlər, daha sonra onlara rəhbərlik edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər”.

"Xeber1.az” saytının təsisçisi Səbuhi Abbasov deyib ki, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi mövzusu media orqanlarında demək olar ki, ən az müraciət edilən mövzulardandır: "Bəzi kütləvi informasiya vasitələri sadəcə reytinq üçün çalışdıqlarına görə, bu mövzuya lazımi qədər diqqət ayırmırlar. Daha çox ucuz və qalmaqallı, yaxud da dezinformasiya xarakterli yazılara üstünlük verirlər. Belə mövzular daha çox bir neçə yazılı media orqanının, hansısa qeyri-hökumət təşkilatının, ictimai-sosial institutların, yaxud da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqələr zamanı daha da aktuallaşır. Hesab edirəm ki, bu amil eyni zamanda cəmiyyətin bu mövzuya münasibətini dəyişir”.

Baş redaktor qeyd edib ki, rəhbərlik etdiyi informasiya portalında bu istiqamətə xüsusi önəm verilir: "Qeyri-Hökumət Təşkilatı, sosial, layihə, hərbi, gənc mövqeyi kateqoriyaları da məhz bu missiyaya xidmət edir. Bundan başqa, biz saytın nəzdində ingilis və rus dilində rubrikalar da yaratmışıq. Əsas məqsədimiz ermənilərin ölkəmizə qarşı apardığı informasiya müharibəsində onlara layiqli cavab verməkdən ibarətdir”.

S.Abbasov bildirib ki, ölkəmizdə informasiya və söz azadlığı dünya standartlarına bərabər olduğu üçün son 3-4 ildə KİV orqanları, xüsusilə də internet media sürətlə inkişaf edib: "Demək olar ki, hər adda və mövzuda sayt fəaliyyət göstərir. Təəssüf ki, yeni yaradılan media qurumlarının hamısı heç də xoş niyyətlə açılmır. Beynəlxalq ermənipərəst qruplaşmaların təşəbbüsü ilə yaradılan xəbər saytları da var. Eyni zamanda sırf, loru dildə desək, "reket” fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan media qurumları da mövcuddur. Lakin bunların fəaliyyəti bəlli bir müddətə qədər davam edir, sonra isə aidiyyəti qurumlar bu media orqanları barədə ciddi ölçülər götürürlər”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb