Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı kampaniya güclənir

“Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” mövzusunda dəyirmi masa keçirilib



"Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası "Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı kampaniya güclənir.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, bu kampaniyanın səbəblərini araşdırmaq üçün nədən qaynaqlandığına diqqət etmək lazımdır: "Avropa Oyunları ərəfəsində bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bilən Ermənistan diasporu və onunla əməkdaşlıq edən qüvvələr ölkənin imicinə zərbə vurmaq üçün anti-Azərbaycan kampaniyasına dəstək verir. Hücumların daha bir səbəbi Azərbaycan xalqının diqqətini oyundan yayındırmaq və cəmiyyətdə gərginlik və qarşıdurma yaratmaqdan ibarətdir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirib ki, Avropanın özündə də sərbəst toplaşmaq haqqında qanunlarda xeyli problem var: "Avropada sərbəst toplaşmaq azadlığı qanunvericilikdə nəzərdə tutulmuş şəkildə tam təmin olunmayıb. Azərbaycanda isə söz və mətbuat azadlığı, insan hüquqları təmin olunur”.

"Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycan qarşı kampaniya aparmasında məqsəd ölkənin müstəqil siyasətinə kölgə salmaqdır. O bildirib ki, bütün bunlar daha çox Qərbin ikili standartlarından irəli gəlir: "Məsələn, Dağlıq Qarabağla, Krıma yanaşma eyni deyil. Dağlıq Qarabağı illərdir, işğal edən Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Rusiya ilə bağlı tədbirlər görülür. Azərbaycanın balanslaşdırılmış siyasət yeritdiyindən, Qərbin bu ikili standartları ilə barışmır”.
Sonra məruzələr ətrafında çıxışlar olub.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin sədri Fikrət Yusifov bildirib ki, Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər Avropa Oyunlarından sonra da davam edəcək.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə Azərbaycanın qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı böyük işlər gördüyünü qeyd edib.