“O bataqlıqda batanlar öz günlərinə ağlamalıdırlar”

Razi Nurullayev: “Mənim hörmətim, izzətim əvvəlkindən də çoxdur”


"Yeni Müsavat” qəzetinin ötən sayında "AXCP-də "təmizləmə işi”nə start verilir” başlıqlı məqalə dərc olunub. Qəzet yazır ki, sözügedən təşkilat daxilindəki gərginlik getdikcə şiddətlənir.

Hətta yaxın günlərdə iki nüfuzlu şəxsin qurumdan çıxarılacağına dair xəbərlər yayılıb. Bu şəxslərin partiyanın Nərimanov şöbəsinin təşkilatı məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu və Gənclər Komitəsinin gənclər üzrə sədr müavini Dəyanət Babayev olduğu bildirilir. Və onların qurumdan kənarlaşdırılmalarının səbəbi sosial şəbəkələrdə partiya rəhbərliyini tənqid etmələri ilə izah olunur. Məqalədə o da qeyd olunub ki, adıçəkilən şəxslər təşkilatdan çıxarılmaları haqda iddiaları təsdiqləyiblər. A.Tanrıverdioğlu söyləyib ki, təşkilatdan uzaqlaşdırılmasının arxasında qurum sədrinin müavini Fuad Qəhrəmanlı durur. Bundan başqa, D.Babayev isə çıxarılmasının səbəbini sabiq sədr müavini Razi Nurullayevlə əlaqələndirib: "Məni R.Nurullayevlə əməkdaşlıqda ittiham edirlər. Deyirlər ki, guya o, mənə pul verir. Mən də bunun əvəzində təşkilat əleyhinə işlər həyata keçirirəm. Bu səbəbdən təşkilatda qalmağımı istəmirlər”.

Bu cür absurd dedi-qodulara münasibət bildirmək istəmədiyini deyən Razi Nurullayev "Şərq”ə bildirib ki, daha ciddi işlərlə məşğuldur: "Boş-boş məsələlərə niyə münasibət bildirim ki? Həmişə belə olub, kimsə məqsədinə nail olmaq üçün mənim adımı çəkir. Boş və mənasız bir şeydir. Bununla yanaşı, heç kim məni gözdən sala bilməz. Mənim hörmətim, izzətim əvvəlkindən də çoxdur. Müstəqil və sərbəst siyasət yürüdürəm. O bataqlıqda batanlar öz günlərinə ağlamalıdırlar”.

Ayyət Əhməd