Bəzi ixtisaslar üzrə keçid balları artırıldı

Ekspertlər isə hesab edir ki, TQDK sonda yenə də keçid ballarını aşağı salmalı olacaq
Yenə də ortaya qoyulan nəticələrlə keçid balları üst- üstə düşməyəcək, sonda görəcəklər ki, plan yerləri dolmayıb, keçid balını aşağı salacaqlar


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq I ixtisas qrupu üzrə keçid ballarını qaldırıb. TQDK-nın qərarına görə, 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlər buraxılacaq.

Geologiya-300 bal;

Kompüter elmləri-300 bal;

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi-250 bal;

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;

İnşaat mühəndisliyi-250 bal;

Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.

TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək. Göstərilən ixtisaslar üzrə ali məktəbə daxil olmaq istəyən abituriyentlər müsabiqəyə buraxılmaq üçün həmin keçid balını toplamalı olacaqlar. Əks halda, abituriyentlər müsabiqədə iştirak edə bilməyəcək.

TQDK-nın tətbiq etdiyi yenilik qəbul imtahanlarına hazırlaşan abituriyentləri təəccübləndirib. Əvvəlki illərdə keçid balı qəbul imtahanlarından sonra - abituriyentlərin göstərdiyi nəticələrdən asılı olaraq müəyyənləşirdi. Və adətən də ən aşağı ballar I ixtisas qrupunda olurdu. Hətta 150 balla ali məktəbə qəbul olunurdular. Bəs, bu yeniliyə səbəb nədir?

Təhsil eksperti Nadir İsrafilov builki qəbul imtahanlarında tətbiqinə hazırlaşılan yeniliyin müsbət nəticə verməyəcəyi qənaətindədir. "Şərq”ə açıqlamasında N.İsrafilov qeyd etdi ki, TQDK sonda yenə də keçid ballarını aşağı salmalı olacaq:

- Təhsilin ümumi səviyyəsi aşağı düşüb. Şagirdlərin də, abituriyentlərin də ümumi bilik səviyyəsi aşağıdır. Ona görə də hər il keçid balları aşağı salınırdı. Buna görə Təhsil Nazirliyi də, TQDK da ciddi tənqid olunurdu. Amma indi nazirlik də, TQDK da tənqidlərdən yaxa qurtarmaq, təzyiqləri azaltmaq üçün belə bir yol seçirlər. Keçid balını qaldırırlar. Bunun müsbət nəticə verəcəyini düşünmürəm. Yenə də ortaya qoyulan nəticələrlə keçid balları üst-üstə düşməyəcək, sonda görəcəklər ki, plan yerləri dolmayıb, keçid balını salacaqlar aşağı. Çünki əks halda, auditoriyalar boş qalacaq, tələbə qıtlığı yaranacaq, bunun məntiqi nəticəsi olaraq da müəllimlər dərs saatı itirə bilər, bəzi universitetlər də bağlanmaq təhlükəsi ilə üzləşər.

N.İsrafilov təhsildə yüksək nəticələr əldə etməyin yolunun idarəetmədən keçdiyini dedi:

- Təhsil idarə olunmalıdır. Yoxsa, hər dəfə bir yenilik adıyla eksperimentlər keçirmək, təhsilin belini qırır. Bizdə təhsil artıq kommersiya xarakteri daşımağa başlayıb. Biznesə çevrilib. Təhsildə ən pis cəhət, müqayisədir. Bizimkilər təhsili Almaniya ilə, Oksford Universiteti ilə müqayisə etməyə çalışırlar. Elə bilirlər ki, Avropa təhsil sisteminə inteqrasiya həmin təhsil sisteminə oxşamaqdır. Tutalım, baxırlar ki, Almaniyada əhali sayı ilə tələbələrin sayı üst-üstə düşür, deyirlər. Qoy, bizdə də belə olsun. Baxırlar ki, Oksford Universitetində təhsil haqqı bahadır, deyirlər, bizdə də gərək baha olsun. Daha anlamırlar ki, Oksford Universitetinin büdcəsi ümumilikdə Azərbaycan təhsil sektoruna ayrılan vəsaitdən çoxdur. Axı biz onlarla ayaqlaşa bilmərik. Əvvəlcə təhsilimizin səviyyəsini yüksəltməliyik, sonra təhsil haqqından danışmalıyıq.

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev isə builki qəbul imtahanlarında tətbiq ediləcək yeniliyi müsbət adlandırdı:

- Bunun müsbət tərəfləri çoxdur. Əvvəlki illərdə baxırdılar ki, yerlər dolmayıb, keçid balını salırdılar aşağı, universitetlər biliksiz, savadsız tələbələrlə dolurdu. Abituriyentlər bunu bildiyindən imtahanlara yaxşı hazırlaşmırdılar, oturub gözləyirdilər ki, TQDK keçid balını aşağı salsın. Amma indi belə olmayacaq. Abituriyent artıq biləcək ki, filan ixtisasa qəbul olunmaq üçün bu qədər bal toplamalıdır. Bilik səviyyəsini artırmağa cəhd edəcək, imtahanlara yaxşı hazırlaşacaq, məsuliyyəti artacaq. Keçid balının öncədən müəyyənləşməsi konkretlik, dəqiqlik gətirir və məsuliyyət hissini də artırır. TQDK-nın qərarı ilə həmin balı toplamayanlar müsabiqəyə buraxılmayacaq. Çünki artıq dövlət planı da aradan qaldırılıb. Artıq TQDK tələbə planının doldurulmasına görə məsul deyil. Tələbəsi az olan ali məktəb bunun yükünü özü çəkməli olacaq. Heç ödənişli əsaslarla da aşağı balla tələbə qəbuluna icazə verilməyəcək artıq. Ali məktəblər tələbə pulu ilə dolanmaq fikrindən əl çəkməlidir. Ali məktəblər layihələr həyata keçirməklə vəsait əldə etməlidir. Əvvəlcə belə deyildi. Adını "ödənişli əsaslarla” qoyub, savadsız tələbələri ali məktəbə qəbul edirdilər. 150 balla ali məktəbə qəbul olanlar vardı. Hansı ki, 150 bal "2” qiymət deməkdir. Bizim nəyimizə lazımdı, "2” ilə oxuyan tələbə?! Fikir verirsinizsə, keçid balının əvvəlcədən müəyyənləşməsi, I ixtisas qrupu üzrə tətbiq edilir. Məhz fundamental ixtisaslar üzrə. Deməli, hökumət bu sahədə keyfiyyətli kadrlar istəyir. I ixtisas qrupunda konkretliyin tətbiq edilməsi bu baxımdan müsbət təsirə malik olacaq.

Məlahət Rzayeva