Çay yatağına boru salındı, alternativ yol açıldı

Lənkəran ərazisində uçan körpünün bərpa işlərinə başlanılıb





Lənkəran ərazisində olan Buladiçayın üzərindəki uçan körpü, bu yaxınlarda bərpa edilərək istifadəyə veriləcək. "Azəryolservis” ASC-dən "Şərq”ə verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində yerləşən qəzalı körpünün aşırım tirlərinin sökülməsinə başlanılıb:

"Azəryolservis” tərəfindən ötən gün axşam saatlarından nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün çay yatağına boru düzülərək alternativ yol salınıb. Nəqliyyat vasitələri müvəqqəti salınan yolla hərəkətlərinə davam edə bilərlər. Hələlik yeni salınan müvəqqəti yolun hərəkət hissəsi eyni vaxtda yalnız bir istiqamətə hərəkətə imkan yaradır. Bu üzdən nəqliyyat vasitələrinə növbəli şəkildə sözügedən yolla hərəkət etmələrinə icazə verilir. Hazırda müvəqqəti yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılır və yaxın müddət ərzində həmin yolla hər iki istiqamətə maneəsiz hərəkət tam təmin olunacaq. Qısa müddət ərzində körpünün bərpa edilməsi planlaşdırılır. Müvəqqəti olaraq Bakı-Masallı istiqamətindən gələn nəqliyyat vasitələri Lənkəran rayonu Boladiçay üzərində yerləşən qəzalı körpüyə çatmamış sağa, Boladi-Zövlə yoluna dönərək hərəkətlərinə davam edə bilərlər. Boladi-Zövlə yolu ilə təqribən 500 metr irəlilədikdən sonra yeni inşa olunan Lənkəran-Masallı-Bakı avtomobil yolunda yerləşən körpüyə çıxış təmin olunub. Bu çıxışdan da istifadə edib sola hərəkət etməklə sürücülər yeni inşa olunan yolla təqribən 2 kilometr məsafə qət edib, yenə də sola dönməklə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna çıxa bilərlər. Lənkərandan Masallı-Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri də sözügedən ikinci alternativ yoldan istifadə edə bilərlər”.

Məlumat üçün qeyd edək ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 12 may tarixində, axşam saatlarında körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.

Körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.

Vüqar Şahinoğlu