İlham Tumas: “Azərbaycanda hərbi jurnalistika ənənələrini formalaşdırmağın ən optimal variantı ali hərbi məktəblərdə jurnalistika fakültələrinin açılmasıdır”
Azərbaycanda hərbi jurnalistika böhran keçirir. Ölkədə hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var. Ümumiyyətlə isə özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi bilikli jurnalistlərin az olmasıdır. Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar.
Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir.
Mövcud situasiya göstərir ki, Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, hərbi biliklərinin artırılmasına, jurnalistlərin informasiya əldə etmək imkanlarının genişləndirilməsinə, təhlükəsizlik və müdafiə sektorunda demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Əslində hərbi jurnalist anlayışı bu gün hələ də müzakirə olunan və konkret kiməsə şamil edilməsi barədə qərar verilməyən bir sahədir. Sovet dönəmində hərbi jurnalistlər xüsusi olaraq hərbi məktəblərdə - məsələn: Lvov Ali Hərbi Partiya Məktəbində hazırlanırdı. Onlara rütbə verilib, orduda zabit və hərbi jurnalist kimi çalışıblar. Stringer birbaşa savaş meydanından foto, video çəkən, döyüşü işıqlandıran reportyordur. Bəzi ekspertlər hesab edir ki, hərbi jurnalist olmaq üçün hansısa şərt yoxdur. İstənilən media nümayəndəsi hərbi jurnalist ola bilər. Yəni bunun üçün onun hərbi sahədə bəzi biliklərə yiyələnməsi, silahlı qüvvələr, müdafiə sektoru barədə anlayışının, ən əsası hərbi xidmət barədə əsgəri səviyyədə anlayışının olması lazımdır. Yerdə qalanı isə zamanlıqdır. Yəni zaman özü onu hərbi jurnalist-ekspert kimi yetişdirəcək.
İndi də hər bir mətbu orqan hərbi jurnalist hazırlamalıdır
Azərbaycan hərbi jurnalistika sahəsində vəziyyətin ürəkaçan olmadığını deyən millət vəkili Elmira Axundovanın sözlərinə görə, hərbi jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq lazımdır. Bütün ali təhsil müəssisələrində jurnalistika fakültələrində ixtisaslaşma getməlidir, hərbi jurnalistlər hazırlanmalıdır. Jurnalist kimi reportajlar hazırlayanda heç vaxt ölkənin adına xələl gətirməməsini fikirləşdiyini vurğulayan millət vəkili həmişə düşünüb ki, Azərbaycanın təmsilçisidir və yalnız ölkəmizin milli maraqlarını müdafiə etməlidir: "Hər zaman çalışmışam ki, Azərbaycanla bağlı həqiqətləri yayım. Hesab edirəm ki, indi hərbi jurnalistika böhran keçirir. Hərbi jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq lazımdır. Bütün ali təhsil müəssisələrində jurnalistika fakültələrində ixtisaslaşma getməlidir, hərbi jurnalistlər hazırlanmalıdır. Müdafiə Nazirliyi ilə sıx əlaqə qurulmalıdır. Mütəmadi olaraq treninqlər keçirilməlidir, jurnalistlər tez-tez hərbi hissələrdə olmalıdırlar. Biz bu mövzuda az yazırıq, hərbi hissələrdə az oluruq. Böyük Vətən müharibəsi illərində bütün qəzet və jurnallarda hərbi müxbirlər var idi. Düşünürəm ki, indi də hər bir mətbu orqan hərbi jurnalist hazırlamalıdır. Hərbi hissələrə gedib reportajlar hazırlanmalı, milli qəhrəmanlarımız haqqında yazılar yazılmalı, filmlər çəkilməlidir. Müharibə şəraitində olan ölkədə jurnalistin üzərinə hansı vəzifələrin düşdüyü ilə əlaqədar ötən il Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin yanında müşavirə də keçirilib. Bu müşavirədə ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə edilib. Ötən il avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq şəkildə nümayiş etdirdi. Bəzi KİV-lər tərəfindən cəbhə xəttində vəziyyət barədə yanlış, düşmənin maraqlarına xidmət edən məlumatlar yayıldı. Təbii ki, bütün bunlar təəssüf doğurur. Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər bu məsələlərə ciddi yanaşmalıdırlar”.
Sırf peşəkar hərbi jurnalist baxımından Azərbaycanda ciddi axsamalar var
Tanınmış jurnalist, Qarabağ döyüşçüsü İlham Tumas da hesab edir ki, bu gün Azərbaycanda hərbi jurnalistika sahəsində vəziyyət heç də ürəkaçan deyil. Onun qənaətincə, peşəkar hərbi jurnalistlərimizin sayı həddindən artıq azdır: "Hazırda Azərbaycanda hərbi jurnalistikanı bilən kadrların yetişdirilməsinə ehtiyac var. Mən bu gün Azərbaycanda sırf hərbi jurnalistlər (Rusiyada təhsil alıblar) Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı və Üzeyir Cəfərovu tanıyıram. Rəşad Süleymanovun da hərbi sahədən yazan jurnalist kimi fəaliyyəti təqdirəlayiqdir. Həm geniş əlaqələri var, həm də nəyi və necə yazmağı çox yaxşı bilir. Amma sırf peşəkar hərbi jurnalist baxımından Azərbaycanda ciddi axsamalar var. Ötən ilin avqust ayında cəbhədə baş verənlərdən sonra hərbi jurnalistika ilə bağlı vəziyyətin heç də ürəkaçan durumda olmadığı üzə çıxdı. Vəziyyət o yerə çatdı ki, bu sahədə problemlərin qarşısını almaq üçün birbaşa hakimiyyət işə qarışdı. Qoşunların təmas xəttində gərgin vəziyyətin yarandığı andan başlayaraq dezinformasiya tipli materialları cəmiyyətə çatdıran bir sıra yeni internet resurslar meydana çıxdı. Bəzən nisbətən oturuşmuş xəbər portalları da onlara istinadən materiallar yayımlayırdılar. Nəticədə müəyyən informasiya xaosu müşahidə olundu. Hökumət də məcbur olub, bu xaosun qarşısını almaq üçün ciddi addımlar atdı. Azərbaycan mediası müdafiə, informasiya təhlükəsizliyi ilə bağlı sınaqdan çıxa bilmədi deyə biz hərbi jurnalistikanı tam formalaşmamış bir sahə nəzərdə tuturuq. Jurnalistin propaqanda ilə məşğul olması qlobal yanaşmada düzgün deyil. Jurnalist informasiyanı doğru, düzgün çatdırmalıdır. Kim istəsə, o informasiyadan özü üçün istədiyi nəticəni çıxarar”.
İ.Tumasın nəzərində hərbi jurnalist hərbi sahədən yazan, insanları hərb sektorundakı yeniliklər barədə məlumatlandırandır: "Böyük Vətən müharibəsi dövründə məşhur qəzetlər vardı ki, onların əməkdaşları cəbhə bölgəsinə gedib, orada baş verən hadisələrdən, qızğın döyüşlərdən yazırdılar. Hansı ki, onların yazıları sovet ideologiyasına və faşizm üzərində qələbənin təbliğinə xidmət etməli idi. Azərbaycanın hərbi jurnalistləri isə ancaq və ancaq Qarabağın azadlığı üçün çalışmalıdır. Hərblə bağlı hər şeyi yazmaq olmaz. Bizim jurnalistlər nəzərə almalıdırlar ki, müharibə hələ bitməyib. Azərbaycan istər cəbhədə, istərsə də informasiya müstəvisində ermənilərlə müharibə vəziyyətindədir. Hərbi sirri yaymaq bütün dünyada cinayətdir. Əlinə qələm alan hər bir jurnalist yazıdan əvvəl Azərbaycan ordusunun imicini, Qarabağın işğalını və bizim torpaqlarımız uğrunda apardığımız mübarizəni düşünməlidir”.
Hərbi jurnalist hər şeydən əvvəl hərbiçi olmalıdır
Azərbaycanda müdafiə və təhlükəsizlik strukturlarının KİV ilə əlaqələrinə, bu sahədə işləyən jurnalistlərin informasiya əldə etmək üçün üzləşdikləri çətinliklərə gəldikdə isə həmkarımız deyib ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan bu yana Azərbaycanda müdafiə strukturlarının KİV ilə əlaqələri istiqamətində xeyli irəliləyişlər var. Amma bununla belə yetərincə deyil: "Hesab edirəm ki, cəbhə xəttində baş verənlərlə bağlı yanlış informasiyaların qarşısını vaxtında almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidməti daha çevik olmalıdır. Azərbaycanda hərbi jurnalistlərin az olması o demək deyil ki, aidiyyəti qurum media ilə əlaqələrə əhəmiyyət verməməlidir. Müdafiə Nazirliyinin mətbuat xidməti peşəkar jurnalistlərlə əlaqə qurub, hərbi sahədə baş verən yeniliklərlə bağlı onları daimi olaraq məlumatlandırmalıdır. Azərbaycanda fəaliyyət göstərən ciddi media strukturlarında heç vaxt dezinformasiyalar getmir. Heç bir həqiqəti əks etdirməyən yazılar adətən "reket” media orqanlarında gedir. Hesab edirəm ki, peşəkar jurnalistləri bu sahəyə cəlb etmək üçün onların iştirakı ilə müxtəlif cəbhə bölgələrinə səfərlər təşkil olunmalıdır. Jurnalistlər orduya qapalı bir struktur kimi baxmamalıdır”.
Hərbi jurnalistika ənənələrinin formalaşdırılması, hərbi jurnalistlərin hazırlanmasına diqqət çəkən İ.Tumasın sözlərinə görə, Azərbaycanda hərbi jurnalistika ənənələrini formalaşdırmağın ən optimal variantı ali hərbi məktəblərdə jurnalistika fakültələrinin açılmasıdır. "Bizim hərbi məktəblərimizin heç birində belə fakültə yoxdur. Xüsusən də, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə sırf hərbi jurnalistika fakültəsi açılmalıdır. Hətta bu işə "Naxçıvanski”dən də başlamaq olar”.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində hərbi jurnalistlərin hazırlanması mexanizmi effektsiz olar: "Hərbi jurnalist hər şeydən əvvəl hərbiçi olmalıdır. Hərbi jurnalist sadəcə yazmağı yox, hərbin sirlərini də bilməli, kazarma şəraitini görməlidir. Adi jurnalistdən fərqli olaraq hərbi jurnalistin bir əlində qələm, bir əlində də silah olmalıdır. Bu baxımdan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələrdən hərbi jurnalist hazırlanmasının effektiv olacağını güman etmirəm. Əslində, təkcə müdafiə sistemində yox, Azərbaycanın digər hərbiləşmiş strukturlarında da ixtisaslaşmış jurnalistlərin hazırlanmasına ehtiyac var. Hansısa bir ərazidə yanğın olan zaman da jurnalistlərimiz hadisəni hərtərəfli işıqlandıra bilmir. Bəzən hadisə yerində olan jurnalist mütəxəssislərə elə sual verir ki, istər-istəməz adamda qıcıq yaranır. Tağı Əhmədovla jurnalistin dialoqu yəqin ki, hər kəsin yadındadır. Jurnalistin "metroda neçə adam qalıb” sualı Tağı müəllimi bərk əsəbiləşdirmişdi deyə, jurnalistə yarı əsəbi, yarı ironik şəkildə "2.5” demişdi. Buradan görünür ki, həmin jurnalist metropoliten sahəsi ilə bağlı tamamilə məlumatsız olub. Əks halda bu cür absurd sual verməzdi.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb