"Burada iki yol var: hərb və sülh. Azərbaycan hər ikisinə hazırdır...”
Azərbaycan Silahlı Qüvvələrinin hərbi gücü və döyüş əzmi düşmən tərəfdə əməlli-başlı xof yaradıb. Erməni əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində təxribat törətmək cəhdləri hər nə qədər intensivləşsə də, hər dəfə bu təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən sərt şəkildə alınır.
Düşmən isə hər dəfə böyük zərbə alaraq və ağır itki verərək geri çəkilməyə məcbur olur. Bu mənada Ermənistan rəhbərliyinin təşvişə düşməsi əbəs yerə deyil. Bunun bir səbəbi bu ölkədəki ağır sosial-iqtisadi şəraitin diktə etdiyi kütləvi etiraz dalğasının artmasıdırsa, digər səbəbi də Azərbaycanın gündən-günə artan iqtisadi gücü və hərbi qüdrətinin ermənilərdə yaratdığı qorxu hissidir. Ermənistanda artıq anlamağa başlayırlar ki, yaranmış geosiyasi vəziyyət hər gün Azərbaycanın xeyrinə işləyir. Azərbaycan hər an torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər və bu, Ermənistanın onsuz da qaranlıq görünən gələcəyinin sonu deməkdir. Amma Azərbaycan ordusunun gücündən qorxan Ermənistan rəhbərliyinin bunu açıq şəkildə etiraf etmək cəsarətləri olmadığı üçün öz narahatlıqlarını Rusiya faktoru ilə ifadə edirlər. Bir sözlə, bütün dünyada Rusiyanın for - postu kimi tanınan, birbaşa Kremlin diktəsi ilə idarə olunan Ermənistanda Rusiya-Azərbaycan hərbi əməkdaşlığı ciddi narahatlıq doğurub. Ancaq bunun da nəzarət edilən vəziyyət olduğunu deyən Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib: "Əgər hərbi-texniki sahədə Rusiyanın Ermənistan və digər ölkələrlə əməkdaşlığını müqayisə etsək, onda bu sahədə ən çox tədbirlər Ermənistanla keçirilir. Yeri gəlmişkən, bu yaxınlarda hərbi-texniki sahənin inkişafını nəzərdə tutan vacib sənədlər imzalanıb”.
Ohanyanın Rusiya ilə Azərbaycan hərbi əməkdaşlığına dair narahatlığını şərh edən politoloq Natiq Miri deyib ki, bu ajiotaj sadəcə qabaqlayıcı tədbirlər silsiləsindəndir: "Hay-küy salmaqla dünyanın diqqətini, xüsusilə də Qərb dünyasının diqqətini özlərinə cəlb etmək və onlardan yardım almaq istəyirlər. Qərb maraq göstərdikcə də belə vəziyyət Rusiyanı Ermənistanı birmənalı dəstəkləmək zərurəti yaradır. Yəni hər iki vəziyyət Ermənistanın maraqlarına oynayır”.
N.Mirinin sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri ermənilər tərəfindən qəsdən şişirdilmiş vəziyyətdə təqdim olunur: "Əgər həqiqətən də Rusiya erməniləri Azərbaycan və Türkiyə ilə münasibətlərə qurban vermiş olsaydı, onda qondarma soyqırımın ildönümü üçün Ermənistana getməzdi. Ermənistana getməklə əslində Rusiya prezidenti strateji seçimini ortaya qoymuş oldu. Həqiqi mənada isə Azərbaycan-Rusiya münasibətləri pis deyil, ancaq bu münasibətlər Qarabağ probleminin ədalətli həlli üçün yetərli deyil. Çünki Rusiyanın indiki çətin
durumunda bu münasibətlər yalnız Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Bu maraqlar isə indiki vəziyyətdə Qarabağ probleminin ədalətli həllini özündə ehtiva etmir”.
Siyasi şərhçi Arzu Nağıyevin qənaətincə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan son vaxtlar öz çıxışlarında Azərbaycanla müxtəlif beynəlxalq qurumların, dövlətlərin münasibətlərinə xələl gətirmək xəttini seçib: "Sonuncu çıxışında guya ki, Azərbaycanın sülh istəməməsi və ATƏT-in Minsk Qrupunun təkliflərinə zidd hərəkət etdiyini bəhanə gətirib. Söhbət ərazi bütövlüyündən və işğal edilən ərazilərdən düşəndə, dərhal snayperlər və təmas xəttində baş verənləri yada salan erməni nazirlər müxtəlif bəhanələrə əl atır, əsas səbəb kimi atəşkəsin saxlanmasını misal çəkirlər. Əlbəttə, atəşkəsə əməl edilməsi vacib şərtdir, lakin bunu ilk pozan da elə ermənilərin özüdür, artıq atəşkəslə vaxt uzadılması vaxtı deyil”.
Rusiya-Azərbaycan hərbi əməkdaşlığına gəldikdə isə politoloq deyib ki, ortada elə bir ciddi əməkdaşlıq yoxdur. Ola bilsin, hərbi sursat və digər ləvazimatların alqı-satqısından gedən söhbət bəhanə gətirilir: "Yəqin Ohanyan özlərini kiminləsə səhv salıb, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasını görmür və ya görmək istəmir. Heç vaxt unutmaq lazım deyil ki, Ermənistan Rusiyanın regiondakı vassalı və hərbi müttəfiqidir. Öz bəyanatları ilə Seyran Ohanyan sadəcə olaraq çaşqınlıq yaradır və son zamanlar Ermənistan ordusunun məğlubiyyəti və itkilərinin səbəbini gizlətmək taktikasına əl atır”. A.Nağıyevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli heç bir halda Ohanyanın çıxışı ilə tənzimlənə bilməz: "Burada iki yol var: hərb və sülh. Azərbaycan da beynəlxalq hüquq normalarına riayət etməklə hər ikisinə hazırdır...”.
Şəymən