Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tarixi şəxsiyyətlər haqqında məlumatların cəmiyyətə düzgün təqdim edilməsi üçün yeni araşdırmalara başlayıb. Bu barədə məlumat verən institutun direktoru Yaqub Mahmudov deyib ki, Azərbaycanın sovet dövründəki tarixi şəxsiyyətləri haqqında məlumatlar təhrif edilib. Buna görə də bu sahədə yeni araşdırmaların aparılmasına ehtiyac var:
"Sovet dövründə tarixi şəxsiyyətlərimiz, xüsusən Nəriman Nərimanov xalqımıza düzgün təqdim edilməyib. O, Azərbaycan xalqına divan tutan cəlladlara qarşı təkbaşına mübarizə aparıb. Onu Moskvaya, Kremlə apararaq orada həyatından məhrum ediblər”. Y.Mahmudovun sözlərinə görə, arxivlərdən N.Nərimanov haqqında yeni sənədlər əldə edilib. Nərimanovun dahi şəxsiyyət olduğunu sübut edən həmin sənədləri bu yaxınlarda ictimaiyyətə təqdim edəcəyik”. Xatırladaq ki, ictimai-siyasi xadim, yazıçı, həkim, Azərbaycan sovet respublikasının ilk dövlət başçısı Nəriman Nərimanova münasibət ölkə ictimaiyyətində birmənalı deyil. Bəziləri onun fəaliyyətini yüksək qiymətləndirsələr də, müxtəlif məsələlərdən dolayı Nərimanovu suçlayanlar da kifayət qədər çoxdur.
İnstitutun araşdırmasını dəyərləndirən tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimli qurum tərəfindən göstərilən təşəbbüsü alqışlayıb: "Əvvəla deyim ki, Yaqub müəllimin rəhbərlik etdiyi Tarix İnstitutu Azərbaycanın tale yüklü məsələlərinə kifayət qədər obyektiv və diqqətli yanaşır. 30 il ərzində görülməyən çox mühüm işlər son on ildə həyata keçirilib. İnstitut elmi mərkəz kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir”. Professor bəyan edib ki, Nəriman Nərimanov haqqında mənfi düşünən və danışan insanlar iki səbəbdən bunu edirlər. Birinci səbəb odur ki, onu qaralayanlar Nərimanovun yaşadığı ictimai-siyasi mühiti bilmirlər. Onlar dövrün tarixi ziddiyyətlərindən və Nərimanovun həmin proseslərdə iştirakından xəbərsizdirlər. Əgər həqiqətləri bilsəydilər, heç vaxt onun haqqında mənfi fikir söyləməzdilər: "Nərimanov çox vaxt kommunist düşüncəsi ilə təqdim olunur. Bu səbəbdən kommunistlərə qarşı olan ümumi mənfi əhval-ruhiyyə Nərimanova yönəldilir. 1996-cı ildə çap olunmuş "Milli baxışlı kommunistlərin təqibi” adlı monoqrafiyamda Nərimanov haqqında obyektiv fikirlərimi söyləmişəm. O zaman da ona qarşı hücumlar edilirdi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Nəriman Nərimanov adlı 609 nömrəli fond var. Nərimanov haqqında obyektiv və qərəzsiz mövqe tutmaq üçün mütləq həmin fondda işləmək lazımdır. Tarixi sənədlərdən xəbəri olmayan kimsə qabağına yaxşı dəmlənmiş bir stəkan çay qoyur, içinə də limon atır, başlayır N.Nərimanov haqqında sərsəm fikirlər söyləməyə. Bu cür mövqe tarixi və elmi deyil, yanlış və uydurmadır. Nərimanov Azərbaycanın böyük tarixi şəxsiyyətidir. O, dövrünün girdabına düşmüş dövlət adamıdır. Əgər Nərimanov olmasaydı, Azərbaycanda kütləvi qırğınlar və siyasi-milli təqiblər daha çox olardı”.
Tarixçi-alimin sözlərinə görə, 1920-ci il may ayının 16-da Nərimanov hökumət başçısı seçilir və azərbaycanlılardan ibarət bir hökumət yaradır: "Artıq o vaxt Azərbaycan işğal olunmuşdu. Nərimanovun düşdüyü mühiti o dövrdə Xalq Təsərrüfatı Şurasının sədri N.Solovyov çox gözəl
açıqlayıb. İki ay Azərbaycandakı vəziyyəti izləyən Solovyov Leninə məktubunda belə deyirdi: "Çevrilişə qədər Azərbaycan ziyalıları içərisində sovet hakimiyyətinə müəyyən rəğbət vardı. Ona görə də çevrilişdən sonra azərbaycanlılardan ibarət bir hökumət yaradıldı. Ancaq o hökumətin üstündə də bir hakimiyyət var: - Azərbaycan Kommunist Partiyası. AKP-nin rəhbəri erməni və gürcü millətçilərindən ibarətdir. Bunlar sanki Azərbaycanı "başsız” qoymaq fikrinə düşüblər. Sağdan-sola, soldan-sağa azərbaycanlılar güllələnir. Küçələrdə kütləvi sürətdə həbs edilib aparılan azərbaycanlılara baxan ermənilərin təbəssümləri bir daha təsdiq edir ki, Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ümummilli fəlakətdir”. Həqiqətən də çevriliş ölkə üçün ən böyük fəlakət idi. 1920-ci ilin aprelindən, 1921-ci ilin avqustuna qədər 48 min azərbaycanlı güllələndi. Bax, dövr elə idi. Azərbaycana divan tutulurdu. Bütün bunların qarşısında Nərimanov cəsarətlə dururdu. O zaman iki xətt var idi, biri ölkənin simasını saxlamaq, digəri isə ölkəni simasızlaşdırmaq.
Ölkənin simasını saxlayan qüvvələrin başında Nəriman Nərimanov dayanırdı. Simasızlaşdıranlar isə 31 mart soyqırımını törədən, bolşevik libası geyinmiş ermənilər idi. Çox təəssüf ki, genetik kodunda Azərbaycandan əsər-əlamət olmayan "özümüzünkülər” də xalq uğrunda mübarizə aparan tarixi bir şəxsiyyəti əsassız olaraq tənqid edirlər. Axı o, bundan artıq Azərbaycan üçün nə etməli idi? Nərimanov vağzalda qatardan düşəndə millət onun qabağına axışdı və göz yaşları ilə dedi ki, "doktor, bizi məhv edirlər, xilas edin!”. Çox təəssüf ki, qeyri-milli ruhlu "azərbaycanlılar” ermənilərlə eyni mövqedən çıxış edərək N.Nərimanovu alçaltmağa çalışırlar. Ümummilli lider Heydər Əliyev 1970-ci ildə N.Nərimanova bəraət qazandırıb ona heykəl qoyanda də həmin "millətçi” qruplar ona qarşı çıxdılar. Amma ulu öndər onları yerində otuzdurdu. Ona görə də hesab edirəm ki, Nərimanovun yeni obrazı yaradılmalıdır”.
İsmayıl