Ötən gün Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının üzərindəki dövlət bayrağı və bayrağın yerləşdirildiyi lövhə oğurlanıb. Partiyadan verilən məlumata görə, KXCP artıq üçüncü dəfədir belə bir hadisə ilə üzləşir.
Bir neçə dəfə təkrarlanan oğurluqla bağlı "Şərq”ə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hadisəni dövlət bayrağına və partiyaya qarşı təxribat, hörmətsizlik kimi dəyərləndirib: "Oğurluq xəstə bir adamın işi də ola bilər, bizə sataşmaq istəyən hansısa qüvvələrin də. Amma indiyə kimi üç dəfə yaşanmış hadisənin üstünün açılmaması müəyyən suallar doğurur. Hadisə baş verən yerdə gecə-gündüz hər şeyi lentə alan bir neçə video-kamera var. Onlardan biri binanın ətrafındkı təhlükəsizlik kamerasıdır. Hesab edirəm ki, bu, polisin bizə qarşı olan münasibətidir. Oğru indiyə kimi tapılmalıydı, əgər xəstə ruhlu insan idisə, müalicəyə göndərilməliydi”.
M.Mirəlioğlu deyib ki, onlar bayrağın qaldırılmasında və onun bərpasında iştirak ediblər: "Belə bir hadisəni özümüzə qarşı böyük ayıb bilirik. Oğru mütləq tapılmalıdır. Polis əvvəlki hadisələrdə bizə deyirdi ki, guya futbola gedən azarkeşlər oradan keçərkən bayrağı götürüblər. Lakin bayrağımız qaynaq edilmiş dirəyi sındırılaraq təhqirəmiz şəkildə oğurlanıb. Yoldan keçən bir gəncin təsadüfən bunu etməsi inandırıcı deyil. Bayrağı aparmaq üçün çox ciddi-cəhdlə çalışıblar”.
Partiya sədrinin fikrincə, bir an öncə oğrunun tapılması həm polis, həm də onlar üçün çox yaxşı olar: "Təhqiqatçı qruplar hadisə yerindən əl izləri götürüblər. Deyəsən, bu dəfə hüquq-mühafizə orqanları olaya daha ciddi yanaşırlar. Ümid edirik, oğru tapılacaq. Çox istərdim ki, o adam tapılsın və onun gözünün içinə baxaraq, bayrağı niyə aldığını soruşum. Aydınlaşdırım, görüm, o həqiqətən bizim millətdəndir, yoxsa dəlidir, xəstədir..”.
İsmayıl