Konstitusiya Məhkəməsi hamını razı salacaq qərar verməlidir

Vahid Əhmədov: “Elə yol seçilməlidir ki, həm əhali, həm də banklar bundan razı qalsınlar. Bankların da vəziyyəti anlaşılandır. Onların da müəyyən qədər problemləri mövcuddur. Amma əhalinin çətinlikləri daha çoxdur”
Əliməmməd Nuriyev: “Müqavilə imzalananda valyutanın məzənnəsinə dair bənd göstərilməyibsə, banklar kreditləri yeni məzənnə ilə tələb edə bilməzlər”

Ötən günlərdə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Məhkəmənin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə baş tutan toplantıda kredit borclarının hansı məzənnə ilə qaytarılması məsələsi müzakirəyə çıxarılıb.

Tədbirdə Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradov iştirak ediblər. Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Bundan sonra F.Abdullayev deyib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq.

Məlumat üçün bildirək ki, manatın məzənnəsinin devalvasiyasına dair Mərkəzi Bankın fevralın 21-də verdiyi qərar banklarla vətəndaşlar arasında müəyyən gərginlik yaradıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.

Banklarla vətəndaşlar arasındakı gərginliyi dəyərləndirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili, iqtisadçı Vahid Əhmədov "Şərq”ə deyib ki, müqavilədə devalvasiya prosesi nəzərdə tutulmayıbsa, müştəri kredit borcunu götürdüyü məzənnə ilə qaytarmalıdır. Əks halda, kredit borcları yeni məzənnə ilə ödənilməlidir: "Bu, beynəlxalq təcürbədə də belədir”.

Konstitusiya Məhkəməsinin qərarına gəlincə, ekspert söyləyib ki, uyğun bir qərar verilməlidir: "Elə yol seçilməlidir ki, həm əhali, həm də banklar bundan razı qalsınlar. Bankların da vəziyyəti anlaşılandır. Onların da müəyyən qədər problemləri mövcuddur. Amma əhalinin çətinlikləri daha çoxdur”.

Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib ki, bu müqavilə öhdəlikləri ilə bağlı məsələdir: "Baxın, tərəflər müəyyən şərtlər daxilində münasibətlərə girirlər. Ona görə də müqavilədə göstərilən şərtlərə əməl etməyə məcburdurlar. İlk növbədə müqavilənin hansı formada imzalanmasına diqqət yetirilməlidir. Müqavilə imzalananda valyutanın məzənnəsinə dair bənd göstərilməyibsə, banklar kreditləri yeni məzənnə ilə tələb edə bilməzlər. Əgər belə müqavilə varsa, onda borclular müqavilə öhdəliklərinə əməl edib, yeni məzənnə ilə ödəməlidirlər”.

Fond rəhbərinin qənaətincə, gərginlik dollarla alınan kreditlərdə yaşanır. Milli valyutalarla əlaqədar heç bir mübahisə yoxdur. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi hər iki tərəfin maraqlarını təmin edən qərar çıxaracaq. İstəyimiz odur ki, tərəflərin maraqlarına ziyan dəyməsin”.

Ayyət Əhməd