20 kq çəkidə sərbəst güləş üzrə Avropa və Dünya çempionu Taha Akgül "Bakı 2015”-in elçisi seçilib. Bu barədə mətbuata Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq mətbuata danışarkən bildirib. S.Kleq bildirib ki, T.Akgülü Bakı 2015-də görməkdən məmnundur:
"Biz, Taha Akgülü "Bakı 2015”-in beynəlxalq İdman Elçisi kimi salamlamaqdan məmnunuq. Birinci Avropa Oyunlarında onun kimi bacarıqlı və təcrübəli idmançıların iştirakı, iyun ayında necə mötəbər tədbirin şahidi olacağımızın mükəmməl sübutudur”.
BAOK rəsmisi Tahanın bu günə qədər elə də uzun olmayan karyerası ərzində qazandığı müvəffəqiyyətlər, onun idmana verdiyi töhfəsini əks etdirdiyini söyləyib: "Təmsil etdiyi idman növü üzrə Birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün yarışacağı günü səbirsizliklə gözləyirik”.
"Bakı 2015”-in İdman Elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək, Avropa Oyunlarının təbliği üçün qitədə və sosial mediada aparılan marketinq kampaniyalarına qoşulacaqlar.
Atası və qardaşı da güləşçi olmuş Taha Akgül isə öz növbəsində bu oyunlarda idman elçisi olduğu üçün həyəcanlı olduğunu gizlətməyib: "Bir ay boyunca Bakıda mübarizə aparacağım günü səbirsizliklə gözləyirəm. "Bakı 2015”-də ölkəmi təmsil etmək mənim üçün şərəfdir və mən, mübarizə apardığım kateqoriya üzrə Birinci Avropa Oyunlarının çempionu olmaq üçün bütün gücümü səfərbər edəcəyəm”.
Türkiyə Olimpiya Komitəsinin prezidenti professor Uğur Erdener isə bunları bildirib: "Taha çox uğurlu idmançıdır və onu "Bakı 2015”-in Elçisi kimi görməkdən məmnunam. Avropanın hər bir yerində "Bakı 2015” Avropa Oyunlarını və güləşi təbliğ edərək mükəmməl iş görəcəyinə şübhə etmirəm”.
Taha Akgül, alman stolüstü tennisçi Dmitri Ovtçarov, yunan qılıncoynadan Vasiliki Vuguka, irland boksçu Keti Teylor, Böyük Britaniyanın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın Duşan Domoviç Bulut, Marko Savic, Marko Zdero və Dejan Majstoroviçdən ibarət 3x3 basketbol komandası, polşalı dağ velosipedçisi Maya Vloşçovska, italiyalı qılıncoynadan Nikolo Kampriani və Rusiyanın çimərlik futbolu idmançıları Andrey Buxlitski, İlya Leonov və Anton Şkarindən sonra, "Bakı 2015”-in növbəti beynəlxalq İdman Elçisi oldu.
Vüqar Şahinoğlu