Siyavuş Əmirli: “Bu gün istər yazılı, istərsə də elektron KİV-lər üçün gənclərə vətənpərvərlik hisslərinin aşılanması mövzusu prioritet təşkil etməlidir”
(əvvəli ötən sayda)
Müharibə şəraitində olan Azərbaycan Respublikasında milli şüurun inkişafı və vətənpərvərliyin yüksəldilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən olub. Nəzərə almalıyıq ki, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır.
Lakin, təəssüflər olsun ki, torpaqlarının 20 faizi işğal altında olan ölkəmizdə gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər qənaətbəxş deyil. Bunu ilk növbədə analoji konsepsiyaların, layihələrin və proqramların tələb olunan keyfiyyətdə olmaması ilə izah etmək olar. Vətənpərvərlik, dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dinlərə, məzhəblərə qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixoloji təsirin nəticəsidir. Bu cür qruplarla ən yaxşı mübarizə heç də onlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı, yəni dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Xalqımızın ən böyük dərdi Qarabağdır. Bu, hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması vacib şərtdir. Bunun üçün təlim-tərbiyə və təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətənin və xalqın marağını daha uca tutmağa hər an hazır olmalısan. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövrdə örnək və fəxr yerimiz olan Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır. Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu məsələlərin təbliğində televiziya, radio, yazılı və elektron kütləvi informasiya vasitələri təsiredici rol oynaya bilər. Amma bununla yanaşı, qeyd etmək lazımdır ki, vətənpərvərlik tərbiyəsində digər amillərin ciddi təsiri var. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Biz ailədə dili yenicə söz tutan uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün vuruşduğunu, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın nə üçün ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxarmasınlar. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə edir. Cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Əlbəttə, etiraf etmək lazımdır ki, bu gün təbliğat xaraketrli, vətənpərvərlik ruhunda yazılara böyük tələbat duyulur və bu, günümüzün tələbidir. Eyni zamanda jurnalistlərin vətənpərvərliyi də çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bəs görəsən, yazılı və elektron kütləvi informasiya vasitələrinin nümayəndələri mediada vətənpərvərlik hisslərinin artırılması kimi mövzulara nə dərəcədə üstünlük verirlər?
"Avrasiya.net” saytının redaktoru Cavid Şahverdiyev deyib ki, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmısı mətbuatın problemlərindən biridir: "Etiraf edim ki, kütləvi informasiya vasitələri bu məsələyə geniş yer ayırmır. İstər yazılı, istərsə də elektron media. Toxunduğumuz bu məsələyə yalnız əksər hallarda qəzetlərdə rast gəlinir. Bu da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərə ayrılan maliyyə çərçivəsində həyata keçirilir. Bir neçə qəzet konkret müddət ərzində bu mövzunu işıqlandırır. Amma mütəmadi olaraq gənclərin vətənpərvərlik hisslərinə, onların milli-mənəvi cəhətdən maarifləndirilməsi mövzularına çox nadir hallarda toxunulur. Çünki bu mövzu media üçün maraq kəsb etmir. Elektron mediada isə demək olar ki, bu mövzuya toxunulmur”. C.Şahverdiyev bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən sayt və internet qəzetlərin 90 faizi şou və kriminal-xəbər mövzulara, xəbərlərə üstünlük verirlər: "Onları da qınamıram. Xəbərlərin daha çox oxunması üçün bu gün şou və kriminal sahəyə daha çox üstünlük verirlər”. Sayt rəhbərinin sözlərinə görə, Azərbaycanda sırf gənclərimizin vətənpərvərlik ruhunun aşılanmasına xidmət edəcək elektron media və ya qəzet yoxdur: "İstər qəzet, istərsə də elektron mediada sərbəst olaraq bu mövzulara toxunulmur, necə deyərlər, mediamız buna məcbur edilir”.
C.Şahverdiyev qeyd edib ki, rəhbərlik etdiyi saytda da eyni vəziyyət hökm sürür: "Hərdən bu mövzuya toxunuruq. Qeyri-Hökumət Təşkilatlarının gənclərdə vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı həyata keçirdikləri layihələrin xəbərlərini veririk. Mənə elə gəlir ki, Mətbuat Şurası bu sahəyə diqqətini artırmalıdır və mediadan bu mövzulara mütəmadi toxunulması qaydasını işləməlidir. Əlbəttə, biz məcburiyyəti də qəbul etmirik. Media müstəqil və sərbəstdir. Amma bu mövzu Azərbaycan gəncliyi, dövlət və dövlətçiliyimizin qorunması üçün çox mühüm və gərəklidir. Ona görə də vətənpərvərlik hər bir KİV-in aktual mövzusuna çevrilməlidir. Hər dəfə bu mövzuya toxunmalıyıq və buna məcbur edilməliyik. Baxın, hər hansı bir qəzet və yaxud sayt Mətbuat Şurasının "qara siyahı”sına "KİV haqqında” qanunun müddəalarının pozulması zamanı salınır.
Bu da çox zaman hansısa tərəfin şikayəti əsasında edilir. Amma elə media orqanları və saytlar var ki, gənclərimizin vətənpərvərlik ruhundan uzaq düşməsinə xidmət edən, onların mənəviyyatını pozan, dövlət və dövlətçiliyə qarşı çağırışlar edən yazılar, məlumatlar dərc edirlər. Mənə elə gəlir ki, Məbuat Şurasının komissiyası bu kimi məsələlərə də diqqət ayırmalıdır və bu kimi media orqanı cəzalandırılmalıdır”.
"Lacın.info” saytının redaktoru Siyavuş Əmirli isə rəhbərlik etdiyi elektron KİV-in gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik ruhunun artırılması məsələsinə kifayət qədər diqqət ayırdığını vurğulayıb: "Saytımız 2013-cü ilin sonlarında təsis edilib. Tam əminliklə deyə bilərəm ki, hazırda bizim sayt işğal olunmuş rayonların saytları arasında yeganə tam gücü ilə işləyən media qurumudur. Saytın yaradılmasında məqsəd təkcə Laçın rayonunu deyil, ümumilikdə işğal olunmuş rayonlarımızın tarixini, mədəniyyətini, ziyalılarını, görkəmli adamlarını oxuculara bir daha yaxından tanıtmaqdır. Ötən ildən isə sayt təkcə regon xəbərlərini deyil, ümumilikdə respublikamızda və dünyada baş verən hadisələri də operativ surətdə işıqlandırır. Yaxın günlərdə saytın rus və erməni dilləri olan versiyası da fəaliyyətə başlayacaq. Ötən iki il ərzində az da olsa məqsədimizə nail ola bilmişik”.
S.Əmirli bildirib ki, 2014-cü ilin əvvəllərində Xocalı faciəsi və işğal olunmuş rayonlarımızdan hazırlanmış yazılar ardıcıl olaraq saytda getdikdən sonra ermənilər tərəfindən sayta güclü haker hücumu olub: "Müvəqqəti fəaliyyətimiz dayansa da, yenidən bərpa edə bildik. Daima bir məqsədimiz olub: - Azərbaycançılıq ideyasını təbliğ etmək, böyüməkdə olan gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq. Oxucularımızdan aldığımız çoxsaylı məktublar deməyə əsas verir ki, yavaş-yavaş olsa da, məqsədimizə nail oluruq. Bu gün ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə aid çoxsaylı internet resursları yaradaraq qədim Azərbaycan torpaqlarını, abidələrini erməni xalqının mədəni irsi kimi təqdim edirlər. Hazırda qondarma Dağlıq Qarabağ Respublikasında 30-dan artıq sayt, 5-ə yaxın internet televiziya fəəliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə yüzlərlə səhifələr açaraq qondarma qurumun tarixinin, mədəniyyətinin təbliği ilə məşğuldurlar. Bu kimi təxribat hallarının qarşısını almaq məqsədi ilə yaxın günlərdə Diaspor Jurnalistləri Birliyi ilə yeni bir layihəyə başlayacağıq. Layihənin əsas məqsədi sosial şəbəkələrdə qondarma respublikanın vətəndaşları tərəfindən yaradılmış səhifələrin bağlanması üçün aktiv təbliğat aparmaqdır. Xüsusən də "facebook” sosial şəbəkəsində yaradılmış qondarma səhifələrin bağlanması üçün sosial şəbəkənin rəhbərliyinə məktublar ünvanlayıb, həmin səhifələrin bağlanmasını tələb edəcəyik”.
S.Əmirli bildirib ki, bu gün istər yazılı, istərsə də elektron KİV-lər üçün gənclərə vətənpərvərlik hisslərinin aşılanması mövzusu prioritet təşkil etməlidir. Çünki bu gün torpaqlarımızın 20 faizi erməni işğalı altındadır: "İşğal altında olan ərazilərimizi azad etmək üçünsə bizə vətənpərvər, dövlətini, millətini sevən, onun uğrunda canından keçməyə hazır olan gənclər lazımdır. Düzdür, gənclərdə vətənpərvərlik hisslərinin artırılması istiqamətində qeyri-hökumət təşkilatları, ayrı-ayrı ictimai birliklər və gənclər təşkilatları fərqli layihələr həyata keçirirlər. Ancaq hesab edirəm ki, bu kifayət deyil. Biz qeyd edilən istiqamətə daha çox diqqət ayırmalıyıq. Həmçinin, kütləvi informasiya vasitələrində bu mövzu davamlı işıqlandırılmalıdır. Yalnız bu halda, güclü maarifləndirmə tədbirləri həyata keçirməklə gənclərimizdə vətənpərvərlik hisslərini ən yüksək səviyyəyə qaldıra bilərik”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb