Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ağ Saray”da tarixçilərlə görüşündə 1915-ci il olaylarından danışıb və "erməni açılımı” siyasətinə görə sabiq prezidenti tənqid edib.
Xələfi Abdulla Gülün Ermənistan-Türkiyə futbol qarşılaşmasını izləməsindən söz açan Ərdoğan sabiq prezidentin İrəvana gedib oyunu seyr etməsi kimi jestlərin münasibətlərin yumşalmasındansa, qarşı tərəfin əlinə bəhanə verdiyini düşündüyünü deyib.
Ərdoğanın "erməni açılımı”na görə Abdulla Gülü tənqid etməsinə münasibət bildirən politoloq Qabil Hüseynli isə deyib ki, Gülün prezident olduğu illərdə Türkiyədə bu post simvolik xarakter daşıyırdı. Əsas siyasi xətti formalaşdıran, siyasi kursu müəyyənləşdirən baş nazir və AKP sədri idi. Hər iki vəzifə isə məhz Gülü "erməni açılımı”na görə tənqid edən Ərdoğana məxsus idi: "Ermənistanla münasibətlərin yumşaldılması məsələsində Abdulla Gülün daha çox səy göstərməsi istisna deyil. Amma bu siyasətə görə Ərdoğanın öz sələfini tənqid etməsini anlamıram. Çünki məhz Ərdoğan "erməni soyqırımı”nı böyük faciə adlandıraraq Ermənistana başsağlığı verib. Onun bu açıqlaması isə heç bir həddə sığmır. Ərdoğan unutmasın ki, ermənilərin əl-qolunu açan Gülün İrəvan səfəri yox, özünün saxta soyqırım açıqlaması oldu. Həmçinin Hrand Dinkin öldürülməsi ilə bağlı "Hepimiz Hrand Dinkiz”, "Hepimiz ermeniyiz” kimi tədbirlərin keçirilməsinə hökumətin verdiyi dəstək də heç kəsin yadından çıxmayıb. Ərdoğanın "biz İstanbulda və digər Türkiyə vilayətlərində qeyri-qanuni məskunlaşan erməniləri çıxartmaq niyyətində deyilik” kimi fikirləri də göz önündədir. Bu yaxınlarda isə baş nazir Əhməd Davudoğlu 1915-ci il hadisələrinə toxunan zaman ermənilərin ölümünə dərin üzüldüyünü qeyd etdi. Faktlardan da göründüyü kimi, saxta soyqırıma görə erməniləri şirnikləndirən elə Ərdoğan hakimiyyəti olub”.
Q.Hüseynlinin sözlərinə görə, hər iki dövlət başçısının guya ermənilərin saxta soyqırım iddialarından geri çəkiləcəklərinə yönəlik siyasi manevrləri uğursuzluğa düçar olub: "Bu mənada "erməni açılımı”na görə, tərəflərin biri-birini ittiham etməsinin heç bir mənası yoxdur. Bütün siyasi rəhbərlik bu məsələdə məsuliyyət daşıyır. Onların hər biri aşağı-yuxarı eyni siyasi xətti yürüdüblərsə, deməli, günahları da bərabərdir”.
Şəymən