İsmayıl Kəsəmənli: “Azərbaycan üçün canından keçməyə hazır olan, Müsavatın bərpaçılarından olan V.Əyyubu hakimiyyətin adamı adlandırmaq ən azından vicdansızlıqdır”
Son zamanlar Müsavat Partiyasında yaşanan çəkişmələr və kütləvi olaraq intellektualların bu təşkilatı tərk etməsi daxili narazılıqlara səbəb olub. Hətta ötən günlərdə partiyanın qərargahı önündə 15-20 nəfərdən ibarət təşkilat üzvü etiraz aksiyası keçirib. İştirakçılar partiya rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara etiraz edərək, növbədənkənar qurultayın keçirilməsini tələb ediblər.
Onlar ziyalıların qurumdan kənarlaşdırılması halını pisləyiblər. Bununla yanaşı, etirazçılar təşkilatın hazırkı başqanı Arif Hacılını istefaya çağırıblar.
Aksiyaya münasibət bildirən partiyanın sabiq başqanı İsa Qəmbər nümayiş təşkilatçıları və iştirakçılarının ünvanına çox ağır ittihamlar səsləndirib. O, etirazçıları iqtidarın adamları adlandırıb: "Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, rejimlə Müsavat arasındadır. 6 mayda bu, bir daha təsdiq olundu. Rejim eyni gündə, eyni saatlarda Müsavata qarşı iki addım atdı. Bir tərəfdən fədakar və mübariz müsavatçı gənc Fərəc Kərimova siyasi sifarişlə 6,5 il cəza kəsdi, digər tərəfdən aylardır davam edən məhkəməyə vaxt tapmayan, amma özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında "piketini” təşkil etdi. Nə bu məhkəmədən, nə də Müsavatın tədbirlərindən bir dəfə də olsun süjet hazırlamayan hakimiyyət TV-ləri bu "piketi” gen-bol reklam etdi. "Piketdə” aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”.
A.Hacılı isə bildirib ki, bircə rifahçıların partiya rəhbərliyinə təqdim etdiyi qətnamədə yazılanlar piketdə iştirak edənlərin partiyadan qovulması üçün yetərli əsasdır.
Təşkilat başqanının müavini Elman Fəttah isə partiya qərargahı önündəki aksiyanın təşkilatçılarını agentura şəbəkəsinin üzvləri, iştirakçıları isə xain adlandırıb. O, aksiyada iştirak
edənləri partiyaya xəyanətdə ittiham edərək bildirib ki, onlar barədə partiyanın ciddi qərarları olacaq: "Artıq Müsavata qarşı heç kimdə şübhə olmayan təxribat fəaliyyətini genişləndirən şəxslərin partiyadan qovulması məsələsini əsaslı şəkildə qaldıracağam. Ümid edirəm ki, digər şəxslər də bu məsələyə partiya maraqları nöqteyi-nəzərindən yanaşacaqlar. Bu aksiyanın keçirilməsi həmin şəxslərin Müsavatda qalmayacağının sübutudur”.
İttihamları cavabsız qoymayan sabiq Müsavat başqanının I müavini, filologiya elmləri namizədi Vurğun Əyyub "Şərq”ə açıqlamasında qeyd edib ki, qərargahdakı zalın qapılarını açmadıqlarından məcbur olub qərargahın önündə etiraz yığıncağı keçirdilər: "Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə, onlara əsassız, kiflənmiş damğalar vurmağa çalışdılar. Satqındırlar, hakimiyyətin agentura şəbəkəsidirlər, YAP-ın sifarişini yerinə yetirirlər və başqa mənasız ittihamlarla çıxış edirlər. Etiraz edənlərin şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, partiya rəhbərliyini polis dəyənəyindən canları hesabına qoruyanlar, liderlərinə "Primakov agenti”, "qorxaq”, "iradəsiz”, "satqın” böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu? Bundan belə də özlərinin YAP-dan, vətəndaşına qarşı ən adi sayğısı olmayan hakimiyyətdən fərqləndiklərini iddia edəcəklər?”
Bundan başqa, Müsavat Partiyası Ağstafa rayon təşkilatının ən fəal üzvü İsmayıl Kəsəmənli İ.Qəmbəri kəskin tənqid edib: "İsa bəy, səhv etməyin, bəziləri özlərini ilk olaraq 2014-cü ilin yanvarında Milli Şuradan çıxanda ifşa etdilər. Bu 15-20 ildə Qubad İbadoğlunun, Vurğun Əyyubun, Hikmət Hacızadənin, sabiq müşaviriniz, başqanlığa namizəd Səxavət Əlisoyun, keçmiş MNTK sədri İ.İbrahimlinin, MNTK üzvü Əlövsət Talışxanlının, Elşən Həsənovun, Ənvər Əhmədin və başda Ellada Məmmədli olmaqla adlarını çəkmədiyim ləyaqətli xanımlarımızın, "hakimiyyətin adamları” olduğunu görməmisinizsə, onda, pardon. Bu, idarəetmədə sizin A.Hacılıdan qat-qat geridə olduğunuzun göstəricisi ola bilər. Yox, əgər bilib tədbir görməmisinizsə, deməli, onlarla "əlbir olub Müsavatı dağıtmaq istəmisiniz”.
İ.Kəsəmənli onu da diqqətə çatdırıb ki, kimliyindən asılı olmayaraq Azərbaycan üçün canından keçməyə hazır olan, Müsavatın bərpaçılarından olan V.Əyyubu hakimiyyətin adamı adlandırmaq ən azından vicdansızlıqdır: "Gəncliyimi, ailəmi, karyeramı prezidentliyi üçün qurban verdiyim, vaxtı ilə varlığımla inandığım bir "lider”ə, ən çoxundan sözünü yaza bilmədim”.
Ayyət Əhməd