Ermənistanda yenidən qarşıdurma olub. Bu dəfə qeyri-döyüş şəraitində ölmüş erməni əsgərlərin valideynləri prezident iqamətgahı qarşısında növbəti aksiya keçirməyə cəhd göstəriblər.
Məlumata görə, onlar ölkə başçısı Serj Sarkisyanla görüşmək istəyiblər. Lakin əvəzində ciddi polis zorakılığı ilə üzləşiblər. Polis əməkdaşları onları itələyib və döyüb. Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa səy göstərsələr də, polis zorakılıqla bu addımın qarşısını alıb.
Aksiyaların vəd etdiyi nəticələri dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, Ermənistanda başıpozuqluq hökm sürür. Ekspertin sözlərinə görə, bu ölkə ordusunda ciddi problemlər yaşanır: "Ordu dözülməz durumdadır. Əsgərlər yeməyə çörək tapmır. "Dedovşina” halları baş alıb gedir. Hərbiçilərə lazımi tibbi xidmət göstərilmir. Əsgər yataqxanalarını bit-birə basıb. Dəfələrlə eşitmişik ki, erməni əsgərlər qış aylarında soyuqdan donub, ölüb. Ordu baxımsız vəziyyətdədir. Hərbi hissələrdə müxtəlif xəstəliklər - vərəm, sətəlcəm və qotur yayılıb. Bunlar da hamısı əsgərlərə lazımi tibbi qayğının göstərilməməsindən irəli gəlir. Azərbaycanda əsirlikdə olan əsgər də bunu təsdiqləyib. Onun dediyinə görə, hətta orduda erməni zabiti istənilən erməni əsgərini öldürə bilər. Bunlar separatçı ölkədə qanunun işləmədiyini və özbaşınalığın meydan suladığını aydınca ortaya qoyur. Valideynlər də ona görə etiraz aksiyasına başlayıblar”.
Politoloqun qənaətincə, ermənilər S.Sarksiyandan hesab soruşurlar: "Müxalifət elan etmişdi ki, bu il Sarkisyan hakimiyyəti devriləcək. Bu yöndə müxtəlif işlər apardılar. İndiki rejim əleyhinə
kütləvi mitinq keçirdilər. Bir sözlə, ölkə çalxalanır. Bununla yanaşı, düşünürəm ki, etirazlar Sarkisyanın hakimiyyətdən getməsi ilə nəticələnməyəcək. Çünki onun havadarı Kremldir. Moskvanın dəstəyi ilə Sarkisyan müxalifəti yerinə otuzdurub, vəziyyəti nəzarət altında saxlaya bilir”.
Q.Hüseynli hesab edir ki, Sarkisyan Kreml üçün əlverişli şəxsdir və ona görə də Moskva onu qoruyur: "Bu ölkədə illərdir yerli ermənilərlə Qarabağdan gəlmə ermənilər arasında dərin uçurum yaranıb. Bu uçurum qarşıdurmalar səviyyəsində meydana çıxır. Amma hələ ki, Rusiya mövcud status-kvonu qoruyub saxlayır. Bu ölkədə xalqın nəyisə müəyyən edə biləcəyini söyləmək çətindir”.
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də deyib ki, aksiyalar həm Qərbə, həm də Rusiyaya bir mesajdır: "Bununla demək istəyirlər ki, biz Sarkisyan hakimiyyətinə alternativ siyasi komanda olaraq hazırıq və əgər gələcəkdə danışıqlar aparmaq istəyirsinizsə, anlaşa bilərik. Sarkisyan da bunu hiss etdiyi üçün Rusiyaya alternativlər hazırlayır və məxfi olaraq Qərblə danışıqlar aparır. Onu da nəzərə almaq lazımdır ki, Sarkisyan hakimiyyəti kriminal elementlərdən təşkil olunmuş hakimiyyətdir. Bu kriminal hakimiyyət istənilən kriminal hadisələr törətməkdə mahirdir və Sarkisyan hakimiyyəti parlament partiyaları olan bu üçlüyə qarşı hüquqi zəmində müəyyən qarşılıq verə bilmir. Ona görə də kriminal elementlərin vasitəsilə məhz üç partiyanı susdurmaq, onları öz yollarından döndərmək istəyir”.
Müsahibimiz Ermənistanda baş verən hadisələrin arxasında xarici faktorların olmasına da diqqət çəkib: "Məhz ictimai-siyasi vəziyyəti gərginləşdirməklə, hakimiyyətlə xalq arasında mövcud olan qarşıdurmanı daha da böyütməklə Ermənistanda yeni bir rəngli inqilabın baş verməsini istəyən xarici qüvvələr də mövcuddur. Onu da demək lazımdır ki, Ukraynadan sonra postsovet məkanında rəngli inqilabların baş verməsi üçün ən zəif həlqə məhz Ermənistandır. Zənnimcə, hadisələr indiki istiqamətdə inkişaf etsə, bu, Ermənistanda çox ciddi qarşıdurmaya gətirib çıxara bilər”.
Ayyət Əhməd