Tarix yazılacaq...

Təranə Xudabaxşiyeva: “Avropa yarışlarında tarixə sevincli, gülərüz düşün”
“Qarayaxma ilə məşğul olan qüvvələrin əllərinin kiri öz paltarlarını çirkləndirəcək”


Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Əlbəttə, Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox ciddi tarixi hadisədir. Marafonun ölkəmizə həvalə olunması Azərbaycanın yüksək beynəlxalq imicə, nüfuza və sürətli iqtisadi inkişafa malik olmasının, dünyada idman ölkəsi kimi tanınmasının göstəricisidir.

Həmçinin ölkəmiz bununla demokratik dəyərlərə sadiq qaldığını, tolerantlığını, insan faktoruna yüksək qiymət verdiyini, azad söz və ifadənin carçısı olduğunu bir daha sübut etdi. Belə möhtəşəm tədbirlərin keçirilməsi çoxsaylı irimiqyaslı marafonların ölkəmizdə baş tutmasına zəmin yaradacaq. Bu sahədəki təcrübəmizin artmasına təkan verəcək. Vətəndaşlarımızın idmana olan istəyi, həvəsi yüksələcək.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, oyunlarla əlaqədar paytaxt Bakı və digər rayonlarımızda abadlıq və yenidənqurma işləri aparılır. Artıq ölkəmizin bütün şəhər və rayonları abad guşələrə çevrilib. Bütün göstərilən müsbət addımları nəzərə alıb, yarış barədə peşəkar idmançı, taekvando idman növü üzrə milli hakim, jurnalist Təranə Xudabaxşiyevanın fikirlərini öyrəndik. O, "Şərq”ə müsahibəsində söylədi ki, I Avropa Oyunları ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir: "Baxın, bir misal deyim. Olimpiya Oyunları çox ölkələrdə qeyd edilib və edilir də. Amma Olimpiya Oyunları deyiləndə, ilk xatırladığımız ölkə Yunanıstan olur və elə bu ölkənin qoyduğu qanunlarla Olimpiya Oyunları keçirilir. Əsrlər keçməsinə baxmayaraq, yenə ilk ölkə olaraq Yunanıstan xatırlanır və xatırlanacaq da. Avropa Oyunlarının da ilk ev yiyəsi biz olacağıq və əsrlər keçsə də, yenə də Azərbaycanda başlanan Avropa Oyunları deyiləcək. Bir sözlə, dünya idman tarixinə qızıl hərflərlə adımızı yazacağıq. Bununla yanaşı, bizi tanıyanlar daha yaxşı tanıyacaq, tanımayanlar tanıyıb heyran olacaq. Bir daha dünyada idman ölkəsi kimi tanınacağıq.

- Bu tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından nə kimi önəm daşıyır?

- Bilirsiniz, həqiqətlər göz qabağındadır. Sadəcə onları görmək istəmirlər. Fikir verin, bu oyunların bir gözəl üstünlüyü də olacaq. Məsələn, hansısa Avropada yaşayan insan Azərbaycanı daha yaxşı tanımaq istəyir və ən azından internet vasitəsi ilə axtarış edəcək və bizim həqiqətlər haqqında daha çox məlumat alacaq. Oyunlar zamanı yüzlərlə avropalı mədəniyyətimiz və tariximizə dair dərin məlumatlar əldə edəcəklər. Bu da bizim böyük uğurumuz olacaq.

- Yarışın ölkəmizdə təşkili Azərbaycan idmanına nə vəd edir?

- Əminliklə deyə bilərəm ki, bu, ölkəmizdə idmana olan marağı daha da artıracaq. Azərbaycan idmanında böyük canlanma olacaq. Uşaqlarla yanaşı, valideynlərin də marağı artacaq və idman zallarında daha da canlanma yaşanacaq. Və bu da gələcək Avropa, dünya və Olimpiya Oyunlarında iştirak edə biləcək idmançıların çoxalacağına şərait yaradacaq. Hansı idman növündən nəticə çox olacaqsa, həmin növə meyl artacaq. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İl ərzində müxtəlif idman növləri üzrə Avropa və dünya eynilə beynəlxalq turnirlərin keçirilməsi buna bariz nümunədir. Bir daha qeyd edirəm ki, bu, ölkədə daha da çox mötəbər yarışların keçirilməsinə şərait yaradacaq. Bəlkə də bu yarış sayəsində idmana maraq göstərən gənc və yeniyetmələr arasında gələcəyin Avropa, dünya və olimpiya çempionları olacaq. Bir sözlə, Avropa Oyunları Azərbaycan idmanına canlanma gətirəcək.

- Oyunlardan ölkəmiz hansı təcrübəni qazanacaq?

- Azərbaycan artıq 20 ildir ki, idman ölkəsi kimi dünyada tanınır. Dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi edib. Bu da onu göstərir ki, Azərbaycan idman yarışları keçirmək üçün təcrübəli ölkədir. Danılmaz faktdır ki, cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın idman sahəsində gördüyü böyük işlər nəticəsində uğurlarımızın ardı-arası kəsilmir. Və Avropa Oyunlarında da qazanacağınız nəticə bizə 2017 İslam Oyunlarında daha çox lazım olacaq.

- Yarışın qabaqcıl Avropa ölkələrindən birinin deyil, məhz gənc bir dövlətin paytaxtında keçirilməsi əksər müşahidəçilərin təəccübünə səbəb olub. Sizcə, avropalıların belə bir qərara gəlməsinə hansı amillər rəvac verib?

- Əslində birinci belə möhtəşəm oyunların keçirilməsi üçün hər bir Avropa ölkəsi mübarizə aparırdı. Dediyim kimi, qısa zamanda Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması 2015-ci il ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə şərait yaratdı. Başqa Avropa ölkələrinin narazı qalmasına gəldikdə isə, bu, normal haldır. Açıq mübarizədə belə bir tarixi şansı qaçırdıqları üçün məyusluqla şikayət edirlər.

- Tərəqqimizi gözü götürməyən bəzi qüvvələr mövcuddur. Ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar...

- Mənə elə bir amil göstərin ki, hamının ondan xoşu gəlsin. Bu mümkün deyil. Qarayaxma ilə məşğul olan qüvvələrin əllərinin kiri öz paltarlarını çirkləndirəcək. Ölkənin böyük uğuruna sevinməmək mənə qəribə gəlir. O qüvvələrə demək istəyirəm ki, tarix yazılacaq Avropa yarışlarında tarixə sevincli, gülərüz düşün. Siz canlı tarixin şahidi olacaqsınız.
Oyunlara qalan müddətin azlığı və idmançılarımızın hazırlığı məsələlərini nəzərə alıb, suallarımızın istiqamətini dəyişdik.

- Hazırda idmançı gənclər dövlətin onlara olan inamını doğrulda bilirmi?

- Azərbaycanda gənclərə dövlət qayğısı olduqca yüksək səviyyədədir. Xüsusi olaraq son dövrlər gənclərə ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə göstərilən dəstək qürurvericidir. Dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. 2013-cü ildə ayrı-ayrı nazirliklərin, xüsusi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən gənclər mükafatının təsis edilməsi fəal gənclərin ölkənin ictimai-siyasi həyatında daha da aktiv fəaliyyət göstərməsinə marağı artırmaqdadır. Gənclərə dövlətin yüksələn xətt üzrə göstərdiyi qayğı bizlərə olan inamın açıq isbatıdır. Ancaq açıq bildirmək istəyirəm ki, bəzi gənclərimizin milli vətənpərvərlik və dövlətçilik prinsiplərini dərindən mənimsəyərək əməli fəaliyyətlərinə transfer etməsinin şahidi ola bilmirik. Belə olduqda dövlətin gənclərə olan inamından sui-istifadə halları ilə rastlaşırıq. Lakin onu da bildirməliyəm ki, indiki halda ölkəmizdə yüzlərlə milli ideoloji düşüncəyə malik vətənpərvər gənclərimizin olması da bizlərə ümid verir.

- Taekvandoçularımız döyüşlərə hazırdırlarmı?

- Onların məşqləri yüksək səviyyədə davam edir.

- Gözləntiləriniz nədir?

- İnşallah, idmançılarımızdan böyük uğurlar gözləyirik. Bütün idman növlərindən uğur gözləyirəm. Hər növdə qələbə bizim uğurumuzdur. Hər qızıl medal himnimizin səslənməsidir, bayrağımızın ucalmasıdır. İdmançılarımızdan yalnız qələbə gözləyirəm. Hamımıza möhtəşəm yarışda uğur arzulayıram. Yarış müddəti yalnız sevincli hisslər yaşayaq. İnşallah, oyunlara ev sahibliyi etməklə yanaşı, qələbələrimizlə də tarixə düşəcəyik.

Ayyət Əhməd