Bir qrup azərbaycanlı jurnalistin Ərzurum, Qars və İqdır vilayətinə səfəri davam edir.
Qeyd edək ki, 4-8 may tarixlərində qardaş ölkənin bu bölgəsinə təşkil olunan səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və "Anadolu” agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilir. Səfərin məqsədi adıçəkilən şəhərlərdə ermənilərin törətdiyi qətliamları, kütləvi məzarlıqları görmək, 1915-ci il hadisələrinin canlı şahidləri ilə görüşməkdir. Artıq jurnalist qrupu Ərzurum görüşlərini başa çatdıraraq Qarsa gəlib.
Jurnalist qrupu Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı ilə də görüşüb. Baş konsul jurnalistlərə konsulluğun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Baş Konsulluğun fəaliyyəti Türkiyənin 17 vilayətini əhatə edir. Söhbət zamanı diplomat qeyd edib ki, Qarsda 200-ə qədər azərbaycanlı tələbə təhsil alır. Ayxan Süleymanlı səmimi söhbət zamanı deyib ki, burada yaşayan və işləyən, oxuyan Azərbaycan vətəndaşlarının problemləri ilə yaxından maraqlanır və çətinliklər yaranan zaman onun həlli üçün addımlar atılır.
"Bu ərazilərdə gerçək soyqırım türklərə qarşı törədilib”
Qars Türkiyənin erməni zülmündən əzab çəkən şəhərlərindən biridir. Jurnalist qrupu burada 1992-ci ildə qurulan Qafqaz Universitetində olub. Məlumat üçün deyək ki, universitetin 16 mindən çox tələbəsi var. Bunun 560 tələbəsi xaricdən gəlib təhsil alanlardır. Onların arasında azərbaycanlı tələbələr xüsusilə çoxluq edir. Həmçinin Türkmənistan və digər dövlətlərdən olan tələbələr də burada oxuyurlar. Qafqaz Dövlət Universiteti sıralamaya görə, Türkiyədə 63-cü yerdə qərarlaşıb. Azərbaycanlı jurnalistlərlə görüşən universitetin rektoru, professor Sami Özcan bildirib ki, bu təhsil ocağına 2010-cu ildən etibarən rəhbərlik edir. Onun sözlərinə görə, Qars ermənilərin türklərə qarşı törətdiyi qətliamlara bilavasitə şahidlik edib: "Osmanlı zamanı ən yaxşı yaşayan millət ermənilər olub. Ermənilər hərbi xidmətə aparılmayıb, onlardan vergi alınmayıb. Ancaq buna baxmayaraq Osmanlının ən ağır dönəmlərində ermənilər ona arxadan zərbələr endirməyə başlayıb. Lakin bu gün dünyada bəzi ölkələr və qurumlar saxta erməni soyqırımı haqqında danışır. 1992-ci ildə Xocalıda baş verən soyqırımı, Bosniyada yaşanan qətliamları görməyənlər sözdə erməni soyqırımı haqqında çox ürəklə danışırlar, iddialar irəli sürürlər. Mən tarixçi deyiləm. Ancaq Türkiyə və Azərbaycan tarixçiləri, eləcə də Avropada yaşayan və ədalətli araşdırma aparan tarixçilər ciddi tarixi faktlara söykənərək bəyan edirlər ki, bu ərazilərdə gerçək soyqırım türklərə qarşı törədilib. Qarsda erməni qətliamı səbəbindən toplu məzarlıqlar var. Buna hər kəs şahiddir”.
Rektor Sami Özcan qeyd edib ki, olmayan bir soyqırımı Türkiyəyə qəbul etdirə bilməzlər. Onun sözlərinə görə, bu, hüquqi deyil, siyasi bir məsələdir: "Hüquqi baxımdan uduzacaqlarını bilən ermənilər və onun dəstəkçiləri məsələni siyasiləşdirməklə üstünlük qazanacağını düşünür. Ancaq bu, imkansızdır”.
"Qarsda ermənilərin törətdiyi vəhşiliyin izləri tarixi faktlar baxımından mövcuddur”
Səfər zamanı Qars bələdiyyə başqanı Murtaza Karaçanta ilə də geniş bir görüş keçirildi. Azərbaycanlı jurnalistləri ayaq üstə qarşılayan Karaçanta Azərbaycan kökənli türk olduğunu, babalarının Qərbi Azərbaycandan Qarsa köçdüyünü bildirdi: "Dəfələrlə Bakıda olmuşam. Bakıda, Sumqayıtda, Mingəçevirdə mənim qohumlarım yaşayır. Sovetlər zamanı onları tapmaq, görüşmək mümkün deyildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycana gələrək bütün qohumlarımı tapdım. Ustad şair Bəxtiyar Vahabzadənin doğulduğu Şəkiyə getdim”.
Bələdiyyə başqanı bildirib ki, Qars əhalisinin yarıdan çoxu Azərbaycan kökənli insanlardır və onların çoxu adət-ənənəni saxlayıblar: "Türkiyənin harasında qarşınıza Azərbaycan kökənli bir insan çıxarsa, bilin ki, həmin şəxs Qarsdan gedib”. Millətçi Hərəkat Partiyasından olan bələdiyyə başqanı Qarsın strateji əhəmiyyətinə toxunub. O, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan üçün vacib ölkə olduğunu vurğulayıb. Deyib ki, Qarsda ermənilərin törətdiyi vəhşiliyin izləri tarixi faktlar baxımından mövcuddur. Görüş zamanı bələdiyyə başqanı Ermənistanla sərhəd qapısının açılmayacağını jurnalistlərin diqqətinə çatdırıb.
Ermənilərin iddia etdiyi Ani qədim şəhəri...
Jurnalistlər Qarsda yerləşən qədim Ani antik şəhərini də ziyarət ediblər. Qarsdan 42 kilometr aralıda, Ocaqlı kəndində yerləşən bu qədim şəhər qalıqları turistlərin tez-tez ziyarət etdiyi məkanlardandır. Türkiyə-Ermənistan sərhədində, Arpaçay kənarında yerləşən bu qədim şəhər orta əsrlərdə mövcud olub. Ani Anadoluya İpək Yolu üzərindən girişdə ilk şəhər sayılır. Antik şəhərin ən başlanğıc tarixi eramızdan əvvəl 5000-ci ilə hesablanıb. Tarixi mənbələrə görə, şəhər eramızdan əvvəl 964-cü ildə Aşot Baqratyan tərəfindən salınıb. Ondan əvvəl isə burada türklər yaşayıblar. Şəhəri Səlcuq sultanı Alparslan 1064-cü ildə fəth edib. Bu faktı sübuta yetirən 4 sətirlik kitabə də mövcuddur. Sözügedən hal bu ərazilərin əvvəllər türklərə aid olduğunu, Sultan Alparslan fəth etdikdən sonra ermənilərdən geri alındığını göstərir. Bu gün 78 hektar ərazisi olan Anidə məscid, kilsə, hamam, saray, karvansaray körpü, bazar qalıqları və s. var. Məhz bu da bölgəyə gələn turistlərin diqqətini cəlb edir. Ani qədim şəhəri güclü zəlzələ nəticəsində yerlə-yeksan olub, şəhər bütünlüklə batıb. Sadəcə böyük tikintilər bu günümüzdə qalmaqdadır. Məsələn, hamam, bazar, məscid, kilsə qalıqları bu gün də qorunub saxlanır. Burada Fəthiyyə məscidi, Keçəl kilsəsi, Qaqik kilsəsi, Poladoğlu kilsəsi, Tiqran Honents kilsəsi, Gənc qızlar kilsəsi, Rahibələr monastrı, Əbul Mönücöhr məscidi, Əbul Muammeran məscidi, Səlcuq sarayı İpək Yolu körpüsü və yaşayış evlərinin xarabalıqları mövcudluğunu saxlayır. Zəlzələ nəticəsində batan şəhərin qalıqları hələ tam olaraq üzə çıxarılmayıb.
Ermənistan sərhədini rus əsgəri qoruyur
Qədim şəhərin bələdçisi bildirdi ki, ən sonuncu, 1957-ci ildəki zəlzələdə buradakı abidələrdən yenə də qopmalar olub. Bələdçi bildirib ki, hər il universitetlərin tələbələri burada arxeoloji qazıntılar aparıb yerin altındakı obyektləri üzə çıxarırlar. Bütünlükdə isə bu yaşayış məntəqəsini üzə çıxarmaq üçün külli miqdarda maliyyə vəsaitinin lazım olduğunu söyləyib. Bələdçi onu da vurğulayıb ki, Ani şəhəri UNESCO tərəfindən qorunur.
Bu qədim məskəndə olarkən diqqətimizi Ermənistan tərəfdə daş çıxarılması cəlb etdi. Ermənistanın Türkiyə ilə sərhədindən, Anidən təxminən 200 metr aralıda, düşmən ölkə ərazisində yerdən daş çıxarılır. Bələdçi bildirdi ki, oradan çıxan daş Anidəki qədim kilsələrin tikintisində istifadə olunan daşdan olduğu üçün, onlar bunu çıxarıb İrəvana aparırlar. Onun dediyinə görə, həmin daşlardan İrəvanda süni Ani şəhəri yaradılır. Məlumatlara görə, artıq bu işlərə başlanılıb. Bələdçi qeyd edib ki, ermənilər həmişə olduğu kimi bu dəfə də iftiraya əl ataraq, Ani qədim şəhərinin onlara mənsub olduğunu iddia edirlər. Dolayısı ilə bu yolla Qars ərazisinin də onların olduğunu isbatlamaq istəyirlər. Tarixçilər isə bildirirlər ki, ermənilər Anidə yaşayıblar. Amma yaşamaqları, orada kilsələrin olması o demək deyil ki, Ani onların olub. Sadəcə, oradakı ermənilərin ayinlərini yerinə yetirməsi üçün orta əsrlərdə türklər onlara şərait yaradıblar. Oradakı təkcə erməni deyil, gürcü kilsələrinin də mövcudluğu, həmçinin məscidlərin olması bunu sübuta yetirir ki, Ani ermənilərə məxsus deyil.
Qədim şəhər qalıqlarında gəzərkən maraqlı faktla da rastlaşdıq. Buradan Ermənistanın sərhəd əsgəri məntəqəsi aydın şəkildə görünür. Sərhəd məntəqəsində iki bayrağın, Rusiya və Ermənistan bayrağının dalğalanması düşmən ölkənin maşa olduğunu göstərir. Ermənistan sərhədlərinin rus əsgərləri tərəfindən qorunduğu haqqında zaman-zaman mətbuatımızda yazılıb. Bu, ermənilər tərəfindən inkar edilsə də, Türkiyə ilə sərhəd məntəqədə Rusiya bayrağının
Ermənistan bayrağından daha yüksəkdə dalğalandığını əyani şəkildə gördük. Bu isə bir daha onu göstərir ki, Ermənistan Rusiyanın forpostu funksiyasını yerinə yetirməkdədir.
Anar Bayramoğlu,
Bakı-Ərzurum-Qars-İqdır-Bakı