Mayın 17-də "Bakı-2015” I Avropa Oyunlarının bir günü canlandırılacaq.
Bu barədə "APA-Economics”ə Avropa Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.
Yarışlar zamanı əməliyyatlara hazırlıq sınaqdan keçiriləcək.
Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri 6 saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq. Buna səbəb iyunun 12-də start götürəcək Avropa Oyunları üçün "Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.
Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etmək xahiş olunur:
- Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə;
- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri.